featured-image-3641

Mötəbər məlumatlara əsasən Talha, Zubeyr və Aişə (r.anha) Osmanın (r.a) qisasını almaq üçün yola çıxmışdılar.
Əli (r.a) xilafətə gəldikdə Osmanın (r.a) təyin etdiyi bəzi valiləri — Xalid ibn Səid ibn əl-Ası və Müaviyə ibn bu Sufyan vəzifədən çıxartdığını elan etdi. Bunu eşidən Müaviyə vəzifəsindən çıxmaq üçün razılıq verməyərək dedi: “Məni vəzifəmdən kim çıxarır?”
Dedilər: “Əli”.
Müaviyə dedi: “Bəs, əmim oğlunun qatilləri hanı? Osmanın qatilləri hardadır?”
Onlar dedilər: “Beyət et, sonra Osmanın qatillərini istə!”
Müaviyə dedi: “Xeyr, ilk olaraq Osmanın qatillərini mənə versin, sonra ona beyət edərəm”.

Çünki Müaviyə Şam vilayətində özünün güc sahibi olduğunu və belə bir imkan ola-ola Osmanın qatillərindən intiqam almaqda səhlənkarlıq etməməsini fikirləşirdi. O, söz vermişdi ki, qisas almayınca beyət etməyəcək.
Əli isə ona belə demişdi: “Sən beyət et, sonra biz Osmanın (r.a) qatillərindən qisas almaq haqda düşünərik”. Əli ilə Müaviyə arasında baş verən fikir ayrılığı bundan ibarət olmuşdur. Onlar hansı addımın birinci atılması haqda bir qərara gələ bilmədilər.
Əlinin baxışına görə, ilk olaraq beyət edilməli, vəziyyət sabitləşdikdən və təhlükəsizlik təmin olunduqdan sonra Osmanın qatilləri haqda düşünülməlidir. Müaviyə isə bunun tam əksini düşünürdü. O, elə hesab edirdi ki, Osmanın qatillərini qətlə yetirmək onların birinci işdir. Məhz bundan sonra xəlifəlik məsələsinə baxmaq olar.
Əli ilə Müaviyə arasında olan ixtilaf, həlli ikibaşlı olan məsələlərdən idi. Talha və Zubeyr də Müaviyə kimi düşünürdülər. Onlara görə tez bir vaxtda Osmanın qatillərindən qisas alınmalıdır. Bu məsələdə Talha ilə Zubeyri Müaviyədən fərqləndirən amil Talha və Zubeyrin Əliyə beyət etməsi, Müaviyənin isə Əliyə beyət etməməsi idi.

Səhabələrin həmin döyüşlərə münasibətləri:

Bu hadisələr zamanı səhabələr üç qismə bölünmüşdülər:
Birinci qism: Talha, Zubeyr, Aişə və Müaviyədir. Bu səhabələrin baxışına görə, tezliklə Osmanın qatillərindən qisas alınmalıdır.
İkinci qism: Əli və onunla olan səhabələrdir. Bu səhabələr ilk olaraq xilafətin möhkəmləndirilməsini, Osmanın qatilləri məsələsinin isə təxirə salınmasını düşünürdülər.
Üçüncü qism: Səd, İbn Ömər, Əbu Hureyrə, Məhəmməd ibn Məsləmə, əl-Əhnəf, Usamə, Əbu Bəkrə əs-Səqafi və böyük əksəriyyəti təşkil edən səhabələr bu mübahisələrə qarışmamağı daha üstün sayırdılar.
Bu ixtilafların səbəbi işlərin dolaşıq olması və yaşadıqları vaxtda fitnələrin çoxluğu idi. Ona görə heç bir tərəf məsələnin həqiqətini tam və dəqiq başa düşə bilmirdi.
(Yaxın tarixdə baş verən Kuveytə hücumlar zamanı fitnələrin və fikir müxtəlifliyinin şahidi olmuşuq. O zamanlar da bir çox hikmətli, müdrik insanlar çaş-baş qalmışdılar. O ki qaldı adi insanlar çaş-baş düşməsinlər.)
Hafiz İbn Həcər deyir: “Təbərinin Əhnəf ibn Qeysdən mötəbər yolla nəql etdiyi rəvayətdə deyilir: “Osmanın mühasirəsindən sonra, Talha və Zubeyrlə qarşılaşdım və onlara dedim: “Mən artıq Osmanın öldürüldüyünü görürəm. Mənə nə tövsiyə edirsiniz?” Onlar mənə dedilər: “Sən Əli ilə birlikdə ol”.
Həmin səhabə başqa bir rəvayətdə belə deyir: “Mən Osmanın qətlindən sonra Məkkədə Aişə ilə qarşılaşdım və ona dedim: “Mənə nə tövsiyə edirsən?”
Aişə dedi: “Sən Əli ilə bir ol”.
(Bu rəvayətdən görsənir ki, Talha, Zubeyr və Aişə Əlinin xəlifəliyinə etiraz etmirdilər. Çünki onlar Əlinin xəlifəliyinə beyət etmiş, Əhnəfə də Əliyə beyət etməyi tövsiyə etmişdilər. Sadəcə olaraq onlar görəcəkləri ilk iş (Osmanın qatillərindən qisas almaq) haqda düşünmüş və onu icra etməyə səy göstərmişlər.)
Bu səhabələr Cəməl döyüşünə gedərkən əl-Əhnəf onların qarşısına çıxdı və dedi: “Allaha and olsun, möminlərin anası sizinlə olduğu halda mən sizinlə döyüşən deyiləm. Habelə beyət etməyi mənə tövsiyə etdiyiniz adama (Əlini nəzərdə tuturdu) qarşı savaşan deyiləm”. (“Fəthul Bari” 13/38. Bax, “Tarix ət-Təbəri”.)
Hafiz İbn Həcər deyir: Əhməd həsən isnadla Peyğəmbərin  Əliyə belə dediyini rəvayət edir: “Səninlə Aişə arasında bir hadisə baş verəcəkdir”. Əli  dedi: “Ey Allahın rəsulu, bədbəxt olan mən olacağammı?” Peyğəmbər  dedi: “Xeyr. O hadisə baş verəndə onu evinə geri qaytar”. ( Əhməd: 6/393. İbn Həcər “Fəthul Bari” əsərində (13/60) hədisin sənədinin həsən olduğunu demişdir.) Əli (r.a) də Peyğəmbərin (s.a.v) dediyini yerinə yetirdi.

