featured-image-3601

Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Şeytan sizlərdən birinin yanına gəlib deyir: “Bunu kim yaradıb? Bəs bunu kim yaradıb?” Hətta belə də deyir: “Bəs Allahı kim yaradıb?” Əgər belə hal ilə qarşılaşsanız Allaha sığının və fikrindən daşınsın.” Buxari və Müslim. ( Buxari: Bədul xalq ? 3102. Müslim: İman ? 134.)

Başqa rəvayətdə buyurulur: “…Əgər kimsə belə hal ilə qarşılaşsa, desin: “Allaha və peyğəmbərlərinə iman gətirdim.” ( Əhməd: 6/257. Əlbani “Ziləlul Cənnəti” adlı əsərində digər sənədlərlə səhih olduğunu demişdir.)

Digər mətndə deyilir: “İnsanlar bir-birinə o qədər sual verəcəklər ki, hətta deyəcəklər: “Bəs Allahı kim yaradıb?” (Müslim: İman ? 134. Əbu Davud: Sünnə ? 4721.)

ŞƏRH

Hədisdən bəlli olur ki, şeytanın bu batil sualı verməsi labüddür. O, ya aşkar bir vəsvəsə ilə, ya da insan və ateist dinsizlərdən ibarət şeytanların dili ilə bunu edəcəkdir. Xəbər verildiyi kimi də oldu. Hər ikisi də baş verdi. Şeytan hələ də bəsirətsiz qəlblərə bu batil sualı ərz edir. Ateist dinsizlər hələ də ən əsassız şübhə sayılan bu sualı yayır, səbəblər və maddi dünya barəsində hamıya yaxşı məlum olan məntiqsiz sözlər danışırlar.

Peyğəmbər (s.a.v) bu əzəmətli hədisdə belə bir sualı üç cür dəf etməyi öyrətmişdir: Fikirləri dayandırmaq, şeytandan sığınmaq və imana əsaslanmaq.Dayandırmağa gəlincə, bu birinci işdir. Uca Allah fikirləri və ağılları müəyyən bir səviyyəyə qədər məhdudiyyətlə yaratmışdır. Onlar nə qədər çalışsalar belə, bu həddi aşmağa gücləri çatmır. Çünki bu qeyri mümkündür. Mümkün olmayan bir işə səy göstərmək isə, ağılsızlıq və səfehlik sayılır. Təsir edicilərdə və icraçılarda ardıcıllıq qurmağın özü, ən mümkünsüz məsələdir. Belə ki, yaradılanların başlanğıcı və sonu var. Onlar çoxsaylı məsələlərdə ardıcıllıqla gedirlər. Sonda isə onların özlərini, xüsusiyyətlərini, maddi keyfiyyətlərini və ünsürlərini yaradan Allaha dönürlər. O belə buyurur: “Həqiqətən, axır dönüş sənin Rəbbinədir!” (ən-Nəcm, 42).

Qəlblər uca Allaha çatdıqda dayanırlar. Çünki Allah, Ondan öncə və sonra kimsənin olmadığı əvvəl və axırdır. Uca Allahın əvvəl olması, zaman və vəziyyətdən asılı deyil. Belə ki, zamanı, vəziyyəti və insanın güc mənbələrindən sayılan ağılı, O yaratmışdır. Elə isə necə ola bilər ki, insan ağlı belə bir batil sualı düşünməyə cəhd etsin? Onun bu halda dayanması və dönməsi vacibdir.
İkinci məsələ, insanın şeytandan Allaha sığınmasıdır. Bu, şeytanın insanları Rəblərinə olan imanda şəkk-şübhəyə salan vəsvəsələrinə və qəlblərə müdaxiləsinə görədir. Bu cür halla üzləşən bəndə şeytandan Allaha sığınmalıdır. Kim düzgün və qüvvətli şəkildə Allaha sığınarsa, Allah onu qoruyar və şeytanı ondan uzaqlaşdırar. Bu yolla da batil vəsvəsələri dağılıb gedər.
Üçüncü məsələ, Allaha və Onun elçilərinə olan imanla bu vəsvəsəni dəf etməkdir. Həqiqətən də, Allah və Onun elçiləri xəbər vermişlər ki, Allah Ondan öncə kimsənin olmadığı əvvəldir. O, Öz vahidlik sifətində, yaratmasında və bütün mövcudatı yoxdan var etməsində təkdir.
Doğru və düzgün sayılan bu yəqin iman, onunla ziddiyyət təşkil edən bütün şübhələri dəf edir. Həqiqətən də, haqq batili üstələyir. Şəkk-şübhə isə yəqinliyin qarşısını ala bilmir.

Peyğəmbərin (s.a.v) qeyd etdiyi üç məsələ, hələ də ateistlərin dilində dolaşan bu şübhələri puç edir. Onlar bu şübhəni müxtəlif ibarələr şəklində yayırlar. Peyğəmbər (s.av) batilin davam etməsinin qarşısını almaq üçün dayanmağı, şübhəni yayan şeytandan sığınmağı və ona zidd olanların hamısını dəf edəcək düzgün iman gətirməyi əmr etmişdir. Allaha həmd olsun.

Dayanma, şəri birbaşa kəsməkdir. Sığınma, şərə çağıranın səbəbini kəsməkdir. İman isə, hər bir ziddiyyəti aradan qaldıran yəqin və düzgün etiqadla arxalanmaq və qorunmaqdır.
Bu üç məsələ, imanın əksinə olan bütün şübhələri dəf edəcək səbəblər toplusudur. İmana qarşı çıxan hər bir şübhədə insan bu silahlardan yararlanmalıdır. Bununla da şübhələrin batilliyinə dəlalət edən sübutlarla onları birbaşa dağıtmış olar və haqq öz təsdiqini tapar. Haqdan başqa nə varsa zəlalətdir.Bəndə qəlblərə şübhələr və şəhvətlər fitnəsini yeridəndən, onları silkələyən və müxtəlif asiliklərə yönəldən şeytandan Allaha sığınmalıdır. Məhz səbir və yəqinliklə, o, şəhvətlər və şübhələr fitnəsindən salamat qalmağa nail olacaqdır.
Allah müvəffəq edən və qoruyandır.

—————–
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı