Bu ən gözəl İsim və Sifətlərin Allaha aid olduğuna kəsinliklə inanmaq deməkdir. O, bütün kamil sifətlərə malik və bütün əskik sifətlərdən münəzzəhdir.Əhli Sünnə vəl Cəmaat Rəbblərini Quran və Sünnədə gəlmiş sifətlərlə bilib və tanıyır. «Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin». (əl-Əraf 180).

O, kainatı yaratmazdan əvvəl nə olduğunu bildiyi kimi, hal-hazırda da hər bir şeyi bilməkdədir. Yaratdıqlarından heç bir şey ondan gizli qalmaz. «(Rəbbin) onların keçmişini də, gələcəyini də bilir. (Ta Ha 110).

Qurandan və Sünnədən bizə Allahın 99 İsim və Sifətləri məlumdur. Rəsulullah – səllAllahu aleyhi və səlləm – buyurur: «Allahın doxsan doqquz – yüzdən biri əskik adı var. Kim onları sadalasa Cənnətə girər.

Qurani – Kərimdən buna dəlillər isə: «Şübhə yox ki, Allah çox Uca (ALİ) və çox böyükdür (KƏBİRDİR)». (ən-Nisa 34). «Şübhə yox ki, Allah (hər şeyi) eşidən (SƏMİ) və görəndir (BƏŞİRDİR)». (ən-Nisa 58). «Şübhə yox ki, Allah yenilməz qüvvət (AZİZ) və hikmət sahibidir (HAKİMDİR)». (ən-Nisa 56). «Şübhəsiz ki, Allah bağışlayan (ĞAFUR) və rəhmlidir (RAHİMDİR)». (ən-Nisa 23). «Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir (RAQİBDİR)». (ən-Nisa 1). «Haqq-hesab çəkməyə (HASİB) olaraq Allah kifayət edər». (ən-Nisa 6). «Allah (möminlərə) lütfkardır (LƏTİF) və (bəndələrinin bütün əməllərindən) xəbərdardır (XABİRDİR)». (əl-Əhzab 34). «Şübhəsiz ki, Allah hər şeyi hifz edəndir (HAFİZDİR)». (Hud 57). «Şübhəsiz ki, Allah təriflənib şükr olunmağa (HƏMİD) və öyülüb, mədh edilməyə layiqdir (MƏCİDDİR)». (Hud 73). «Şübhəsiz ki, Allah çox yaxındır (QƏRİB) və duaları qəbul edəndir (MUCİBDİR)». (Hud 61). «Allah ehtiyacsız (ĞANİ) və həlimdir (HƏLİMDİR)». (əl-Bəqərə 263). «Məgər Rəbbinin hər şeyə (ŞAHİD) olması kifayət deyilmi.» (Fussilət 53). «Allah (öz elmi ilə) hər şeyi ehtiva edəndir (MUHİTDİR)». (Fussilət 54). O, özündən başqa heç bir ilah olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, RAHMƏNDİR, RƏHİMDİR. O, özündən başqa heç bir ilah olmayan MƏLİKDİR (mütləq sahibdir), QUDDUSDUR (nöqsanlıqdan münəzzəhdir), SƏLAMDİR (zat və sifətlərində, fellərində hər cür qüsur və əskiklikdən uzaqdır), MUMİNDİR (öz bəndələrini şərdən qoruyan, əmin edəndir), MUNEYMİNDİR (hamilik edən, qoruyandır), ƏZİZDİR (hər şey hökmünə məhkum olan, güclü, qüvvətlidir), CƏBBARDIR (hökmünə məcbur edəndir), MUTƏKƏBBİRDİR (təkəbbürlük haqqına tək sahib olandır). Allah müşriklərin ona qoşduğu bütlərdən uzaqdır. O Allahdır ki, XALİQDİR (hər şeyi yaradandır), BƏRİDİR (yoxdan var edəndir), MUSAVVİRDİR (yaratdıqlarına istədiyi kimi surət verəndir), O, ƏZİZDİR, HƏLİMDİR (yenilməz qüvvət və hikmət sahibidir)». (əl-Həşr 22-24). və s. ayələri dəlil göstərmək olar.

