featured-image-3680

«On iki nəfər — hədisi»

Onlar çox vaxt “on iki nəfər”dən bəhs edən hədisi dəlil gətirirlər. Bu hədisin iki səhih kitabda və digərlərində müxtəlif rəvayətləri mövcuddur. Həmin rəvayətlərdə deyilir:

“Qureyşdən olan, on iki nəfər rəhbər olacaq”.
(Buxari: Kitabul əhkam, 7222. Müslim: Kitabul imarə, 1821.)

“Qureyşdən olan, on iki nəfər xəlifənin dövründə İslam izzətli olacaqdır”.
(Müslim: Kitabul imarə, 1821.)

“On iki nəfər xəlifənin dövründə bu din izzətli və qüvvətli olacaqdır”.
(Müslim: Kitabul imarə, 1821.)

“On iki nəfərin rəhbərliyi dövründə insanların güzəranı xoş olacaqdır”.
(Müslim: Kitabul imarə, 1821.)

“On iki nəfər xəlifə sizə rəhbərlik etdiyi dövrdə bu din izzətli və qüvvətli olacaqdır. Bütün ümmət onların ətrafında birləşəcək”. ( Əbu Davud: Kitabul Məhdi, 4279.)

Məsələnin açıqlaması belədir:
•Hədisdə, onların xəlifə olduqları dövrdə dinin izzətlənəcəyi, daha sonra isə bu izzətin əldən gedəcəyi deyilir. Dinin nə zaman izəttli, nə zaman isə zəif olduğu tarixdə aşkar qeyd olunur!

•Hədisdə məqsəd imamların sayını qeyd etmək yox, onların vaxtında dinin izzətli olacağını bildirməkdir.

•Mehdinin gəlişi qiyamətə qədər olan vaxta ehtimal edilir. Bəs görəsən bu izzət və ziflik nə zaman olacaq!

•”Onların hamısı Qüreyşdən olacaqlar” sözləri, burada Əli və övladlarının nəzərdə tutulması ehtimalını zəiflədir. (çünki onlar elə əslən Qüreyşdən idilər və Peyğəmbərin (s.a.v) bunu açıqlamağı artıq sayılır). Hərçənd ki, Peyğəmbər (s.a.v) bu imamların İsmail oğullarından olacağını desəydi, o zaman onlar imamlarının İsmail övladı olduğunu iddia edərdilər.

•Səhihi Muslimdə belə bir rəvayət var: “Ümmətimdən on iki münafiq olacaqdır”. Demək say öz-özlüyündə heç bir sübut əhəmiyyəti daşımır.

•Bəziləri imamları peyğəmbərlərdən daha əfzəl sayılırlar. Halbuki Quranda peyğəmbərlər və onların şəriətləri barəsində danışılır, amma imamlar haqqında heç bir məqama toxunulmur.

•Belə bir sual yaranır: Nə üçün Əli şura yolu ilə xəlifə seçiminə razılaşdı? Nə səbəbə Həsən Müaviyəyə güzəştə gedib xilafəti ona verdi? Nə üçün onların bütün imamları xəlifələrə beyət etdilər…? Nəyə görə Hüseyn, Müaviyəyə beyət etdi?

•Peyğəmbər (s.a.v) Əlinin (Allah ondan razı olsun) xəlifə olmasını dediyi halda, necə ola bilər ki, Əli buna etiraz etsin. Belə ki, “Nəhcul Bəlağə” adlı kitabda Əli (r.a) rəhbər seçilməsinə etiraz edib deyir:

a.”Mənim sizin üçün vəzir olmağım, əmir (rəhbər) olmağımdan daha xeyirlidir”.
(Nəhcul Bəlağə: Səh, 136.)

b.Əli (r.a) xəlifə olduqda öz xəlifəliyinə şəriətdən dəlil-sübut gətirmədi, əksinə bu işə özünün iradəsi olmadan təyin olunduğunu bildirir və bu sözləri deyirdi: “Şura hüququ Mühacir və Ənsarlara məxsusdur. Onlar bir nəfəri seçib rəhbər adlandırsalar, bu işdən Allah da razı qalar”.
c.(Nəhcul Bəlağə: Səh, 267.)

d.Bəyadi deyir: “Əli (r.a) (xəlifəliyinin Peyğəmbər (s.a.v) tərəfindən əvvəlcədən əmr olunması haqqında) əshabələrə şəriətdən heç bir dəlil-sübut ərz etmədi”. (əs-Sirat əl-Müstəqim kitabından).

•Onların camaat və ya fərdi şəkildə imamlar haqqında rəvayət etdikləri bu hədislərin o zaman mövcudluğu ağlasığmazdır. Çünki, imamların fəziləti haqqında bu qədər hədis ola, sonra bu hədislər böyük rəvayətçilər, eləcə də hər imamın ölümündən sonra ixtilafa düşən məzhəbçilər tərəfindən nəql olunmaya?! Bu çox qəribədir! Bütün bunlar göstərir ki, imamlar haqqında nəql etdikləri hədislər sonradan uydurulmuşdur.

•Onların etiqadlarına görə imamların rəhbərliyi sirridir. Riza deyir: “Allah bu rəhbərliyi Cəbrailə sir olaraq vermiş, o da bu sirri Muhəmmədə açmışdır. Muhəmməd (s.a.v) isə bu sirri Əliyə açmışdır. Əli də bunu istədiyinə açıb bildirmişdir. Siz də bunu hər yana yayırsınız. (Belə olan təqdirdə) eşitdiyini gizli saxlayan olarmı!” (əl-Kafi)

On iki xəlifə və onların zəmanəsinin vəsfi:

1.Onlar xilafətə gələcək.
2.Onların vaxtında din izzətli olacaq.
3.Hamı onların ətrafına toplaşacaq.

Onların imamları haqqında dediklərinin sayından başqa heç bir xüsusiyyəti uyğun gəlmir. Əslində onların dedikləri say da düz gəlmir. Belə ki, əl-Həsən əl-Əskəri sonsuz olub və beləcə dünyasını dəyişib.

——————-
Tarixi Hadisələrin Təhlili Kitabı
Şəriət Elmləri Doktoru
Osman Xəmis
Tərcümə etdi
Abdurrəhim Muradlı

Tarixi Hadisələrin Təhlili Kitabı, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin DK235B saylı məktubu əsasında nəşr edilmişdir.

Bənzər Məqalələr