RƏHMƏT PEYĞƏMBƏRİNİN – QILINCA QURŞANARAQ MÜHARİBƏLƏR ETMƏSİ TƏZADI (araşdırma)
“Əlində qılınc, döyüşə gedən” bir peyğəmbər.. İslamofob düşüncəli bəzi insanların hər “fürsətdə” istifadə etdikləri bu şablon sözləri təəssüf ki, çoxumuz eşidirik.
Bəli, “Aləmlərə rəhmət olaraq göndərilmiş olan” (Ənbiya, 107) o Uca Peyğəmbər, qılınca qurşanaraq döyüşə getmişdir. Çünki, tarixdə böyük ideoloji fikirlər üzərində qurulmuş hər hansı bir dövlətin müharibələrsiz yüksəlişi görülməmiş, mümkünsüz bir şeydir. O, həyatı boyu iştirak etdiyi döyüşlərdə (!) belə heç kimi öldürməmiş, İslamın 5 zəruri prinsipi olan: can, mal, nəsil, ağıl və din-in qorunması məqsədi üçün həyata keçirilmiş hərbi əməliyyatlara – daha çox möminlərə motivasiya (mənəvi güc) naminə qatılmışdır. Çünki O, yalnız zəruri hallarda döyüşə məcbur qalmışdır. Anlaşmaların pozulması, xəyanət, müsəlmanlara zülm edilməsi, düşmənin Allahın dini ilə açıq-aşkar müharibə etməsi, ədalətin bərqərar edilməsi və digər bu kimi amillər, döyüşlərin məcburi səbəbləri olmuşdur. Bir sözlə, bu mübarizə, yalnız İslam ədalətinin insanlara çatdırılması, Allahın dininin uca tutulması üçün edilmiş, tarixdə mövcud olmuş digər bir çox dövlət kimi, sırf qənimət və ya müstəmləkəçilik üçün edilməmişdir. Elə bu anda qeyd etməliyik ki müsəlmanlar, “qarşı tərəf müsəlman deyil, kafirdir və buna görə də öldürülmələri mütləqdir” və ya “İslamı qılıncla yayma” düşüncəsilə döyüşlər etməmişlər. Bunun sübutunu 3 formada etmək mümkündür:
- Döyüşü əmr edən ilk ayələrdə “sizinlə vuruşanlarla Allah yolunda siz də vuruşun” (Bəqərə, 190) – deyə buyurulmuşdur. Yəni, yalnız hücum etmiş düşmənlə vuruşmağa izn verilmiş və bununla yanaşı, qadın və uşaqlara toxunulmaması əmr edilmişdir. Əgər müharibə, sırf qarşı tərəfdəki insanları kafir olmalarına görə edilsəydi, heç kəs öldürülməkdən istisna edilməzdi.
- Təslim olub, aman diləyən düşmənə toxunmaq qadağan edildi. Əgər döyüş, yuxarıda qeyd olunmuş “səbəbə” görə olsaydı, vuruşan və təslim olan arasında heç bir fərq qoyulmaz, kafir olan hər kəs öldürülərdi.
- Qurani-Kərim, müsəlmanlarla düşmənçilik etməyən qeyri-müsəlmanlarla yaxşı davranılmasını “zülm edənlər istisna olmaqla, əhli-Kitabla (qeyri-müsəlmanlarla) ən gözəl şəkildə davranın” (Ənkəbut, 46) – ayəsi ilə əmr etmişdir. Zülmkar düşmənə qarşı İslamın ümumi prinsipi – qisasdır. Əks davranış – yəni, zülmə, təcavüzə qarşı susqunluq – təbii ki, zəiflik və acizlik ifadəsidir.
