VICDAN ANLAYIŞI (MÜASİR DÖVRÜMÜZÜN ŞEYTANLARI OLAN XƏVARİCLƏR)
Vicdan hər bir insana gözəl davranışı və düşüncəni deyən, sağlam mühakimə yürütməyinə kömək edən, səhvlə düzü bir-birindən ayıran mənəvi xüsusiyyətdir.
Vicdanın mühüm xüsusiyyətlərindən biri də odur ki, o bütün insanlar arasında müştərəkdir. Yəni bir insanın vicdanına görə doğru olan şey- şərtlər dəyişmədiyi müddətcə digər insanların vicdanları üçün də doğrudur. Vicdanlar eyni bir mövzu üzərində heç vaxt ziddiyyətdə olmazlar. Bunun səbəbi isə vicdanın mənbəyidir. Vicdan Allahın ilhamıdır. Allah hər bir insana onun vicdanı vasitəsi ilə özünün məmnun olacağı ən doğru və ən gözəl davranışları bildirməkdədir.
Vicdanın Allahın ilhamı olduğunu Quranın Şəms surəsi belə açıqlayır:
Allah taala buyurmuşdur:
«And olsun nəfsə və onu yaradana (ona biçim verənə). Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!» .
(əş-Şəms surəsi,7-9)
Yuxarıdakı ayədə Allah nəfsin fücurunu (günaha və üsyana girişmək, fasiq olmaq, yalan danışmaq, qiyam, haqdan üz çevirmək, nizam-intizamı pozmaq, əxlaqi çürümüşlük, təqvanın ziddi, terror hadisələri törədərək insanların qətli) və eyni zamanda ondan qorunmağı ilham etdiyini bildirməkdədir. Bax, insanı pis əməllərdən uzaq tutan və doğru olanı bildirən vicdandır.
Vicdanın digər bir xüsusiyyəti də insanın bilavasitə doğru olan şeyi tapmasına kömək etməsidir. Başqalarının köməyinə ehtiyac duymadan vicdan insana doğru yolu göstərəcəkdir, mühüm olan insanın vicdanına müraciət etməsi, ona qulaq asması və onun dediklərini etməsidir. Bu səbəblə deyə bilərik ki, vicdan dinin əsas amillərindən biridir.
Hər şeydən əvvəl bunu unutmamaq lazımdır ki, hər bir insan şüur sahibi olduğu andan etibarən Allahın ona ilham etdiyi vicdanın dediklərindən məsuliyyət daşıyır. Ətrafda baş verən hadisələri dərk etməyə başlayan, mühakimə qabiliyyəti qazanmış hər bir insan o andan etibarən vicdanının səsinə qulaq verməli, nəfsin istəkləri ilə vicdanın səsini bir-birindən ayıra biləcək bacarığa sahib olmalı və vicdanla hərəkət edəcək iradəyə sahib olmalıdır. Artıq bundan sonra rastlaşdığı hadısə¬lərə münasibətinə görə haqq-hasab günü məsuliyyət daşıyacaqdır. Vicdanının səsinə qulaq verərək hərəkət edibsə Allahın cənnətinə layiq görüləcək, nəfsinin istəklərinə baş əyibsə, “qapıları bağlanmış“ sonsuz bir əzab alovu ilə qarşılanacaqdır.
Vicdansızlıqları ilə tarixə düşmüş insanlar: Firon
Firon, Musa (ə.s)-ın Allah tərəfindən peyğəmbər olaraq göndərildiyi dövrdə yaşamış və Qur’anda haqqında ən çox söz açılan inkarçıdır. Fironun istər Musa (ə.s)-a və onunla birlikdə olanlara, istərsə də öz xalqına qarşı olan münasibəti təfsilatı ilə tədqiq edildikdə, vicdanına qulaq verməyən, öz nəfsinin əsiri olmuş və dünya həyatı üçün yaşayan insanların ümumi xarakteri meydana çıxacaqdır. İnkarçıların qabaqcıllarından olan və öz xalqı arasında zülmü ilə məşhur olmuş Fironun mənəvi aləmini, məntiq tərzini, həvəslərini, istək və arzularını, qorxularını, gözlənilməz hadisələrə reaksiyasını Quran ayələrinə baxaraq analiz etmək və beləcə vicdansız bir insanın sahib ola biləcəyi xüsusiyyətləri görmək mümkündür. Burada Fironla əlaqəli bəzi Quran ayələri tədqiq ediləcək və vicdansızlığın ən ifrat nöqtələri nümayiş etdiriləcəkdir.
Ancaq Fironun xüsusiyyətlərini oxuyarkən yadda saxlanılmalı mühüm bir cəhət budur ki, onun sahib olduğu xüsusiyyətlər, bu gün cəmiyyətdə kifayət qədər yayılmışdır. Səmimi düşüncəyə malik hər bir insan bu əxlaq tərzinin müasir cəmiyyətdə öz əksini necə tapdığını asanlıqla görə biləcəkdir. Ən səmimi hərəkət isə hər bir insanın bu xüsusiyyətləri digər insanlardan əvvəl özündə — az vəya çox dərəcədə — axtarması və vicdanına zidd cəhətləri islah etməsi olacaqdır.
Fironun zalımlığı
Fironun Quranda göstərilən əsas xüsusiyyətlərindən biri onun zalımlığıdır. Quranın bildirdiyinə görə Firon hakim olduğu insanların böyük bir qisminə (xüsusilə İsrailoğullarına) təzyiqlər göstərir, hətta uşaqları belə öldürtdürürdü:
Uca Allah buyurmuşdur:
«Həqiqətən, Firon yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onların arasında olan bir tayfanı (İsrail oğullarını gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad töədənlərdən idi!»
(əl-Qəsəs,4)
İndi isə bir anlığa Fironun əməlləri ilə xəvariclərin törətdiyi terror hadisələrini müqayisə edin. Aralarında fərq vardırmı?
Firon uşaqları diri—diri boğazlarından kəsdirərək qətl etdirirdi, xəvariclər isə terror hadisələri törədərək körpə uşaqları qanına qəltan edirlər.
Firon bu çirkin əməlini edərkən özünün haqq yolunda olduğunu deyirdi və Allahlıq iddiasına düşmüşdü. Xəvariclər və onların ideya rəhbəri olan Ben Ladenlər də özlərinin haqq yolunda olduğunu qeyd edərək cihad adı altında terror hadisələri törədərək, dinc insanları qətl edir və bu partlayışlarda neçə-neçə körpələr və müsəlman bacılarımız və analarımız qətl edilirlər.
Mahiyyət etibarı ilə Fironun törətdiyi çirkin əməllərlə xəvaricləri törətdiyi çirkin əməllər arasında elə böyük bir fərq yoxdur.
Əslində Fironun zalımlıq üzərində qurduğu nizam, müasir dövrdə də bənzərinə rast gəlinməsi mümkün olan düşüncə tərzinin tarixdəki nümunəsindən başqa bir şey deyildir. İnkara və intəhasız haqsızlığa əsaslanan bütün düşüncə tərzləri özlərini qorumaq üçün qadınları, uşaqları qətlə yetirə bilir, təcavüzkar müharibələr başladır, yüz minlərlə insanı bir anda məhv edən bombaları yağdıra bilirlər. Əsas məqsədləri nə yolla olursa olsun öz mənfəətlərini və hegemonluqlarını qorumaqdır. İnsan elədiyi hərəkətin Allahın nəzərindəki qiymətini nəzərə almadan yaşayarsa, mütləq zülm etməyə başlayacaq, insanların haqlarına təcavüz edəcək və aldığı qərarlar minlərlə insanın həyatına son qoyacaqdır.
ŞEYTANIN HEÇ DAYANMAYAN FƏALİYYƏTİ
Allah Adəm (ə.s)-ı yaratdığı və bütün mələklərə “Adəmə səcdə edin” deyə əmr etdiyi vaxt şeytan buna etiraz etmiş və bu üsyanı səbəbi ilə əbədən lənətlənmişdi. Bunadan sonra o, qiyamət gününə qədər insanları doğru yoldan azdırmaq üçün Allahdan izn istəmişdi. Allah bu izni ona verdikdən sonra şeytan belə vəd etdi:
Uca Allah buyurmuşdur:
«(İblis) dedi: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam! Sonra onların yanına qarşılarından və arxalarından, saçlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”. (Allah) buyurdu: “Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan) hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!»
(əl-Ə`raf , 16-18)
Başqa bir ayədə şeytanın doğru yodan azdırma vədi belə açıqlanır:
«Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır».
(ən-Nisə, 119)
Əgər insan şeytanın bu xüsusiyyətindən bixəbər olsa özünü ondan qoruya bilməz və asanlıqla onun tələlərinə düşə bilər. Bu səbəblə mömin Quranda xəbər verilən bu həqiqəti daima xatırlamalı, şeytanın zəlalətə dəvət edən çağırışlarına qarşı daima oyaq olmalıdır. Belə ki, bir ayədə belə buyurulur:
«Həqiqətən, şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır»
(Fatir ,6)
Möminlər şeytanın hiylələrinə qarşı hamıdan daha diqqətli olmalıdırlar. Çünki şeytanın əsl məqsədi onları doğru yoldan azdırmaqdır. İnkarçıları azdırmaq üçün cəhd etməsinə ehtiyac yoxdur, çünki onlar onsuz da şeytanın ordusuna dönmüşdürlər. Bu səbəbdən şeytan var gücü ilə möminləri mənəvi cəhətdən zəiflətmək, onları müxtəlif məkrlərlə dini əxlaqı öz həyatlarına tətbiq etməkdən çəkindirməyə çalışır. Bu səbəbdəndir ki, Allah şeytanın fitnələrinə qarşı möminlərə belə xəbərdarlıq edir:
«Ey iman gətirənlər! şeytanın yolunu tutub getməyin! Kim şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı) əmr edər. Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir!».
(Nur,21)
Allahın Quranda bildirdiyi kimi şeytan bu fəaliyyəti ilə ixlaslı möminlərə təsir edə bilməyəcəkdir. Amma zəiflik göstərən və qəflətə düçar olanların şeytanın bu mənfi dəvətinin təsiri altında qalmaları mümkündür. Unutmamaq lazımdır ki, şeytan fəaliyyətini heç dayanmadan, fasiləsiz, daima davam etdirməkdədir. Mömin də buna qarşı daima Allahı zikr etməli, hər an diqqətli və mənəvi cəhətdən ayıq-sayıq olmalıdır.
ŞEYTANIN VICDANLI INSANLAR ÜZƏRINDƏ
HEÇ BIR TƏSIRI YOXDUR
Yuxarıda deyilənlərdən bu nəticəyə gəlmək olar ki, şeytan həqiqətən özündən qorunulması vacib olan bir gücdür. Ancaq bunu da qeyd etmək lazımdır ki, şeytanın gücü son dərəcə zəifdir. Allah bir ayədə şeytanın bu halını bizə belə izah edir:
«İman gətirənlər Allah yolunda, kafir olanlar isə şeytan yolunda vuruşurlar. O halda şeytanın dostlarıyla (kafirlərlə) vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir!».
(Nisə,76)
Şeytana insanlara təsir edə bilmə imkanı Allaha iman edənlərlə şübhəyə düşənlərin bir-birindən ayırd edilə bilməsi üçün verilmişdir. Hər şeydən əvvəl onu qeyd edək ki, şeytan özünə məxsus müstəqil bir qüvvə sahibi deyildir və Allahın diləməsi xaricində bu gücündən istifadə edə biləcək bir varlıq deyildir. Şeytan Allahın insanı sınağa çəkməsi üçün istifadə etdiyi mənfi bir gücdür. Allah qullarını sınağa çəkmək və kimlərin vicdanlarına uyğun hərəkət etdiyini göstərmək üçün şeytanı və ona meyil edən nəfsi yaratmışdır. Şeytanın da fərqinə vardığı bir həqiqət vardır ki, səmimi və vicdanlı insanlara qarşı o çox zəifdir. Onları heç vaxt öz təsir dairəsinə sala bilməz. Onlara qarşı heç bir hiyləsi baş tutmur. Bu hal bir çox Quran ayəsində xəbər verilmişdir:
«Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur! şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (İnsanların Allaha şərik qoşmalarının əsas səbəbi onların şeytana itaət etmələri, şeytanı özlərinə dost, havadar seçmələridir!)».
(ən-Nəhl,99-100)
————-
Yaşar Qurbanov