“ƏSAS ODUR Kİ, YAXŞI İNSANAM, KİMƏSƏ PİSLİK ETMİRƏM, İBADƏT ETMƏSƏM DƏ OLAR” (?)
Yaxşı insan olmaq.. Hər bir kəsin, öz şəxsi keyfiyyətlərini dəyərləndirərək özünə “mən yaxşı insanam” deməsi, çox təbii və normal bir haldır. Bəzən həqiqətən də belə olur, bəzən isə buna layiq olmadığı halda özünü bu cür vəsf etməkdən çəkinmir. Ortaya bir sual çıxır.. Kim müəyyən edir ki, yaxşılıq nə deməkdir? Kim müəyyən edir ki, filan şeyi edən – yaxşı insandır?..
Məsələyə obyektiv olaraq yanaşacaq olsaq, deməliyik ki, bu dünyada iki cür yaxşılıq vardır: Birincisi – əxlaqi (etik) cəhətdən yaxşı olmaq. Yəni, mən qonşularıma qarşı gülərüzəm, işimdə dürüstəm, insanlara qarşı yaxşı davranıram, yolda gördüyüm dilənçiyə pul verirəm, heç nə oğurlamıram, aldatmıram və s. Bəzən bu siyahıya, “içmirəm, çəkmirəm, kiminsə qızına sataşmıram” – kimi əxlaqi keyfiyyətlər də əlavə olunur. Bütün bu misallar – etik (əxlaqi) cəhətdən yaxşılıqlar hesab olunur.
Bununla bərabər, dini yaxşılıqlar (və ya “yaxşı”lar) da vardır. Misal üçün: Həcc ziyarətinə getmişəm, “hacı”yam, insanlara əl tuturam (zəkat və sədəqə) verirəm, gündə beş dəfə namaz qılıram, oruc tuturam və s.
Qısası, iki cür yaxşılıqların və yaxşı’ların olduğunu görürük. Çox vaxt müsəlmanlar və qeyri-müsəlmanlar bu iki növün arasında fərq qoymağa çalışırlar. Bu da çox zaman ədalətsiz yanaşmalara gətirib çıxara bilir. İbadət etməyi önəmli görməyərək, birinci növ yaxşılıqları əsas hesab edən insanlarla da, İslami əməlləri önə çəkərək, gündəlik həyatında digər (birinci növ) yaxşılıqlara -məsələn: işdə dürüstlük, yalandan uzaq həyat və s- çox da önəm verməyən insanlarlarla da rastlaşırıq.
Beləliklə siz – özünü İslam dininə nisbət edən yaxşı insanları rahatlıqla tapa biləcəksiniz. Lakin bu – əxlaqi baxımdan (birinci növ) yaxşı olan insanlardır. Onlar ailələrinə qarşı yaxşı rəftar edirlər, uşaqlarının qeydinə qalırlar, məişət işlərində məsuliyyətlidirlər, qonşularıyla yaxşı rəftar edirlər, işdə dürüstdürlər və s. Xülasə, yaxşı insanlardırlar, lakin problem odur ki – dini yaxşılıqları yoxdur. Onlar deyirlər ki, “yaxşı olmaq üçün dinə ehtiyacım yoxdur”.
Bu məsələnin digər tərəfində biz – namaz qılan, Həcc ziyarətinə gedən, zəkat verən, daima dini ifadələrlə danışan yaxşı insanları da görürük. Hansı ki, buna baxmayaraq öz ailəsinə qarşı çox pis rəftar edir, insanları aldadır, ticarətdə hiyləbazlıq və yalançılıq edirlər. Qısası – əxlaqi keyfiyyətləri çox aşağıdır.
Beləliklə, çox əcaib bir hal baş vermiş olur.. Və biz “yaxşı”lığı iki ölçüyə bölürük: etik (əxlaqi) və dini. Halbuki, belə olmamalıydı.. Çünki, ümum bəşəri nizam olan Quranda Uca Allah bizlərə bu yaxşılıq anlayışını tam başqa formada öyrətmişdir. Hətta, ‘yaxşılıq ayəsi’ (əyətul-Birr) adlanan bir ayə vardır ki, burada bu anlayış, tam detallı şəkildə izah olunmuşdur. Bizləri yaradan Uca Allah, Öz möhtəşəm Kitabında, qeyd etdiyimiz iki ölçünü birləşdirirərək buyurur:
“Yaxşı əməl heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində – Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, mal-dövlətini çox sevməsinə baxmayaraq malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüş zamanı səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da onlardır!” (Quran, 2/177)
Bu ayəni diqqətlə oxuduqda görürük ki, yaxşılıq və ya yaxşı insan olmaq – iki şeyin birləşməsi ilə mümkün olur. Bunlar – əxlaqi dəyərlər və bununla yanaşı, dini yaxşılıqlar olan ibadətləri yerinə yetirməkdir. Deməli, insanı yaradan Uca Allaha görə, yaxşılıq – yalnız bu ikisinin bir yerdə birləşməsinə deyilir. Təbii ki, insan üçün, Allahın bir şeyi isimləndirməsi daha önəmli olmalıdır.
Anlamış oluruq ki, Uca Allah bizdən – eyni zamanda hər iki yaxşılığın olmasını istəyir. Bax bu halda insan, doğrudan da yaxşı – hesab oluna bilər. Əks halda, həqiqi mənada yaxşı insan olmaq mümkün olmaz. Beləliklə, ibadət etməklə hər şeyin yekunlaşdığını düşünən insan da, “mən digər (birinci növ) yaxşılıqları etdiyimə görə, dini əməllərdən uzaq olsam da olar” deyə düşünən insan da, Qurana görə yaxşı hesab olunmaz.
Hazırladı: Ayxan Yaquboğlu