featured-image-3596

Abdulla ibn Amr (r/a) deyir ki, Peyğəmbər (s.a.v) belə demişdir: “Müsəlman, digər müsəlmanların onun dilindən və əlindən ziyan görmədikləri kimsədir. Mühacir isə Allahın qadağan etdiklərini tərk edən kimsədir.” Buxari və Müslim rəvayət etmişlər.(1) Tirmizi və Nəsai rəvayətə bunları da əlavə edərək demişlər: “Mömin, insanların öz canlarını və mallarını ona əmanət etdikləri kimsədir.” (2)
Beyhəqi isə başqa bir əlavə ilə belə demişdir: “Mücahid, öz nəfsini Allaha itaət etməklə çalışdıran kimsədir.”(3)

ŞƏRH

Hədisdə bu möhtəşəm kəlmələrin mükəmməlliyi qeyd olunur. Uca Allah və Onun Rəsulu dünya və axirət səadətini onların üzərində qurmuşlar. Bunlar, islam, iman, hicrət və cihad kəlmələridir. Sonra onların sərhədlərini dolğun və əhatəli bir kəlamla ifadə edərək buyurmuşdur:“Müsəlman, digər müsəlmanların onun dilindən və əlindən ziyan görmədikləri kimsədir.”
Belə ki, həqiqi İslam, Allaha təslim olmaq, Ona edilən ibadəti mükəmməlləşdirmək, Onun və müsəlmanların haqlarını layiqincə ödəməkdir. Özünə istədiyini digər müsəlmanlara da istəmədikcə, kimsənin İslamı tam sayılmaz. Bunun gerçəkləşməsi üçün onun dili və əli ilə yol verdiyi pisliklərdən müsəlmanlar salamat olmalıdırlar. Deyilən şərt, onun öhdəlik daşıdığı müsəlmanların haqlarının əsasıdır. Bəs elə isə dili və əli ilə müsəlmanlara ziyan vuran kimsə, müsəlman qardaşları qarşısında daşıdığı bu vacib haqqı nə dərəcə yerinə yetirmişdir?! Müsəlmanların onun söz və əməllərindəki pisliklərdən salamat olmaları, həmin insanın islamının kamilliyinə dəlalət edir.
Mömini isə, “Mömin, insanların öz canlarını və mallarını ona əmanət etdikləri kimsədir” — sözləri ilə vəsf etmişdir. Doğrudan da əgər iman qəlbdə dolaşarsa və ona dolarsa, həmin şəxsi iman haqlarını yerinə yetirməyə sövq edər. Bu haqlardan ən önəmli olanları aşağıdakılardır:
Əmanətlərin qorunması, davranışda sadiq olmaq, mal-dövlət və qan məsələlərində insanlara zülm etməkdən çəkinmək.
Əgər kim bu cür olarsa, insanlar onu bu xüsusiyyətinə görə tanıyar, öz canlarını və mallarını ona əmanət verər və ona etibar edərlər. Çünki onlar onun əmanəti necə qoruduğunu bilirlər. Şübhəsiz ki, əmanətin qorunması imanın ən önəmli vaciblərindən sayılır. Necə ki, Peyğəmbər (s.a.v) buyurmuşdur: ”Əmanəti qoruya bilməyənin imanı yoxdur.” (4)

Peyğəmbər (s.a.v) hər bir müsəlmana fərdi şəkildə vacib edilən hicrətin, günah və asilikləri tərk etməkdən ibarət olduğunu açıqlamışdır. Bu vacib əməl, heç bir halda həddi buluğa çatmış insanın boynundan düşmür. Axı uca Allah bəndələrinə haram işlərlə məşğul olmağı, asiliklər etməyi qadağan etmişdir. Küfr və bidət ölkəsindən İslam və Sünnə ölkəsinə köçmək kimi xüsusi növ hicrət, bu deyilən hicrətin bir hissəsidir. Xüsusi növ hicrət hər kəsə vacib deyil. Yalnız məlum şərtlər olarsa, vacib sayılar.Daha sonra Peyğəmbər (s.a.v) mücahid kəlməsini açıqlamış və onun, Allaha itaət etmək üçün öz nəfsi ilə mübarizə aparan kimsə olduğunu söyləmişdir. Belə ki, nəfs xeyirli işlər görmək istədikdə tənbəlliyə meyl edər. Nəfs pis işləri əmr edir, müsibətlər anında dərhal təsir altına düşür. Ona görə nəfsin Allahın itaətində qalması, bu işdə sabit olması, asiliklərdən qurtulması, nəfsini qorxutması və müsibətlərə qarşı dözüm göstərməsi üçün onun səbir və cihada ehtiyacı vardır. Əmrlərə itaət etmək, qadağalardan çəkinmək və başına gələnlərə səbir etmək kimi işlər itaətdir.
Həqiqi mücahid, yuxarıda sadalananlarla nəfsinə qarşı mübarizə aparandır. Bununla da o, öz üzərinə düşən vacibi və öhdəçiliyi yerinə yetirmiş olur.
Mübarizənin ən fəzilətli növü düşmənə qarşı döyüşmək, onlarla söz və əməl ilə cihad etməkdir. Allah yolunda edilən bu iş dinin ən ali məramıdır.
Hədisin dəlalət etdiyi mənaları həyata keçirən şəxs artıq bütün dinə əməl etmiş sayılır. Dili və əli ilə müsəlmanlara zərər vurmayan, onların mallarını və canlarını qorumaq etibarını qazanan, həmçinin Allahın qoyduğu qadağalardan çəkinən və Ona itaət etmək üçün nəfsi ilə cihad edən bir insanın etmədiyi dini, dünyəvi, aşkar və batini xeyirxah əməl qalmaz. Eyni zamanda elə bir pis iş də qalmaz ki, ondan əl çəkməsin.
Bizi işlərimizə müvəffəq edən tək Allahdır.

(1) Buxari: İman ? 10. Müslim: İman ? 40. Nəsai: İman ? 4996. Əbu Davud: Cihad ? 2481. Əhməd: 2/191. Darimi: Raqaiq ? 2716.
(2) Tirmizi: İman ? 2627. Nəsai: İman ? 4995. Əhməd: 2/379. Əlbani səhih olduğunu demişdir.
(3) Əhməd: 6/21. Əlbani “Səhih silsilə” (549) əsərində varid etmişdir.
(4)Əhməd: 3/135. Əlbani: Səhih əl-cəmi ? 13135.

——————-
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı