featured-image-801

Altıncı əsas: Qəza və Qədərə iman:
Qədər — Allahın, bütün kainatın taleyini, əzəli elmi, hikməti ilə yazmasıdır. Qəza isə Allahın yazdığı bu hökmün Qədərdə olduğu kimi baş verməsidir.
Qədərə iman dörd məsələni əhatə edir:
Birinci: Allahın hər şeyi, həm Öz əməllərini həm də bəndələrinin əməllərini əzəldən, mücməl və müfəssəl şəkildə hər zaman bilməsinə iman gətirmək:
Ikinci: Allahın qəza və qədəri Lövhi Məhfuzda yazmasına iman gətirmək: Bu iki məsələ haqda Allah taala buyurur:

“(Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa (hamısını) bilir? Həqiqətən, bu, (lövhi-məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu (bütün bunları bilmək) Allah üçün asandır!” (əl-Həcc: 70).
Müslimin səhih kitabında Abdullah Ibn Amr Ibn əl-Asdan (r.a) belə rəvayət edilir:
“Allah göyləri və yeri yaratmadan əlli min il öncə məxluqatın qədərini yazmışdır”(Müslim: 4\ ? 2653 )
Üçüncü: Allahın və ya Onun bəndələrinin hərəkətlərinin yalnız Allahın istəyi ilə olduğuna iman gətirmək: Allah taala Öz hərəkətləri, əməlləri haqda buyurur:
“Rəbbin istədiyini yaradar və istədiyini də seçər.” (əl-Qəsəs: 68).
Bəndələrinin hərəkətləri haqqında isə buyurur:
“Əgər Allah istəsəydi, onları sizin üstünüzə qaldırardı və onlar da sizinlə vuruşardılar…” (ən-Nisa: 90).
Həmçinin digər ayədə buyurur:
“Əgər Allah istəsəydi, bunu etməzdilər. (Ya Rəsulum!) Onları da, uydurduqları yalanları da başlı-başına burax!” (əl-Ənam: 137).
Dördüncü: Bütün baş verənlərə öz vəsfi, hərəkəti və mahiyyətinə görə Allahın yaratdıqları olduğuna iman gətirmək. Allah taala buyurur:
“Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir!” (əz-Zümər: 62).
Digər ayədə Allah taala buyurur:
“O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir.” (əl-Furqan: 2).
Qədərə deyilən formada iman gətirmək bəndənin öz ixtiyarı ilə etdiyi əməllərində istəyi və gücünün olmasına zidd deyildir. Çünki həm şəriət həm də reallıq bunu sübut edir.
Bunu isbat edən şəriət dəlillərindən. Məsələn, Allah taala əməlləri bəndələrə nisbət edərək buyurur:
“Allaha və Peyğəmbərə itaət edənlər …” (ən-Nisa: 69).
“Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər.” (ən-Nisa: 110). Və s. belə dəlillər çoxdur.
Reallıqdan olan dəlillər isə bunlardır: Hər bir insan özünün istəyi, gücü olduğunu bilir və onlarla bir işi görür və ya tərk edir. O, öz istəyi ilə olanları: gəzmək və s. həmçinin öz istəyi ilə olmayanları: əsmə, titrəmə və s. — də bilir. Lakin bəndənin istəyi və hərəkəti Allah taalanın istəyi və qüdrəti ilə həyata keçirilir. Çünki Allah taala buyurur:
“Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün. (Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz!” (ət-Təkvir: 28-29).
Bütün kainat Allah taalanın mülkü olduğu üçün Onun mülkündə Onun istəyi və xəbəri olmadan heç nə ola bilməz.
Qəza və qədər haqda qısa məlumatdan sonra bu əsasa aid imanın gözəlliklərindən bəzilərini sadalamaq olar:
1. Qədər, insanın yalnız Allaha arxalandığı zaman səmərə verir. Çünki insana fayda və ya zərər verən Odur. Allahdan qeyrisi insana, Allahın onun qədərinə yazdığından başqa bir şeyi fayda və ya zərər olaraq verə bilməz. Ağıllı insan, ona həm dünya, həm də axirətdə fayda verən və zərərini dəf etmək iqtidarında olanı tərk edib, ona fayda və zərər verə bilməyənə ibadət etməz. Peyğəmbər (sav) İbn Abbasa (r.a) nəsihət edərkən buyurur:

