featured-image-3474

İndiki dövrdə uşaqları tərbiyə etmək çox çətindir. Bu insandan böyük səbr və bacarıq tələb edir. Lakin bilməliyik ki, övladın tərbiyəsində əxlaq, yumşaqlıq, mehribanlıq mühüm rol oynayır. Siz övladınıza əlinizi və səsinizi qaldırmamalısınız.

Təbii, bəzən uşaqlarla çox ciddi davranmaq lazımdır. Amma bu ciddilik də həddini aşmamalıdır. Əgər ifrata varsanız uşaq inadkar olar və sizə tabe olmaz.

Allahdan dua edirik, övladlarımızın qayğı və müdafiəsində yardımçımız olsun. Çünki hər bir valideynin üzərində çox böyük məsuliyyət dayanır. Necə ki, Allahu təalə Qurani-Kərimdə buyurur:

Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır. [1]

Hər bir valideyn öz ailəsinin rəhbəridir.Və buna görə böyük məsuliyyət daşıyır.Əgər siz bu məsuliyyətə etinasız yanaşsanız, övladınızın tərbiyəsi də qüsurlu olacaqdır.

Sizə birinci tövsiyyəm, uşağınızı onun anlayacağı bir tərzdə öyrədin.Məsələn, Allahu təalə haqqında danışarkən, əlinizlə səmanı göstərin.Övladınız yemək yeyərkən sağ əli ilə yeməsini tələb edin.

Və beləcə övladınızı ilk çağlarından belə məsələlərə alışdırın. Peyğəmbərimiz ﷺ buyurur:

– Hər bir doğulan uşaq fitrət üzrə doğulur. Bundan sonra ana və atası (yəhudi isə) onu yəhudi, (xristian isə) onu Xristian, (məcusi isə) onu məcusi edirlər.

Bundan sonra Əbu Hureyra (radıyAllahu anhu) dedi: İstəsəniz bu ayəni oxuyun:

Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara — xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir[2]. [3]

Artıq övladınız dil açıb, danışmağa başlayıbsa ona yemək yeyərkən ilk öncə “Bismilləh” deməsini və ona yaxın olan yerdən yeməsini öyrədin. Tədricən bu adət halını alacaqdır.
O zaman ki, övladınızın müəyyən məsələləri anlaya bildiyinə əmin oldunuzsa, ona ilk olaraq İslam dinin sütunlarından bəhs edin. Bu barədə Allahın (subhənəhu və təalə) nazil etdiyi ayələrdən və Peyğəmbərimizin ﷺ səhih hədislərindən istifadə edin.

Artıq övladınız yeddi yaşına çatdısa ona namaz qılmağı öyrədin. Çünki Abdullah ibn Amr ibn əl-As (radıyAllahu anhu) rəvayət edir ki, Rasulullah ﷺ buyurur:

– Yeddi yaşına vardıqda uşaqlarınıza namaz öyrədin və on yaşına varıb namaz qılmadıqda onları yüngülcə vurun. [4]

Uşaqlarınıza əsas anladacağınız kəlmə isə tövhid kəlməsi olmalıdır. Rasulullah (sas) buyurur:

-Övladlarınıza ilk öyrədəcəyiniz kəlmə “Lə iləhə illəllah” kəlməsi olsun.

Yəni ən böyük önəmi əqidə məsələsinə yönəldin. Bu barədə Peyğəmbərimizin ﷺ çox gözəl hədisləri mövcuddur. Necə ki, Rasulullah ﷺ İbn Abbasa (radıyAllahu anhu) nəsihət edərək buyurur:

– Dilədiyini Allahdan dilə, yardım istədikdə Allahdan istə, unutma ki, əgər millət sənə xeyir, fayda vermək üçün bir araya gəlsə, Allahın sənin üçün yazdığından başqa sənə heç bir fayda verə bilməz və ya sənə zərər vermək üçün bir araya gəlsə, yenə də Allahın sənin üçün yazdığından başqa sənə heç bir zərər verə bilməz.
Qələmlər qaldırılmış, səhifələr qurudulmuşdur. [5]

Loğmanın (aleyhissəlam) oğluna etdiyi nəsihəti siz də övladınıza edin.

– Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! (Allaha) şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür! Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm. (Loğman dedi:) “Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır. Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbr et. Həqiqətən, bu, əzm (tələb edən) əməllərdəndir. İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. Yerişində həddi gözlə, (danışanda) səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir. [6]

Övladınıza məclisin ədəblərini öyrədin. Əgər qonaq gedərsə və ya hər hansısa bir məclisə daxil olarsa ilk öncə icazə istəsin. Və əgər üç dəfə izn istədikdən sonra icazə verilməzsə geri qayıtsın. Bunlar mühüm məsələlərdir, bacılar.

Həmçinin, övladınızı qadağan və haram olan şeylər haqqında da məlumatlandırın, onları öyrədin. Bu haramlardan necə qorunmaq yollarını izah edin. Necə ki, səhabələrdən biri buyurur:

– Hər kəs Peyğəmbərdən ﷺ nicata aparan əməllər barədə soruşarkən mən ancaq zəlalətə aparan əməllər barədə soruşurdum ki, hətta zəlalətə düşməyim.

Gün ərzində övladınıza ayə və hədislər oxuyub, onları izah edin. Mənalarını aşılayın. Nazil olma səbəblərini bildirin. Bununla da uşaqlarınızda dinə böyük həvəs yaradın.

Tədricən Qurani-Kərimi onlara əzbərlədin. Quranı yadda saxlamaq narahatlıq doğuran bir məsələdir. Amma uşaqların hafizəsi daha güclü olur. Onun üçün gün ərzində müəyyən qədər ayələri oxuyub öyrənsinlər və əməl etmədikcə digər ayələrə keçməsinlər.

Rasulullah ﷺ buyurur:
– Sizdən ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir! [7]

Ən mühüm məsələlərdən biri də övladınızın böyüdüyü mühitdir. Bu mühit nə qədər sağlam olarsa övladınızın əqidə və əxlaqı da bir o qədər sağlam olar. Belə ki, övladlarınızı əxlaqsız və səfeh uşaqlardan uzaq edin. Onlarla ilə bir yerdə oynamağı qadağan edin. Çünki uşaq gördüyü bir hərəkəti mənasına varmadan dərhal götürür və təkrarlayır.

Uşaq qəlbi ağ vərəqə bənzəyir. Siz istədiyinizi o vərəqdə həkk edə bilərsiniz. Övladınızı dünyəvi sevgilərdən uzaq edin. Təbii birdəfələik məhrum etmək də düzgün deyildir. Çünki o əhatəsində olanlara baxır. Və onlardan seçilmək istəmir. Amma əxlaq ilə, mülayim rəftar ilə pis və xoşagəlməz xarakteri övladınızdan uzaq edin. Təbii o da böyüdükcə bunları daha dərindən anlayacaqdır.

Və gecələr uşaqlarınızı çölə buraxmayın. Çünki bu vaxt Şeytanın azdırma vaxtlarındandır. Necə ki, İbn Abbas (radıyAllahu anhu) rəvayət edir ki, Rasulullah ﷺ buyurur:

– Günəş batdığı zaman uşaqlarınızı bayıra çıxmağa qoymayın, bu saatda şeytanlar yayılır. [8]

Cabir ibn Abdullah (radıyAllahu anhu) rəvayət edir ki, Rasulullah ﷺ buyurur:
– Uşaqlarınızı axşamın ilk saatında bayıra buraxmayın, şeytan axşamın ilk vaxtı çıxıncayadək ordularını buraxır. [9]

Və hər bir valideyn çalışmalıdır ki, övladı əməli saleh olsun. Rasulullah ﷺ buyurur:

– Bir insan öldüyü zaman onun əməli kəsilir. Yalnız üç şey istisnadır:

• Müntəzəm olaraq davam edən sədəqə
• Fayda əldə edilən elm
• Onun üçün saleh övladının etdiyi dua. [10]

Yəni övladı etdiyi saleh əməllərdən valideyninə də savab yazılır.

Bu barədə kifayət qədər ayə və hədislər mövcuddur. Çalışın oxuyun, nəticə çıxarın və tətbiq edin. Məsələn, Nuh (aleyhissələm) ilə oğlunun söhbəti. Allah (subhənəhu və təalə) bu haqda buyurur:

– O dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” (Nuh) dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!” Sonda dalğa onları bir-birindən ayırdı və o, suda boğulanlardan oldu.[11]

Və ya İbrahim peyğəmbərin (aleyhissələm) hekayəsi. Allah (subhənəhu və təalə) bu haqda buyurur:

– (Atası )dedi: “Sən mənim tanrılarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər (buna) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!” [12]

Təbii ki, Allah (subhənəhu və təalə) sizi ən çox övladlarınızla sınağa çəkmişdir. Çalışmaq lazımdır ki, bu sınağın gerçək mənasını anlayaq və sınaqdan üzü ağ çıxaq. Şeytanın qurduğu bu tələyə düşməyək. Özümüzü bu fitnədən qoruyaq. Allah (subhənəhu və təalə) buyurur:

– Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır. Onlardan özünüzü qoruyun! Lakin onları əfv etsəniz, (günahlarından) keçsəniz və bağışlasanız, (bilin ki,) Allah Bağışlayandır, Rəhmlidir.[13]

– Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır. [14]

Uşaqlar adətən gördüyündən təsirlənirlər. Yəni siz öz aranızda və qohumlarınız arasında əxlaq və nəzakət ilə davransanız bu övladınızın tərbiyəsində mühüm rol oynayacaqdır.

