İnsan, arası soyuq olan şəxsə qarşı bol-bol qeybət edir, onun eyblərini açmaqdan çəkinmir, hər eşitdiyinə inanaraq onun haqda pis düşünür.. Halbuki, arası yaxşı olduğu zaman o eyblərin hər birinə göz yumar, onun haqda pis bir şey eşitsə, dərhal inanmaz, hətta doğru və ya yalnış olduğunu dəqiq bilməsə belə, onu müdafiə edərdi. Bu, Allaha iman edən, Qiyamət günü Allahın hüzurunda duracağına yəqinliklə inanan insanın əxlaqı deyil..

 

Peyğəmbərimiz (ona salam olsun) buyurmuşdur:

“Kim bir (din) qardaşının arxasından onun şərəf və ləyaqətini qoruyarsa, Allah da qiyamət gün onun üzünü atəşdən qoruyar”. (Tirmizi, Əhməd)

 

Əslində bu hədisə çox geniş açıqlama vermək olardı.. Lakin, Əziz Peyğəmbərimiz, başqa bir hədisində bu mövzuya elə gözəl açıqlama verir ki, əlavə bir sözə gərək qalmır:

“Kim, (din) qardaşının hörməti ayaqlar altına atıldığı, ləyaqəti zədələndiyi bir zamanda onu müdafiə etməyərək sahib çıxmazsa, Allah da onu, yardımına çox möhtac olduğu bir yerdə, yalnız və sahibsiz qoyar. Bir müsəlmanın hörmət və şərəfi ayaqlar altına atıldığı bir yerdə, onu müdafiə etməklə yardım edənə, Allah da onun (qardaşını müdafiə edən şəxsin) yardıma çox möhtac olduğu bir yerdə ona kömək edər”. (Əbu Davud, Ədəb 36, no: 4884)

 

Əbu Talib əl-Məkki (386/h) bu yardımın formasını bu cür izah etmişdir:

“Allaha iman edən bir insanın, öz (din) qardaşına yardımı: onu malı, dili, qəlbi və əməlləri ilə dəstəkləməsi nəticəsində olur. Çünki, Allah rizası üçün yardım, bu dörd şeylə həyata keçə bilər. Belə ki, qardaşının birbaşa özünə ehtiyacı olduğu zaman, ona feli (fiziki) olaraq yardım etməlidir. Əgər söz ilə təhqirə (söyüş, qeybət və s.) məruz qalırsa, onu diliylə müdafiə etməlidir. Maddi ehtiyacı olduqda, malı ilə ona yardım etməyə qaçmalıdır. Bununla yanaşı, ən azından çətinlik anlarında qardaşı üçün salamatlığını və onun yaxşılığını istəyərək qəlbi ilə dəstək verməlidir. Qardaşının olmadığı bir yerdə, onun şərəfini qoruması, onu yaxşılıqla amması, gözəl əməllərini (xatırlayaraq) yayması, qüsur və eyblərinin üzərini örtməsi mütləqdir”. (Qutu’l-Qulub, 2/221)

 

Qardaşlıq haqlarından biri də, arada küsülülük və ayrılıq olduğu zaman, onu yalnız xeyirlə/yaxşılıqla anmaq’dır.

 

İbn Abbas, tələbəsi Mucahid’ə belə vəsiyyət etmişdir:

“Yanında olmayan bir qardaşın haqda danışarkən, sən bir yerdə olmadığın zaman necə anılmaq istəyirsənsə, onun haqda da o cür danış. Bağışlanılmağını istədiyin şeyləri, sən də onun üçün keç (bağışla)”. (Qutu’ul-Qulub, 2/217)

 

Müdriklərdən biri belə demişdir:

“Yanımda olmayan bir din qardaşım, məclisdə xatırlanıldıqda, onu qarşımda otururmuş kimi qəbul edərəm və yanımda olduğu halda eşitmək istəyəcəyi şeyləri danışaram”. (eyni mənbə)

 

Allaha həqiqi mənada inanan şəxs, düşməni də olsa, onun haqq və hüququnu qoruyar. Düşmənlik hissinə qapılaraq onun şərəfini zədələməz. Haqsız olduğu miqdardan artığını dilinə gətirməz. Nəyə görə özünü hər qeybətə ortaq olmağa, hər eşitdiyinə inanmağa “məcbur” hesab edirsən? Əksinə, sussan, yaxşı zənn etməyə çalışsan, kişiyə (eyni zamanda qadına) yaraşmayan söz və əməllərə qatılmasan, dünya və axirətdə Allah daima səni həmin iyrəncliklərə düşməkdən şəxsən Özü qoruyar. Çünki heç kim şər-böhtan və qeybətdən sığortalanmayıb. Zalıma, zülmündən daha artıq qəzəblənmək və cəza vermək, əlavə zülmdür və insan buna görə günah qazanır. Bu hadisədən ibrət alınmalıdır:

Hz. Əli (Allah ondan razı olsun) Cəməl döyüşündə, qarşı tərəflə anlaşa bilmədi və üzülərək döyüşə girməyə məcbur qaldı və nəticədə qalib gəldi. Döyüşdən sonra, yanındakılardan biri, qarşı tərəfi qəsd edərək:

– Onlar müşrikdirlərmi? -deyə soruşdu. Əli b. Əbu Talib:
– Xeyr, şirkdən uzaq kimsələrdir.
Adam:
– Münafiqdirlərmi? -deyə soruşduqda, Əli:
– Xeyr, münafiq deyillər. Çünki münafiqlər Allahı az zikr edərlər. Onlar isə, çox zikr edənlərdəndirlər.
Adam:
– Yaxşı, bəs onların halı nədir? -deyə soruşduqda, Hz. Əli:
– Onlar bizim qardaşlarımızdır. (Sadəcə olaraq) bizə qarşı çıxdılar”. (Beyhəqi, Sunən, 8/173)

 

Düşmən olduğun şəxsə qarşı kişi kimi düşmənçilik etməyi bacarmaq, hər insana nəsib olan bir xarakter deyil. Bunun üçün, insan özünü Allahın dini ilə islah etməyə çalışmalıdır.

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Bənzər Məqalələr