“Bil ki, əgər bütün ümmət toplanıb sənə bir fayda vermək istəsələr, onlar Allahın sənin qədərinə yazdığından başqa bir fayda verə bilməzlər. Əksinə, əgər bütün insanlar toplanıb sənə zərər vermək istəsələr, onlar Allahın sənin qədərinə yazdığından başqa bir zərər verə bilməzlər. Artıq qələm qaldırılmış və səhifələr qurumuşdur”(Tirmizi: 4 \ 576\ ? 2516. Əhməd: 1\ 293. Hədis səhihdir.)
2. Qədərə iman, muradına yetişən müsəlmanın özünü öyməsinin qarşısını alır. Çünki o, Allah taalanın təqdiri və lütfü ilə muradına çatmışdır. İnsanın özünü öyməsi, ona həqiqi nemət verənə: Allaha, – şükür etməsini unutdurur.
3. Başına gələn təqdir edilmiş işlərə görə nəfsi rahatlıq və arxayınlıq əldə edən insan istədiyini itirdikdə və ya xoşlamadığı iş baş verdikdə təlaşa düşməz. Çünki o bunun, yer və göyün sahibi olan Allahın təqdiri ilə baş verdiyini və onun qaçılmaz olduğunu başa düşür. Bu haqda Allah taala belə buyurur:
“Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!” (əl-Hədid: 22-23).
Digər ayədə isə Allah taala buyurur:
“Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər. (O, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər). Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir!” (ət-Təğabun: 11).
Alimlərdən biri deyir: Ayədə deyilən kimsə, başına müsibət gəldikdə onun Allah taala tərəfindən olduğunu bilib onunla razılaşan adamdır. İbn Abbas (r.a) ayədəki: “(Allah) onun qəlbini haqqa doğru yönəldər” — sözünün mənası haqda deyir:
“Onun qəlbini yəqinliyə yönəldər. Bununla o, başına gələnin mütləq ona yetişəcəyini, başına gəlməyəcək bir işin ona yetişməyəcəyini bilər”(Təbərinin təfsir kitabı: 12\ 115-116.)
Peyğəmbər (sav) buyurur:
“Möminin həyatı necə də qəribədir! Onun bütün işləri xeyirdir. Bu yalnız möminlərə məxsusdur. Sevinərkən Allah taalaya şükür edər və bu onun üçün xeyir olar. Başına zərərli bir iş gələrsə səbr edər və bu da onun üçün xeyirli olar”(Müslim: 2\ 2295\ ? 2999.)
Qədərə iman gətirməyən kimsə təkəbbürlü olar. Allahın ona verdiyi var-dövlətin, şan-şöhrətin və sairənin öz elmi və zəhməti ilə qazandığını iddia edər. Ona verilən nemətlərə hansınasa müsibət toxunduqda təlaşa düşər və həyatını vəl-vələ içərisində keçirər. Baş verən müsibətə görə səbirsizlik etdiyindən və peşmançılıq çəkdiyindən bu, özünə qəsd (intihar) etmək dərəcəsinə gəlib çata bilər. Bu gün biz bunun şahidiyik. Xüsusən də maddi durumları ən yüksək məqama yetişən ölkələrdə belə hallar daha çox müşahidə olunur.
Qədərə iman gətirmək, qüvvəsini və vaxtını sərf etməklə faydalı işlərə bağlanmağa kömək edir. İnsanın tənbəlliyini aradan qaldırır, həmçinin insanı təkəbbürlükdən uzaqlaşdırır. Quran, Sünnə və müsəlmanların həyatı göstərir ki, müsəlmanlar öz dinlərinə çox bağlandıqda qədərə bəslədikləri iman onları ciddi işlər görməyə həvəsləndirir, tənbəllik və acizlikdən uzaqlaşdırır. Şər işləri görərək, yaxud yaxşını tərk edərək qədəri bəhanə gətirmək müşriklərin adətlərindəndir. Allah taala müşriklərin bu əməlləri haqda buyurur:
“Müşriklər belə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər…” (əl-Ənam: 148).
Mömin isə özünə fayda verən işə həris olar və acizlik göstərməz. İstədiyinə nail olmaq üçün səbəblərdən istifadə etməklə Allah taalaya ümid bəsləyər. Amma qədəri bəhanə gətirməklə işi tərk etməz.
Gücünü sərf etdikdən sonra istədiyinə nail olmasa onda Allaha və Onun qədərinə ümid bağlayar. Allahın ona yazdığı istəyi ilə razılaşaraq belə deyər: Allahın qədəridir və Allah istədiyini etdi (Qədərallahu və mə şaə fəələ).
Möminin bu hərəkəti Peyğəmbərin buyurduğuna uyğundur:
“Allah yanında, güclü mömin zəif mömindən daha xeyirli və daha sevimlidir. Lakin hər ikisində də xeyir vardır. Sənə fayda verən işə həris ol. Allahdan kömək dilə və acizlik etmə. Başına bir iş gəldikdə: əgər belə etsəydim belə olardı – demə. “Allahın qədəridir və Allah istədiyini etdi” de. Çünki, “Əgər” demək şeytanın qapısını açır”(Müslim: 4\ 2052\ ? 2664.)