Və dövrümüzün bəlalarından biri- evdə uşaq xəstələnərkən dərhal onu hansısa falçının yanına aparırlar. Təbii ki, bu küfrdür. İlk öncə Allaha təvəkkül etmək və Ondan kömək diləmək lazımdır. Çünki bəndələrinə şəfa verən Odur.

Övladlarınızın əxlaqına təsir edən vasitələrdən biri də televizordur. Bəzi valideynlər imkan yaradıblar ki, küfr televizor vasitəsi ilə evə daxil olsun. Təbii, indiki dövrdə ondan çox ehtiyatla istifadə etməliyik. Hətta özünüz və övladlarınız Cəhənnəmə sürüklənməsin deyə. Çünki hamı çox gözəl bilir ki, göstərilən əksər verilişlərin rəhbərləri İslam düşmənləridir. Allah (subhənəhu və təalə) bizi bu cür fitnə əhlindən qorusun.

Əlbəttə ki, övladınızın gözəl tərbiyəsi üçün hər gün Allaha (subhənəhu və təalə) dualar edin. Övladı sizə O bəxş etdi və onun əxlaqının gözəl olması da Onun izni ilədir.

– Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”.[15]

Son olaraq dua edirik ki, Allah (subhənəhu və təalə) bizə əməli saleh övladlar nəsib etsin. Amin

İstifadə etdiyim mənbələr.

[1]- Təhrim surəsi, 6
[2]- Rum surəsi, 30
[3]- Buxari 11/ 418, Muslim 18/ 52, Albani, İrva- 1220
[4]- Əbu Davud, 495, Albani, Səhih Əbi Davud-466
[5]- Tirmizi, 1516
[6]- Loğman surəsi, 13-19
[7]- Buxari, 5028
[8]- Təbərani
[9]- Muslim
[10]- Muslim, əl-Cəmius-Sahih, Kitəbul Vasıyyə, hədis 1631; Əbu Davud, əs-Sunən, Kitəbul-Vəsayə, hədis 2880; ət-Tirmizi, əs-Sunən, əl-Əhkəm, hədis 1376; ən-Nəsai, əs-Sunən, Kitəbul-Vəsayə, hədis 3561; İmam Əhməd, əl-Musnəd, Musnədul-Muksirinə minəs-Sahəbəti, hədis 8831; əd-Darimi, əs-Sunən, əl-Muqaddimə, hədis 559; İbn Hibbən, əs-Sahih, Kitəbul-Cənaiz, hədis 3016
[11]- Hud surəsi, 43
[12]- Məryəm surəsi, 46
[13]- Təğabun surəsi, 14
[14]- Munafiqun surəsi, 9
[15]- Ğafir surəsi, 60

Şeyx Muqbilin (rahiməhullah) qızı Şeyxa Ummu Abdullahın 'Qadınlara nəsihətim' kitabından…

______________________________
Tərcümə və əlavələr etdi: əz-Zubeyr

Bənzər Məqalələr

media-img_2834

Səhər — sübh namazından sonra, günəş doğana qədər; axşam — əsr namazından sonra günəş batana qədər olan müddətdir: (1)- ( الحَمْدُ للهِ وَحْدَهُ وَالصَّلاةُ وَالسَّلامُ عَلى مَنْ لاَ نَبِيَّ بَعْدَهُ […]
Daha ətraflı
media-img_2770

(( اللَّهُمَّ اجْعَلْ فيِ قَلْبِي نُورًا، وَفيِ لِسَانِي نُورًا، فيِ سَمْعِي نُورًا، فيِ بَصَرِي نُورًا، وَاجْعَلْ مِنْ خَلْفِي نُورًا، وَمِنْ أَمَامِي نُورًا، وَاجْعَلْ مِنْ فَوْقِي نُورًا، وَمِنْ تَحْتِي نُورًا، اللَّهُمَّ […]
Daha ətraflı