Ömərin (r.a) gördüyü mühüm işlər(Rəmadə ili, Fars İmperiyasının Süqutu)
Rəmadə (qum) ili (Hicri 18-ci il):
Bu ilin Rəmadə ili adlandırılmasına səbəb şiddətli quraqlıq nəticəsində yerin bozarıb qum rənginə çevrilməsi ilə əlaqədardır.
Bu vəziyyət doqquz ay çəkdi. Ömər (r.a) Bəsrə şəhərində olan Əbu Musa əl-Əşariyə (r.a) və Amr ibn əl-Asa (r.a) məktub yazaraq bildirirdi: “Muhəmməd ümmətinin Allahdan yağış diləyənlərə ehtiyacı var!” İnsanlar yağmur duasına çıxdılar. Ömər (r.a) Peyğəmbərin (r.a) əmisi Abbasa (r.a) yağış yağması üçün insanlara namaz qıldırmasını həvalə etdi. Abbas )r.a) qalxıb qısa bir xütbə verdikdən sonra yağışın yağması üçün insanlara namaz qıldırdı, dua etdi. Diz üstə çöküb: “Allahım, biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik! Allahım bizi bağışla, bizə rəhm et və bizdən razı ol! — dedikdən sonra insanlar evlərinə qayıtdılar. Evlərinə çatmamış artıq yağış onları təmamilə islatdı.
Nəhavənd döyüşü (Hicri 21-ci il):
Müsəlmanlar Numan ibn Muqrinin sərkərdəliyi altında otuz minlik qoşunla düşmən qarşısına çıxmışdılar. Farslar isə qala divarları arxasında müdafiə olunur, müsəlmanlarla açıq döyüşə çıxmırdılar. Tuleyhə əl-Əsədi dedi: “Belə hesab edirəm ki, onların üstünə bir dəstə döyüşçü göndərsən, başları həmin dəstəyə qarışar və dəstənin azlığını görüb ona hücum etmək üçün qaladan çıxarlar. Bu zaman göndərdiyimiz dəstə bizə tərəf qaçar. Dəstə bizə çatdıqda onlara qoşulub hamılıqla qaçarıq. Bu zaman onlar bizim məğlub olduğumuza inanaraq hamılıqla qaladan çıxacaqlar. Qaladan təmamilə çıxdıqda isə biz geri dönüb onlara hücum edər və Allah bizə qələbə və ya məğlubiyyət nəsib edənə qədər onlarla döyüşərik.” İnsanlar Tuleyhənin fikrini bəyəndilər. Numan, Qa`qa ibn Amrı dəstə başçısı təyin etdi və ona tapşırdı ki, düşmənə qarşı hücum etsinlər. Düşmən cavab olaraq hücum etdikdə isə müsəlmanlar onların qarşısından qaçmalı idilər. Qa`qa verilən tapşırığı yerinə yetirdi. Düşmən qaladan çıxıb dəstənin ardınca düşdü. Tuleyhənin planı baş tutdu. Beləliklə, qapıçılar istisna olmaqla düşmən qaladan təmamilə çıxıb müsəlman qoşununa tərəf yaxınlaşdı. Numan bin Muqrin orudunu hərəkətə gətirdi. Bu hadisə Cümə gününün səhəri baş vermişdi. Müsəlmanlar düşmənə qarşı döyüşə atılmaq istədilər. Lakin Numan ibn Muqrin təmkinlə dayanaraq dedi: “Tələsməyin, Peyğəmbər (s.a.v) etdiyi kimi biz də günəş zeniti keçdikdən, külək əsdikdən və Allahdan kömək gəldikdən sonra hücum edərik”. Müsəlmanlar düşmənə həmlə etməyi tələb edir, təmkinli və tədbirli Numan isə buna göstəriş vermirdi. Günəş zeniti keçdikdə Numan müsəlmanlara namazı qıldırdı, sonra alçaqboy, qırmızı atına minib qoşunda olan bütün dəstələrə baş çəkdi, onlara səbirli və mətinli olmalarını tövsiyə etdi və dedi: “Mən birinci dəfə “Allahu əkbər” dediyimdə, siz hücuma hazırlaşarsız! İkincincisində, hazırlıq vəziyyətini tam başa çatdırar, üçüncüsündə isə həqiqi hücuma keçərsiniz”.
Bundan sonra Numan öz qərargahına qayıtdı. Farslar nəhəng qoşun hazırlayıb böyük sıralara bölündülər. Onlar görünməyən say və qüvvəyə malik idilər. Onların çoxu bir-birinə qarışmışdılar. Arxalarından dəmir hasar da çəkmişdilər ki, meydandan qaçmaq üçün fürsət olmasın. Numan ibn Muqrin (r.a) birinci dəfə “Allahu Əkbər” dedikdə müsəlman bayraqları havaya qalxdı və qoşun hücuma hazırlaşdı. İkinci dəfə “Allahu Əkbər” dedikdə qoşun yerində dayanıb tam hazırlıq vəziyyətini aldı. Üçüncü dəfə “Allahu əkbər” dedikdə Numan özü, ardınca da qoşun düşmən üzərinə hücuma keçdi. Numanın qoşunu şikarını qovan yırtıcı kimi, farsların üzərinə atıldı. Qılınclar toqquşdu, şiddətli çarpışma baş verdi. Hələ heç kəs nə belə bir döyüşün şahidi olmuş, nə də onun şiddəti haqda eşitməmişdi. Nəhayət, Allah qələbəni müsəlmanlara bəxş etdi.
Xalid ibn əl-Validin vəfatı (Hicri 21-ci il):
Xalid (r.a) ölüm yatağında olarkən bunları dedi: “Mən filan, filan şiddətli döyüşlərdə iştirak etmişəm. Cəsədimdə elə bir qarış yer yoxdur ki, orada qılınc, nizə, yaxud ox yarası olmasın. İndi isə mən yatağımda öz əcəlimlə dəvə kimi ölürəm”.
Həmçinin, Xalidin (r.a) belə dediyi rəvayət olunur: “Şaxtalı bir gecədə mühacirlərlə birgə düşmən üzərinə hücum etmək, mənə bir xanımın bağışlanıldığı və ya “oğlun olub” deyə müjdə verildiyi hansısa bir gecədən daha əzizdir.” (əl-Bidayə vən Nihayə: Hicrətin 21-ci ilində vəfat edənlər haqqında fəsil.)
————
Tarixi Hadisələrin Təhlili Kitabı
Şəriət Elmləri Doktoru
Osman Xəmis
Tərcümə etdi
Abdurrəhim Muradlı
Tarixi Hadisələrin Təhlili Kitabı, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin DK235B saylı məktubu əsasında nəşr edilmişdir.