4. Mömin Allaha və Onun qəza-qədərinə iman gətirməklə qürur duyur. O, Allahdan başqa heç kəsin qarşısında əyilməz. Çünki ona fayda və ya zərər verə biləcək yalnız Allahdır. Bütün mülk onun əlindədir və Onun əmri olmadan heç nə baş verməz. Allah taala buyurur:
“Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur…” (əl-Əraf: 54).
Yaradılanlar və əmrlər Onundur. Ondan başqa heç kəsin bunlarda bir payı yoxdur.
5. Müttəqiləri xoş aqibətin gözlədiyinə əmin olmaq. Allaha və Onun qədərinə iman gətirən möminin qəlbi buna tam inanır. O, qələbənin səbirlə olduğuna və çətinlikdən sonra rahatlığın mütləq gələcəyinə inanır. Həmişə çətinliyin olması qeyri mümkündür. Olan müsibətlər parça-parça olub dağılan buludlara, qaranlığı itən gecəyə bənzəyir. Haqq bir gün mütləq zühur edəcəkdir. Mömin bütün bunlara inanır. Ona görə də ümidsizlik qadağan edilmişdir. Allah taala buyurur:
“Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzərlər!”” (Yusuf: 87).
“Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin” (ət-Talaq: 1).
“Allah (lövhi-məhfuzda): “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” — deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!” (əl-Mucadələ: 21).
6. Bəndə qədərə iman bəsləməklə, ona verilən ağılla xeyri şərdən ayırd etdiyini, xeyirli və ziyanlı işləri: doğrunu, yalanı, ədaləti, zülmü və s. – dərk edir. Həmçinin özünün istədiyi işi seçməkdə və onu icra etməkdə ixtiyar sahibi olduğunu da anlayır. Bununla yanaşı Allah taala bəndənin etdiyi əməllərinə görə onu məsuliyyətə cəlb etmiş, Öz mərhəmətindən peyğəmbərlərini göndərmiş, kitablarını nazil etmiş, ona xeyir və zərər verən hər bir şeyi açıqlamışdır. Sonra ona əmrlər buyurmuş və qadağalar qoymuşdur. Ondan kömək istəyənə kömək edəcəyini vəd etmişdir. Sonra insana istədiyini etmək üçün səbəblərdən götürməyi əmr etmişdir. Ona görə səbəbləri tərk edərək qədərə arxalanmaq olmaz.
7. Allah taala möminin qədərinə yazdığı və insanın ixtiyarında olmayan müsibətlərlə razılaşmasını ona buyurmuşdur. Lakin Allah taalaya olan ibadəti tərk etmək və günah işlətməklə razılaşmaq olmaz. Əksinə bəndə var gücü ilə ibadət etməli və günahlardan çəkinməlidir. Vacib ibadəti tərk etdikdə, yaxud günah işlətdikdə mütləq Allaha tövbə etməlidir. Tövbənin şərtlərindən biri isə etdiyi əmələ razı deyil, peşman olmaqdır.
8. Qəlblərdə olan xəstəliklərin: həsəd, paxıllıq, nifrət və s. — təmizlənməsi. Həqiqətən qədərə iman gətirən mömin, Allahın yeganə qüvvət sahibi və ruzi verən olduğunu bilir. Ona görə filankəsə ruzi verən, başqasını isə məhrum edən Odur. Əgər insan buna etiraz etsə, bilavasitə Allaha qəza və qədər məsələ¬lərində etiraz etmiş olur.
9. Haqqı açıq-aşkar söyləmək və bu zaman cəsarətli olmaq. Heç bir kafir və ya müşrikdən qorxmamaq. Buna səbəb isə, Allaha və Onun qəza-qədərinə imanın qəlbə hakim edilməsi, Allaha tam arxayın olmaq, təvəkkül etmək və Onun yolunda başına gələn müsibətlərə səbr etməkdir. Çünki o, əcəlin və ruzinin Allahın əlində olmasına, bəndələrin isə Onun qarşısında acizliyinə inanır.
10. Qədərə iman insanı şücaətli olmağa təşviq edir. Çünki o, əcəlinin əvvəlcədən yazıldığına inanır. Ömür isə Allahın əlindədir və yalnız Onun yazdığı baş verəcəkdir. Beləliklə, insan hərtərəfli mühafizə edilir və Allahın onun qədərinə yazmadığı bir şey ona nə zərər, nə də xeyir verə bilməz. Belə olduqda, insan tam cəsarət və həvəslə Allah yoluna dəvət edir başlayır və ən yüksək işlərə asanlıqla nail olur. Çünki o, yalnız qədərdə olanların başına gələcəyinə inanır.

Hazırlayan:
R.Muradlı
www.islamevi.az

Bənzər Məqalələr