Şəvval orucu haqqında hər şey
Şəvval orucu nədir?
Əbu Əyyub əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın Elçisi ﷺ demişdir:
“Kim Ramazanda oruc tutarsa, bundan sonra ona, Şəvvaldan altı günlük orucu əlavə edərsə, il boyu oruc tutmuş kimi sayılar (bir illik oruc savabı qazanar).” (Muslim 1164)
Ramazandan sonra xeyirli əməllər etmə istəyi və bu istəyi praktiki olaraq həyata keçirmək (əməl etmək) – Ramazandan bağışlanmış olaraq çıxmağın ən bariz əlamətlərindəndir. Şəvval orucu da, buna aiddir.
Şəvval orucunun mükafatı
Əbu Əyyub Ənsari (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə buyurduğunu rəvayət etmişdir:
”Kim Ramazan orucunu tutub, sonra ardınca altı gün də şəvvaldan oruc əlavə edərsə bir ili oruc tutmuş kimidir.”
(Muslim, 1164)
Sovbən, Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir:
“Ramazan orucu – on aya bərabərdir (bir günə – on günlük savab) Şəvvalın altı gününün orucu isə, iki aya bərabərdir. Bu da bir il edir.” (Nəsai, 2873)
Şəvval orucunun bəzi faydaları:
Dahi alim İbn Rəcəb (Allah rəhmət etsin), Şəvval orucunun aşağıdakı bəzi faydalarını sadalamışdır:
1. Peyğəmbərin ﷺ sünnə’sini yerinə yetirmək;
2. Ramazandan sonra şəvvaldan altı gün oruc tutmaqla insan bir ilin savabını qazanmış olur;
3. Şəvval orucu, fərz namazından sonra qılınan sünnə namazı kimidir. Qiyamət günü qulun fərzlərində olan naqislik, onun qıldığı sünnət namazla doldurulacaq.
4. Ramazandan sonra şəvval orucunu tutmaq, Ramazan orucunun Allah tərəfindən qəbul olunmasının əlamətidir. Belə ki, Allah, bəndəsinin əməlini qəbul edərsə, onu başqa saleh əməllərə də müvəffəq edər. Belə demişlər: ‘yaxşı əməlin savabı ondan sonra başqa yaxşı əməl etməkdir.’
5. Ramazan orucunu tutanlar, əməllərinin bu dünyadakı mükafatını bayram sevinci ilə almış olurlar. Bayramdan sonra oruc tutmaları isə, bir növ – bu mükafat üçün şükük etmək kimidir.
(Lətaif Məarif, 390-394)
Bəzi kiçik nüanslar:
- Şəvval orucunun müddəti – bir aydır.
- Ramazandan sonrakı 30 gün ərzində tutulur.
- Şəvval orucunu tutmaq üçün, gecədən niyyət etmək lazımdır. Qəlblə niyyət kifayətdir, əlavə olaraq heç bir rituala ehtiyac yoxdur.
- Ramazandan qəzası olan insan, ilk olaraq qəzalarını tutmalı, sonra Şəvval orucuna keçməlidir. Çünki, vaciblər, müstəhəblərdən öndədir. Lakin, fərqli (qəzanı tutmadan müstəhəbi tutmaq olar -deyən) görüş də vardır.
Ardıcıl olması mütləqdirmi?
Hər bir kəs, Şəvval ayı ərzində istədiyi vaxt bu orucu tuta bilər. İstərsə ayın əvvəlində, istərsə ortasında, istərsə də sonunda tuta bilər. Habelə, istərsə ardıcıl, istərsə də fasilə verərək tuta bilər. (Fətava İbnu Bəzz, 15/390)
Daha üstünü hansıdır?
Əgər bu orucu, Şəvval ayının əvvəlindən etibarən, ardıcıl olaraq tutarsa, bu daha üstündür. (Fətava İbnu Bəzz, 15/390)
Üstün olan budur ki, şəvvalın altı gününün orucu, (bir günlük) bayramdan dərhal sonra ardıcıl olaraq tutulsun. (Fətava İbnu Useymin, 20/20)
Şənbə günü oruc tutulmasının qadağan olması, Şəvval orucuna aiddirmi?
Əgər şənbə günü, sünnədə varid olmuş bir orucla üst-üstə düşərsə (məsələn: ağ günlərin orucu, ərəfa orucu, aşura orucu, şəvvalın altı gününün orucu), bu halda oruc tutmaqda heç bir problem yoxdur. Çünki insan bu zaman, həmin günü (şənbəni) xüsusiləşdirərək deyil, sünnədə gələn bir oruc olduğu üçün oruc tutmuşdur. (Fətava İbnu Useymin, 20/57)
Savabı bol olan digər günlərlə eyni zamana düşərsə..
Əgər şəvval orucu həftənin birinci və dördüncü gününün orucu ilə üst-üstə düşərsə, həmin şəxs iki savab qazanmış olacaq. Həm şəvvalın savabını, həm də birinci və dördüncü günün orucunun savabını qazanmış olacaq. (Fətava İbnu Useymin, 20/18-19)
Hazırladı: Ayxan Yaquboğlu
Materiallardan istifadə edərkən istinad zəruridir.