Allahın İsim və Sifətləri ağılla başa düşülməz. Zənlər, düşüncələr, təsəvvürlər onu başa düşüb dərk edə bilməz. O, da yaratdıqlarına nə zatında, nə əməlində, nə də isim və sifətlərində bənzəməz. Kimsə deyə bilər ki, bu sifətlərə biz də məxsusuq. Amma xeyir! İnsan görmə, eşitmə sifətlərinə malikdir. Lakin onun görməsi, eşitməsi Allahın görməsi, eşitməsi kimi deyildir. Çünki insan müəyyən bir həddə qədər görüb eşidə bilər, lakin Allah – subhanəhu və təala – üçün belə bir hədd yoxdur. Hətta elə bir hallar olur ki, ana öz oğlunu bağışlamır. Lakin Allah öz qullarına qarşı o, qədər rəhmli və mərhəmətlidir ki, onların bu qədər günah etmələrini bağışlayır.

İmam əbu Hənifə – rəhmətullahi aleyhi – bu haqda deyir ki, Onun sifətləri yaratdıqlarının sifətləri kimi deyildir. Onun bilməsi bizim bilməyimiz kimi deyil. Qüdrəti var, lakin bizim qüdrətimiz kimi deyil. Görür, lakin duyması bizimkinə bənzəməz. Danışır, lakin danışması bizimki kimi deyildir.

Çünki onun misli yoxdur. «De ki, Allah birdir. Allah möhtac deyildir. O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı bərabəri, bənzəri də yoxdur». (əl-İxlas 1-4).

İsim və Sifətlərin Tövhidi əqidə məsələlərində ən çətin və təhlükəli mövzulardan biridir. Hətta bir çox alimlər bu mövzuda xətalar etmişlər.

Əhli Sünnə vəl Cəmaatın bu mövzu ilə mövqeyi belədir.

1) Nə ki, Quran və Sünnədə isbat olunub, biz də onu isbat edib, qəbul edirik. Məs: Allah görür, eşidir və s. «Şübhə yox ki, Allah (hər şeyi) eşidən (SƏMİ) və görəndir (BƏSİRDİR)». (ən-Nisa 58).

2) Nə ki, Quran və Sünnə ilə inkar edilir, biz də onu inkar edirik. Məs: Xristianlar deyirlər ki, Allah göyləri və yeri altı gündə xəlq etdi və bazar günü isə dincəldi. «O, nə mürgü (HƏYYDİR), nə də yuxu bilər (QAYYUMDUR)». (əl-Bəqərə 255). «And olsun ki, biz göyləri, yeri və onlar arasında olanları altı gündə yaratdıq və bizə heç bir yorğunluq da üz vermədi». (Qaf 38). Yəhudilər dedilər ki, Allah xəsisdir. «Xeyr, Allahın əlləri açıqdır. İstədiyi kimi lütf və ehsan edər». (əl-Maidə 64).

3) Nə ki, Quran və Sünnədə varid olmayıb, sabitliyi və inkarı. Məs: Allah buyurur ki, danışır. Bu sabitdir. Lakin biz desək ki, Allah danışır, deməli dodağı, dili və s. var. Bu düz deyil. Çünki bu haqda bizdə heç bir dəlil yoxdur. Bununla bərabər biz onu da inkar etmirik. Yenə də dəlilimiz yoxdur.

Müsəlman bacı və qardaşlarım! Bu mövzu təhlükəli və çətin olduğuna görə, bəzi azmış və hədlərini aşmış firqələr kimi Allahın ad və sifətlərini dəyişməmək, onları heç nəyə bənzətməmək, keyfiyyətini öyrənməyə çalışmamaqdan ötrü alimlər bəzi qaydalar müəyyənləşdiriblər. Bu qaydaları hər bir müsəlmanın bilməsi vacibdir.

