Ruzini artıran səbəblər
1.Tövbə və bağışlanma istəmək.
a) “(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağışlayandır! O sizə göydən bol yağış göndərər; O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar! (Nuh surəsi 10-12-ci ayələr).
“Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə (əməlinin) mükafatını ehsan buyursun. Əgər (imandan, mənim dəvətimdən, öyüd-nəsihətimdən) üz döndərsəniz, bilin ki, mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram” (Hud surəsi, 3-cü ayə), “Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu (peydərpey) yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. (Mənim dəvətimdən və imandan) günahkar olaraq üz çevirməyin!” (Nuh surəsi 52).
b)Allahın Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurmuşdur: “Hər kim Allahdan çox bağışlanma istəyərsə (Əstəğfirullahə və ətubu ileyhi deyərsə), Allah onun hər kədərinə bir sevinc, hər sıxıntısına bir rahatlıq, genişlik verər və onu gözləmədiyi, ummadığı yerdən ruziləndirər” (Əhməd 4/55, Hakim 4/292). İstiğfar (bağışlanmaq istəmək) söz və davranışlarda bağışlanmaq istəməkdir. Tövbə isə günahı tərk etmək, etdiyi günahlardan peşman olmaq, bir daha keçmiş günahlara qayıtmamaq, əgər varsa qul haqqını ödəmək.
2.Təqvalı olmaq.
“Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir” (ət-Talaq surəsi 2-3-cü ayələr). Təqva Allahın əmrlərinə tabe olub yerinə yetirmək və qadağanlarından çəkinərək günahlardan qorunmaqdır.
3.Allaha təvəkkül etmək.
Allahın Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurmuşdur: “Əgər siz Allaha haqqı ilə təvəkkül etsəydiniz, səhər ac çıxıb, axşam tox olaraq geri dönən quşları ruziləndirdiyi kimi sizi də ruziləndirərdi” (Tirmizi 2447, İbn Macə 4164, Əhməd 1/30, 52, Hakim 4,318).
Təvəkkül: Aləmdəki tək failin Allah olduğuna, var olan hər şeyin, yaradılmanın, ruzinin, verməyin və əldən çıxmağın, yaxşılığın və məhrum olmağın, zərərin və faydanın, xəstəlik və səhhətin, həyatın və ölümün, adına varlıq deyilən hər şeyin uca Allahdan olduğuna tam olaraq əmin olmaq, yəqin olmaq, inanmaq, açıq-aşkar bilməkdir. Təvəkkül çalışıb, işləyib zəhmət çəkməyi tərk etmək demək deyildir. Əksinə ruzi axtararkən çalışmalı, işləməli, ancaq bu çalışmağa və işləməyə güvənib dayanılmamalı, hər şeyin Allahın əlində olduğuna inanmalıdır. Necə ki, quşların yuvalarından çıxıb, ruzilərini axtarması, ancaq bunu edərkən uca Allaha güvənib bunu etmələri bu növdəndir.
4.Özünü Allaha ibadətə vermək, həsr etmək.
a)Allahın Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurdu: “Şübhəsiz ki, Allah belə buyurdu:
– Ey Adəm oğlu! Özünü mənə ibadətə ver ki, qəlbini zənginliklə doldurum və yoxsulluğuna, kasıbçılığına əngəl olum. Əgər bunu etməsən iki əlini məşğuliyyətlə dolurar və yoxsulluğuna, kasıblığına əngəl olmaram” (Tirmizi 2584, İbn Macə 4107, Əhməd 16/284, Hakim 2/443).
b) Allahın Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurdu: “Rəbbiniz belə buyurdu:
– Ey Adəm oğlu! Özünü mənə ibadətə ver ki, qəlbini zənginliklə və əllərini ruzi ilə doldurum. Ey Adəm oğlu! Məndən uzaqlaşma! Sonra qəlbini yoxsulluqla və əllərini məşğuliyyətlərlə dolduraram” (Hakim 4/326).
Özünü ibadətə verməkdən məqsəd səbəblərə bağlanmağı tərk edərək gecə-gündüz ibadət etmək deyildir. Əksinə qulun ibadətlərini yerinə yetirərkən qəlbi və bədəni ilə hazır Rəbbinin qarşısında xuşulu, Onun əzəmətini qəlbində hiss edər halda olması və bütün gücü ilə qəlbini Rəbbinə ibadətə verməsidir.
5.Həcc və Ümrəni ard-arda yerinə yetirmək.
Allahın Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurdu: “Həcc və Ümrəni ard-arda (bərabər) edin. Çünki körük dəmirin, qızılın və gümüşün kirini, pasını apardığı kimi bu ikisi kasıbçılığı, yoxsulluğu və günahları aparar (yox edər). Məbrur (yəni günahdan çəkinərək və sünnətə uyğun yerinə yetirilən) Həccin qarşılığı ancaq Cənnətdir” (Tirmizi 807, Nəsai 2621, Əhməd 5/244, 245). Həcc və Ümrəni bərabər yerinə yetirmək, eyni mövsümdə birini digərinin ardınca yerinə yetirməkdir. Bunun ən fəzilətli yolu da, səhih hədislərdə bildirildiyi kimi, bir həcc mövsümündə təməttu həcci edərək əvvəlcə ümrə, dərhal ardınca da həcc etməkdir.
6.Silai Rəhim etmək (Qohumlarla əlaqə saxlamaq).
a)Allahın Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurdu: “Hər kim ruzisinin genişlənməsini (çoxalmasını), əcəlinin gecikdirilməsini (ömrünün uzanmasını) istəyirsə (silai rəhm etsin) qohumlarla sıx əlaqə saxlasın” (Buxari 5986, Müslim, 2557/20-21).
b)Allahın Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurdu: “Hər kim ömrünün uzadılmasını, ruzisinin genişlənməsini və pis ölümün özündən uzaq tutulmasını arzu edirsə Allahdan qorxsun və qohumlarla əlaqələrini möhkəmləndirsin” (Əhməd 2/290, Bəzzar, Təbarani). Silai rəhm etmək (qohumlarla əlaqə saxlamaq) qohumluq bağlarını qorumaq deməkdir. Silai rəhm (qohumlarla əlaqə saxlamaq) qohum-əqrəbalara gücün çatan qədər maddi və mənəvi yaxşılıq etmək, onlara nəsihət etmək, şəfqət və mərhəmət göstərmək, onlarla yaxşı davranmaq, onların xeyirləri üçün dua etmək, onları qoruyub qayğılarına qalmaqla yerinə yetirilir.
7.Allah yolunda xərcləmək.
a)“Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir” (Bəqərə surəsi, 268-ci ayə).
b)“(Ya Peyğəmbər!) De: “Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. (Allah yolunda) nə xərclərsiniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!” (Səba sursəi, 39-cu ayə).
c)Allahın Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurdu: “Allah Təbarəkə və Təala buyurdu: – Ey Adəm oğlu! Sən xərclə ki, Mən də sənə xərcləyim” (Müslim 993/36).
Xərcləmək, Allah təalanın xərcləməyi sevdiyi yerə və insanlara maddi yardımdır.
8.İslami elm tələbələrinə xərcləmək.
a)Ənəs ibn Malik (Allah ondan razı olsun) belə dedi: “Allah Rəsulunun (ona və ailəsinə salam olsun) dövründə iki qardaş var idi. Bunlardan biri elm öyrənmək üçün Peyğəmbərin (ona və ailəsinə salam olsun) yanına gəlir. Digəri isə hər ikisinin ehtiyacını qarşılamaq üçün işləyirdi. Bu iş sahibi olan qardaş elm öyrənən qardaşını Peyğəmbərə (ona və ailəsinə salam olsun) şikayət etdi. Allahın Rəsulu (ona və ailəsinə salam olsun) belə dedi: “- Bəlkə də sənin ruzilənməyin qardaşının səbəbi ilədir” (Tirmizi 2448, Hakim 1/93-94). Bu hədisdə keçən bəlkə sözü zənn deyil, açıq dəlil ifadə edir. Allahın Rəsulu (ona və ailəsinə salam olsun) bunu işləyən qardaşa irad tutmaq üçün belə demişdir.
b)Abdullah ibn Mübarək (Allah ona rəhmət etsin) yaxşılıqlarını, hədiyyələrini, xərclərini yalnız elm əhlinə verər, bunun səbəbi soruşulduqda isə belə deyərdi: – Mən peyğəmbərlik məqamından sonra alimlərin məqamından böyük bir məqam bilmirəm. Onlar öz ehtiyacları ilə məşğul olsalar özlərini elmə verə bilməzlər. Ona görə də onların özlərini elmə vermələrini təmin etmək ən yaxşısıdır (Təfsirul Qasimi 3/250).
9.Gücsüzlərə (zəiflərə) yaxşılıq etmək.
Musab ibn Sad belə dedi: – Atam Sad ibn Əbu Vaqqas (Allah ondan razı olsun) özünün, digərləri üzərində bir üstünlüyü olduğunu düşünürdü. Buna görə də Allahın Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurdu: “- Sizlər ancaq zəifləriniz səbəbi ilə kömək olunur və ruziləndirilirsiniz” (Buxari 2719, Nəsai 3164, bənzəri Əbu Davud 2594, Tirmizi 1754, Nəsai 3165). Elə isə uca Allahın özünə yardım etməsini və ruziləndirilməsini istəyən kimsə zəiflərə və yoxsullara yaxşılıq etsin.
10. Allah yolunda hicrət etmək.
Allah təala buyurur: “Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (bolluq) tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir!” (Nisa (Qadınlar) surəsi, 100-cü ayə).
Gedilən yerlər geniş və çox olduqda ruzinin genişliyi, qəlblərin dərd və düşüncələrdən rahatlanması və daha bir çox gözəlliklər meydana gəlir. Buna ən açıq və bilinən örnək Allah Rəsulunun (ona və ailəsinə salam olsun) və səhabələrinin Məkkədən Mədinəyə hicrətləridir. Allah yolunda sahib olduqları hər şeyləri tərk etmələrinə əvəz olaraq, Allah onlara yer üzünün ən ehtişamlı xəzinələrini (Qeysər və Kisra) bağışlamış, şərqi və qərbi ilə yer üzünü onların hakimiyyəti altına vermişdir.
Bu yazı Polen nəşriyyat evində çap olunan Fazil İlahinin yazdığı “Ruzini artıran səbəblər” adlı kitabdan xülasə olaraq və əlavələr edərək hazırlanmışdır. Azərbaycan-dilinə tərcümə edən:
Əkrəm Həsənov (İlahiiyyatçı, elmi işçi).