- İslamın qılıncla yayılması mövzusuna gəlincə.. Nəhl surəsinin 125-cü ayəsinə əsasən, İslamın təbliğ vasitəsinin yalnız öyüd və gözəl nəsihət olduğu, məcburi bir din təbliğinin qadağan edildiyi məlum bir məsələdir: “(Ey Peyğəmbər!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna (İslama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!” Əgər İslam, bir məmləkətə qılıncla hökm etmiş olsaydı, müsəlmanlar zəiflədikdən və hərbi güclərini itirdikdən sonra, həmin torpaqların əhalisi dərhal bu dini tərk edərdilər. Belə bir halın baş vermədiyi isə, hər kəsə məlumdur. (Bu haqda geniş məlumat üçün bura tıkla)
O (ona salam olsun), 29-u Ğazvə və 91-i Səriyyə olmaqla, 120 hərbi əməliyyat tərtib etmişdir. Ğazvə – Peyğəmbərin başçılığı altında baş vermiş döyüşlərə, Səriyyə isə – döyüş olmadan “güc nümayişi” xarakterli keçirilmiş hərbi-siyasi hərəkatlara deyilir. Muhəmməd Peyğəmbər elə bir mərhəmət siyasəti yürütmüşdür ki, bütün Ərəbistan yarımadasına hakim olduğu halda, istər müsəlman, istərsə də düşmən ordularında çoxlu qanların axmasına imkan verməmişdir.
Allahın elçisinin (ona salam olsun) 11 il ərzində müxtəlif səbəblərə görə kiçik və böyük olmaqla həyata keçirdiyi 120 hərbi fəaliyyət nəticəsində 340 müsəlman şəhid verilmişdir. Düşmənin itkiləri isə, təxminən 800 insandır. Yəni, kiçik və böyük döyüşlərdə ölənlərin sayı toplam təxminən 1200 nəfərdir.
Peyğəmbərimizin şəxsən qatıldığı döyüşləri (Ğazvələri) araşdırdıqda, 29 döyüşün 16-sında heç bir fiziki toqquşmanın olmadığını, sadəcə hədəflərə nail olunduğunu görmüş oluruq. 13 döyüşdə isə fiziki toqquşma baş tutmuş, müsəlmanlar 140, düşmən isə 335 nəfər itki vermişdir. Müharibələri dinlərlə əlaqələndirənlərin nəzərinə, müasir dövrdə yaşamış cəmi 3 dinsiz dövlət başçısının, apardıqları döyüşlər nəticəsində ölümünə səbəb olduqları insan sayını çatdırmaqda fayda vardır. Mao Zedong, Stalin və Hitler – bir neçə il ərzində düz 120 milyon insanın ölümünə səbəb olmuşlar (!).
Əziz Peyğəmbərimiz bir çox fəthlərini, cəbhə açılmadan, fərasət və bəsirətlə dolu siyasət elmi izləyərək reallaşdırmışdır. Həmçinin, bir çox yer isə, xalqın könüllü şəkildə İslamı qəbul etməsilə, maksimum dərəcədə silahdan istifadə edilmədən fəth edilmişdir. Bəzən siyasət və diplomatiyanı, güclü kəşfiyyatla birləşdirərək, düşməni döyüşdən vaz keçirməyə nail olmuş və beləcə, qan tökülməsini minimum dərəcədə azaltmışdır.
Mümkün hallarda – döyüşün müsbət nəticələnməsi üçün ordu başçılarının, göndərilən bölgədən və ya düşmən qəbilədən olması tərcih edilmişdir. Bununla yanaşı Muhəmməd Peyğəmbər (ona salam olsun), əsgərlərinə – sözlərinin üzərində durmalarını, həddi aşmamalarını, anlaşmaları pozaraq zülm etməmələrini, gərəksiz yerə insan öldürməmələrini, xüsusən kölələrə, uşaqlara, qadınlara, yaşlılara və kilsələrdə inzivaya çəkilmiş kəslərə toxunmamalarını, xurmalıqlara zərər verməmələrini, ağacları kəsməmələrini və evləri (binaları) dağıtmamalarını – xüsusilə əmr etmişdir.
Məhz buna görə də O – insanları əbədi xoşbəxtliyə dəvət etmək üçün – aləmlərə göndərilmiş dahi və bir rəhmət peyğəmbəri idi.
Hazırladı: Ayxan Yaquboğlu
Materiallardan istifadə edərkən istinad zəruridir!