Əhli Sünnə və Camaatın Osmanın, Zubeyrin, Hüseynin, xüsusən də Əlinin qatili olan Əbdürrəhman ibn Mülcəm və digər qatillər haqda mövqeyi:

İmam Zəhəbi deyir: “Biz İbn Mülcəm üçün Cəhənnəm əzabı arzu edirik. Bununla belə ola bilər ki, Allah onu bağışlasın. Onun hökmü Osmanı, Zubeyri, Talhanı, Səid ibn Cubeyri, Ammarı, Xaricəni və Hüseyni öldürənlərin hökmü ilə eynidir”. ( Bu adamların hökmü eynidir. Biz onların İslam dinindən çıxdıqlarını və qəti kafir olduqlarını demirik. Lakin heç şübhə yoxdur ki, tövbə edənlərdən başqa yerdə qalanlar fasiq və zalım kimsələrdir.)

Səhabələr arasında baş verən hadisələrdə haqq kimin tərəfində idi?

Peyğəmbər (s.a.v) Ammar adlı səhabə haqqında demişdir: “Onu həddini aşmış tayfa öldürəcəkdir”. Həmçinin, xəvariclər haqda belə demişdi: “Onlar insanların parçalandığı zamanda meydana çıxacaq. Haqqa daha yaxın olan iki tayfadan biri onlara qarşı döyüşəcəkdir”. Bu iki hədis açıq-aşkar göstərir ki, Əli (r.a) haqqa daha yaxın idi. Hədislərin birində “Haqqa daha yaxın olan iki tayfadan biri…”, digər rəvayətdə isə “Haqqa daha layiq olan iki tayfadan biri…”. Bu hədislərə əsasən, deyə bilərik ki, Əli Cəməl və Siffin döyüşlərində iştirak edənlərdən haqqa daha yaxın idi. Lakin bununla belə, Əli haqqa tam nail ola bilməmişdi. Çünki Peyğəmbər (r.a) hədisdə “haqqa daha yaxın olan” sözlərini işlədir. Haqqa yaxın olmaq tam haqq üzərində olmaq demək deyil.
Bu sözlər Əlinin (r.a) təhqir edilməsi üçün deyil, bu mübahisələrə qarışmayan səhabələrin tam haqq üzərində olduqlarını bəyan etmək üçün deyilir. Əlinin (r.a) döyüşü dayandırması onun üçün ən salamat yol idi. Ona görə Əli (r.a) Talhanı (r.a) ölmüş vəziyyətdə gördükdə heyfisləndi və dedi: “Kaş ki, iyirmi il bundan əvvəl ölər, amma bunu görməzdim”. (O, bu hadisəni görməmək üçün belə deyirdi.) Həsən ibn Əli (r.a) Siffin döyüşündən sonra gəlib baş verənlər haqda Əli (r.a) ilə danışdıqda Əli (r.a) dedi: “Allaha and olsun, mən işin bu yerə çatacağını düşünmürdüm”. Bütün səhabələr bu döyüşlərdə iştirak etdikləri üçün peşmançılıq çəkirdilər. Ona görə də Peyğəmbər (s.a.v) Həsəni (r.a) tərifləyərək demişdi: “Mənim bu oğlum alicənabdır. Allah onun əli ilə iki müsəlman dəstəni sülhə bağlayacaqdır”. (“Səhih əl-Buxari” Kitab fədailus səhabə, Bab Mənaqib əl-Həsən vəl Hüseyn, ? 3746.)
Peyğəmbər (s.a.v) öz nəvəsini sülh yaradacağı üçün tərifləmişdir. Ancaq göründüyü kimi, Əli (r.a) həmin döyüşlərdə iştirak etdiyi üçün Peyğəmbər  onun haqqında belə bir tərif deməmişdir.
Əlini isə Nəhrəvan camaatına qarşı döyüşməsinə görə tərifləmişdi. O, xəvariclərə qarşı döyüşməkdə tam haqlı idi. Ona görə heç kəs qətlə yetirilən xəvariclər haqda heyfislənmədi, əksinə bütün müsəlmanlar Nəhrəvan döyüşünə görə sevinc hissi keçirirdilər. Hətta, bu döyüşdən sonra Əli (r.a) şükr əlaməti olaraq Allaha səcdə etdi. Lakin Cəməl döyüşünə görə ağlamış, Siffinə görə isə böyük kədər hissi keçirmişdi.

—–
Tarixi Hadisələrin Təhlili Kitabı
Şəriət Elmləri Doktoru
Osman Xəmis
Tərcümə etdi
Abdurrəhim Muradlı

Tarixi Hadisələrin Təhlili Kitabı, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin DK235B saylı məktubu əsasında nəşr edilmişdir.

Bənzər Məqalələr