Müşriklər belə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. (Onlara) de: “Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!” (6/148)

Allaha birbaşa ibadət etmək istəməyən, “biz ancaq vasitələr axtarmalıyıq” deyən müşriklər: “Əgər Allah diləsəydi, nə biz müşrik olardıq, nə də atalarımız müşrik olardı və heç bir şeyi özbaşımıza haram etməzdik”, – deyərək şirkdə olmalarını Allahın iradəsinə bağlamaq istəyirdilər. Bu, ‘bəhanə uydurma’‘günahı başqasının boynuna yıxma’ psixologiyasıdır ki, insana heç bir faydası toxunmaz. Günümüzdə də bir çox şirk əhli və eyni zamanda inancsızlar (ateist, deist və aqnostiklər) keçmişdəkilərin etdiklərinin eynisini edirlər. “Allah nəyə görə filan şeyi etdi?”, “Allah nəyə görə pis şeylərin baş verməsinə izn verir?” , “Allah istəsəydi belə olardı” və digər bu kimi ittihamları çox eşitmişik. Keçmiş inancsızlar da bu cür elmsiz düşüncələrə qapılırdılar. Quran gəlmiş və bütün bunlara cavab verərək, bu iddiaların hamısını rədd etmişdir. Keçmiş və ya günümüzdəkı iman etməyənlər ya bu Kitabı oxumadılar, ya da üzərində çox düşünmədilər.. İnsanların geyimi və yaşayış normaları dəyişə bilər, lakin, düşüncə və hislər mövzusunda istər keçmiş, istərsə də müasir insanların eyni düşündüyünü bir daha bariz şəkildə görmüş oluruq. Bu, əslində Quranın hər dövr üçün qüvvədə olan bir ilahi Kitab olmasının növbəti isbatıdır.

De: “Tutarlı dəlil yalnız Allaha məxsusdur. Əgər O istəsəydi, (əlbəttə ki) sizin hamınızı doğru yola yönəldərdi”. (6/149)

Növbəti ayədə, Uca Allah bu iddiaların çox zəif və əsassız olduğuna bir daha işarə edir. Əlbəttə ki, Allah diləsəydi, qullarından heç kim günaha meyl etməzdi. Ancaq O, qullarını yaxşı (savab) və pis (günah) əməllər edə biləcək qabiliyyətdə yaratdı və onlara iradə, seçim haqqı verdi. Uca və Ədalətli olan Allah, Öz İradəsini (seçimini, bir işin reallaşmasını əmr etməsini), bəndələrinin seçiminə (iradəsinə) bağladı. Yəni, bəndəsi yaxşı və ya pis yolu özü seçir və Allah da, ədaləti gərəyilə bunun reallaşmasına izn verir.

 

Lakin Allah, pis işləri sevməz və ondan razı olmaz. Reallaşmasına izn verməsi, ondan razı olması anlamına gəlməz. Uca Yaradan, ancaq xeyirli və yaxşı şeylərdən razı olar, şərr və pisliklərdən əsla razı olmaz. O, istəsəydi insandakı günah etmə xüsusiyyətini ondan alar və beləcə, bütün insanların hidayət və doğru yola gəlmələrini təmin edə bilərdi. Lakin o zaman imtahan hikməti ortadan qalxar və məqsəd hasil olmazdı. Uca Rəbbimizin bu iki ayədə bizlərə çatdırmaq istədiyi də, budur.

 

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr