media-img_3008

Əbu Səid əl-Xudridən rəvayət olunduğuna görə, Peyğəmbərimizﷺ belə buyurmuşdur: Sizdən bir kimsə yuxu görər və həmin yuxu onun xoşuna gələrsə, o Allahdandır. (Buna görə) Allaha həmd etsin və başqalarına həmin yuxunu danışsın. Əgər bir kimsə başqa bir şey görər və gördüyü onun xoşuna gəlməzsə, o – yalnız şeytandandır. Allahdan onu qorumasını diləsin və gördüyünü heç kimə danışmasın. Bu halda ona zərər toxunmaz. (Buxari, 6985; Muslim, 261.)

Digər hədisdə buyurulur: Yuxu yozulmadığı müddətcə bir quşun ayağında aslı vəziyyətdə durar. Əgər yozularsa, dərhal (aşağı) düşər. Onu yalnız ağıllı və ya (sizi) sevən bir kəsə danışın. (Hz. Muhəmməd / Sahihul Cəmi 3535)

Zamanımızda insanların bunun tam əksini etdiklərini müşahidə edirik. Onlar pis yuxuları başqalarına danışır, gözəl yuxuları isə gizli saxlayırlar. Məşhur hədis alimi Albani demişdir:

Əgər insan yaxşı yuxu görərsə, o yuxu başlanğıca görə yozular. Yuxu zahirinə əks yozularsa, o cür həyata keçər. Bu, Allahın qeybi yollarından (Onun qatında gizli saxlanılan şeylərdən) biridir. Maddələrə tabe olan təbii və dünyəvi yollar kimi deyil. Yuxu (nə cür) yozularsa, (elə də) həyata keçər. Ona görə də, sünnə ilə faydalanmağa/yaşamağa həris olan qardaşlarımız üçün mütləqdir ki, gözəl yuxu görərlərsə, onu yalnız ağıllı və səmimi kəsə danışsınlar. Əgər pis yuxu görərlərsə, Allaha sığınsınlar və onu heçkimə danışmasınlar. (Durus liş-şeyx əl-Əlbəni, 4/11)

Yuxuların həm Allahdan, həm də şeytandan olmasına dair dəlil vardır. Yəni, düşünülənin əksinə olaraq, yuxuların hamısı heç də Allahdan bir işarə deyildir. Bu cür yanlış fikirlər müxtəlif xurafat və batil “yuxuyozma peşəsi”-nin zühuruna da səbəb olmuşdur.

Dinimizdə görə pis yuxu görülən zaman, üç dəfə sol tərəfə yüngülcə tüpürmək, Allaha sığınmaq, dua etmək, digər tərəfə çevrilmək və qalxıb namaz qılmaq – kimi şəri metodikalar tövsiyə olunmuşdur.

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr