ÜZÜNTÜ VƏ QƏMGİNLİYİN ƏSAS QAYNAĞI (Ali-İmran, 139 işığında)
Uca Allah, Öz mübarək Kitabında belə buyurur:
“Ruhdan düşməyin (acizlik göstərməyin) və qəmgin olmayın. Allaha həqiqi mənada iman edirsinizsə (möminsinizsə), üstün olacaqsınız..” (Ali-İmran, 139)
“Ruhdan düşməyin” (lə təhinu) – deyə tərcümə etdiyimiz və kökü “Vahn” olan bu sözü, ərəb dilində “bir dəyişiklik görə bilməmək” mənasını ifadə edir. Başqa bir deyimlə ifadə edəcək olsaq: “nə edirsizsə edin, vəziyyət dəyişmir, yaxşıya doğru getmir.. gücünüz tükənmişdir”. Bu səbəblə də insan özünü – gücsüz, müvəffəqiyyətə doğru qabiliyyətsiz hiss edir. İnsanın qəlbində bu düşüncə yerləşməyə başlayınca, “bütün əziyyətim boşa getdi, bacarmadım..” fikirləri inkişaf etməyə başlayır. Bundan sonra isə, yuxarıda qeyd etdiyimiz ayədəki ikinci mövzu (“qəmgin olmayın”) ortaya çıxmış olur.
Ayədən anlayırıq ki, ruhdan düşmə – yəni, gücsüzlük, insanı hüzn və kədərə doğru aparır. Bir sözlə, “bir dəyişiklik görə bilməyərək”, “nə edirəmsə edim, amma alınmır, işlər yaxşıya doğru getmir” – düşüncələri ilə ruhdan düşmə/gücsüzlük əmələ gəlir və bununla da qəmginlik/hüzn öz növbəsini almış olur. Çünki qəmginlik və üzüntü – yalnız ruhdan düşmədən/gücsüzlükdən sonra ortaya çıxır.
Uca Allah sadəcə olaraq “üzülməyin” (qəmgin olmayın) demir, bu üzüntünün əsas qaynağına toxunaraq, diqqətlərimizi buraya doğru çəkməyə çalışır. Çünki həqiqətən də bütün müvəffəqiyyətsizlik və xəyal qırıqlıqlarının qaynağı – məhz ümidsizlik və qəmginlikdir. Bu, insanın daha da yaxşısını edə biləcəyinə dair inamını zədələyir.
Haqqında danışdığımız ayə, Uhud döyüşündə nazil olmuşdur. Bu müharibədə müsəlmanlar ağır itkilər vermiş, gözlənilməz bir məğlubiyyət baş vermişdir. Lakin Uca Allah, bu itkini, qazanca çevirir.. Növbəti ayədə belə buyurulmuşdur:
“Əgər siz yara aldınızsa, o biri dəstə də o cür yara aldı..” (Ali-İmran, 140)
Yəni, üzülmək lazım deyil.. Həyatda yara almayan heç bir kəs yoxdur. Qarşındakı düşmən belə, mütləq bu yaralardan öz nəsibini alacaqdır.. Ayənin davamında belə buyurulur:
“..Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah həqiqi mənada inanan şəxsləri (başqalarından) ayırd etsin..”
Yəni, artıq üzülmə.. Gücsüz olma.. Əksinə, güclən.. Çünki, bu cür gün və hadisələr, hər kəsin başına gəlir. Heç kim daimi olaraq xoşbəxt ola bilməz. Eləcə də heç kəs daimi olaraq sıxıntılı halda qala biləz.. Bu gün kədər növbəsi səndə, xoşbəxtlik növbəsi isə başqasındadırsa, sabah bu nizam, tam əks formada olacaq.. Buna görə də, kədərli günlərin səni məhv etməsinə imkan verməməli, xoşbəxt günlərin üçün gücünü itirməməlisən. Çünki əslində hüzn, insanın özünə zülm etdiyi bir haldır. Bu hal, insanı məhv etdiyinə görə, buna əsla imkan verməməli, özünü toparlamalıdır. Uca Allah bizdən məhz bunu istəyir və bu “növbə dəyişikliklərinin” sonunda, Ona həqiqi mənada inananların qalib gəlib, xoşbəxt olacaqlarını vəd edir. İlk qeyd etdiyimiz ayənin (Ali-İmran, 139) davamında bu haqda belə buyurulmuşdur:
“…Allaha həqiqi mənada iman edirsinizsə (möminsinizsə), üstün olacaqsınız..”
Bu hal və vəziyyətlər keçicidir, dəyişkəndir. Dəyişməyən təkcə – Allahdır. Allahı itirən (inanmayan, ümidini itirən) hər şeyi itirəcək. Lakin O var ikən (inandığımız, ümid etdiyimiz halda), digər heç bir şeyin önəmi yoxdur.
Uca Allah bizləri, həyatımızdakı gözəllikləri əngəlləyəcək bütün kədər və üzüntü kölgələrindən uzaq tutsun.
Hazırladı: Ayxan Yaquboğlu
Materiallardan istifadə edərkən istinad zəruridir!