1. TƏHRİF – bir sözü başqa sözlə əvəz etmək, dəyişdirmək deməkdir. Ayə və ya hədisi həm məna, həm də ləfzi etibarı ilə dəyişdirmək deməkdir. Məs: 1) Məna etibarı ilə təhrifə dəlil – Allah Qurani – Kərimdə buyurur: «Rahmən ərşin üzərinə yüksəldi». (Ta ha 5). Burada olan İSTİVA – ucalmaq sözünə, LƏ – şəkilçisi artıqmaqla İSTƏVLƏ hökmü altına aldı sözü ilə əvəz edirlər. Bu azmış firqələr özləri də bilmədən Yəhudilərin etdiklərini edirlər. Allah Yəhudilərə kəndin qapsından Allaha səcdə edən halda HİTTƏ – sözünü, HİNTƏ – «buğda» sözü ilə əvəz etdilər. (əl-Bəqərə 58-59). Allahın ƏL – sifətini qüdrət, nemət kimi təhrif etmək. 2) Ləfzi etibarı ilə təhrifə dəlil – Allah Qurani – Kərimdə buyurur: «Allah Musa ilə sözlə danışdı». (ən-Nisa 164) – ci ayəsini oxuduqda: «Musa Allah ilə sözlə danışdı» deyə təhrif edirlər.

2. TƏTİL – Allahın sifətlərini təmamilə inkar etmək və ya bəzilərini qəbul edib, bəzilərini inkar etmək.

3. TƏMSİL – Allahın sifətlərini məxluqatın sifətləri kimi olduğunu qeyd etmək. Buna həmçinin TƏŞBİH – də deyilir. Bənzətmək. «Onun bənzəri heç bir şey yoxdur». (əş-Şura 11). Bu ayə bu cür düşünənlərin fikirlərini alt-üst edir.

4. TƏKYİF – Allahın sifətlərinin mahiyyəti, keyfiyyəti haqqında fikir yürütmək. Sifətlərin necəliyi haqqında suallar vermək. Allahın sifətlərini bilmək lazımdır, lakin keyfiyyəti haqqında fikir yürütmək olmaz. «Sənə Quranı nazil edən odur. Onun bir hissəsi quranın əslini, əsasını təşkil edən möhkəm, digər qismini isə mütəşabih (mənaca bir-birinə oxşar, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədi ilə mütəşabih ayələrə uyarlar. Halbuki onların həqiqi izahını Allahdan başqa heç kəs bilməz». Elmdə qüvvətli olanlar isə: «Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir» deyərlər. «Bunları ancaq ağıllı adamlar dərk edər». (Ali İmran 7). Valid b. Müslim deyir ki, əl-Əvzai, Sufyan b. Uyeynə, Məlik b. Ənəs – rahmətullahi aleyhi – dən İsim və Sifətlər haqqında olan hədislər barəsində soruşdum. Cavabları: «Bunları gəldikləri kimi alın, onlarla əlaqəli keyfiyyət düşünməyin». İmam Zuhri – rahmətullahi aleyhi – deyir: «Risalə göndərmək Allahdan, təbliğ etmək Rəsullardan, bizə düşən isə təslimiyyət göstərməkdir». Əbu Hənifə – rahmətullahi aleyhi – deyir: «Kim qulları tanıyan kimi Allahı tanıyarsa kafir olar». İbn əl-Cövzi – rəhmatullahi aleyhi – İmam Əhməd – rahmatullahi aleyhi- in Musaddəd əl-Bəsriyyəyə yazdığı məktubu belə xatırlayır: «Allahı onun özünü vəsf etdiyi kimi vəsf edirik, Allahın özü haqqında nəfy etdiyini siz də nəfy edin».

Hazırlayan: Kamal Hüseyn

Bənzər Məqalələr

featured-image-631

Bu ən gözəl İsim və Sifətlərin Allaha aid olduğuna kəsinliklə inanmaq deməkdir. O, bütün kamil sifətlərə malik və bütün əskik sifətlərdən münəzzəhdir.Əhli Sünnə vəl Cəmaat Rəbblərini Quran və Sünnədə gəlmiş sifətlərlə bilib və tanıyır. «Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin». (əl-Əraf 180). (daha&helliip;)

Bənzər Məqalələr