Peyğəmbərimiz (ona salam olsun) 35 yaşında ikən Məkkədə böyük bir sel hadisəsi baş vermiş və Kəbə bundan ciddi zərər görmüşdü. Bu səbəblə də Kəbənin təmiri mütləq idi. Həmin ərəfədə inşaat materialları ilə dolu bir yük gəmisinin, fırtına səbəbilə Məkkə yaxınlığındakı Şueybə körpüsünə doğru yönəlməsi və qayalara dəyərək parçalanması xəbərləri yayılmışdır. Qureyşlilər oraya gedərək həmin gəmidəki tikinti materiallarını satın aldılar və Kəbə binasını təmir etdilər. Çünki Kəbə evi, İslamdan öncə də müqəddəs hesab olunur və dağılması, böyük bir uğursuzluq hesab olunurdu.

 

Kəbə evinin təmirinə nəsib olan bu ləvazimatlar, Roma Sezarının (hökmdarının) Həbəşistanda tikilən bir kilsə üçün göndərdiyi taxta-şalbandan ibarət idi. Lakin bu təmirdə birlikdə iştirak edən Məkkəli qəbilələr, “Həcərul-Əsvad”-ın (Kəbədəki məşhur “Qara daş”-ın) yenidən öz yerinə qoyulması anında böyük bir fikir ayrılığına düşdülər. Hər qəbilə, bu şərəfli işin özlərinə aid olduğunu iddia edirdi. İş, qan tökmə dərəcəsinə gəlib çatdıqda, “qapıdan çıxan ilk insan aramızda hökm versin” deyərək, gələn insanı – hələ peyğəmbər olmayan gənc Məhəmmədi öz aralarında hakim təyin etdilər.

 

Bu təklifi bütün qəbilələr qəbul etdi. Çünki Peyğəmbərimiz həzrəti Məhəmməd (ona salam olsun), peyğəmbər olmadan öncə də çox doğru və əxlaqlı insan kimi məşhur idi.

 

Peyğəmbərimiz böyük bir hikmətlə, həll yolunu tapdı. Onlardan bir örtük gətirmələrini və Həcərul-Əsvadı bunun üzərinə qoyaraq, ixtilaf edən hər qəbilə üzvünün, (örtüyün) bir kənarından tutmasını təmin etdi. Beləcə, bütün qəbilə nümayəndələrinin iştirakı ilə qara daş Kəbəyə gətirildi və Peyğəmbərimiz daşı qaldıraraq bu günkü yerinə qoydu. Bununla da, qan tökmək həddinə çatmış bir ixtilafın qarşısı alınmış oldu.

 

Qırx yaşında Peyğəmbərliklə vəzifələndirilən həzrəti Məhəmməd (ona salam olsun), bundan öncə də təmiz bir həyat keçirmiş, hər kəsin qibtə etdiyi üstün bir əxlaqla yetkinlik yaşına çatmışdır. Bu müddət ərzində digər Məkkəlilər kimi bütlərlə maraqlanmamış, içki və zina kimi bütün pisliklərdən ilahi bir qorunma ilə qorunmuşdur. Dostluq, çobanlıq, ailə başçılığı və ticarət adamlığı kimi sosial işlərdə ən mükəmməl əxlaqi davranışlar sərgiləmiş və səbəblə də “Muhəmmədul-Əmin” (güvənilən, sadiq Məhəmməd) vəsfilə tanınırdı. Lakin, peyğəmbərlik vəzifəsi ilə başlayan və ilk olaraq da müşriklərin bütlərinə hərb elan edincə, bu təqdirəlayiqlik asanlıqla ortadan qalxmış və Onun (ona salam olsun) üçün çətin bir təbliğ vəzifəsi başlamışdı. Ən nüfuzlu qəbilənin, ən sevimli üzvü olan bir insan, istəsəydi, öz rahat həyatına davam edə və insanlarla arasındakı xoş münasibətləri qoruya bilərdi. Lakin, Allahın əmrlərini hər şeydən üstün tutan Məhəmməd, çətinliklərin, insanların ağır təzyiqlərinin olacağını bilirdi. Yaşadığı yerdən belə qovulan Peyğəmbərimiz, Allahın yolunu üstün tutduğu üçün əvvəlkindən daha da üstün bir şərəf sahibi oldu. Haqq yolun çətinlikləri olsa da, sonu – yalnız və yalnız qələbədir. Allahın əmrlərini ucaltmaq yolunu deyil, dünya mənfəətlərini seçən insan isə, həm dünya, həm də axirətdə heç vaxt xoşbəxt ola bilməzlər. Uca Allah buyurmuşdur:

 

“Kim (axirətdən vaz keçib) dünyanı və onun bərbəzəyini istəyirsə, Biz ona əməllərinin əvəzini (sağlamlıq, sərvət, övlad, gözəl yaşayış) elə orada (dünyada) verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. (Dünyada yaxşı işlər görüb etiqadı olmayan şəxsə axirətdə dünyəvi əməlləri heç bir fayda verməz. Çünki Allah ona dünyadakı yaxşı əməllərinin əvəzini elə dünyanın özündə verər). Belələrinin axirətdə atəşdən (cəhənnəm odundan) başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar!” (Quran, 11/15-16)

 

Hazırladı: Ayxan Yaquboğlu

Bənzər Məqalələr