featured-image-2573

1. Əbu Hureyrə (r) peyğəmbərin (s) belə dediyini rəvayət edir: “Cəfəri Cənnətdə mələklərlə birlikdə uçan gördüm” (ət-Tirmizi, “Mənaqib”, 3767).
2. Əş-Şəbi (r) rəvayət edir ki, İbn Ömər (r) Cəfərin (r) oğlu Abdullaha salam verərkən: “Sənə salam olsun, ey iki qanadlı adamın oğlu!” — deyərdi. (Buxari, “Kitabul-fadail əshab”, 10/57).
3. Əbu Hureyrənin (r) belə dediyi rəvayət olunur: “İnsanlar: “Əbu Hureyrə çox hədis rəvayət edir” — deyirlər. Halbuki mən qarnımın doyması müqabilində Rəsulullahdan (s) ayrılmazdım. Hətta mən maya vurulmuş çörək yeməzdim, təzə və gözəl paltar geyinməzdim. Mənə heç bir kişi və qadın xidmət etməmişdir. Mən aclıqdan qarnıma daş bağlayardım. Halımı başa düşərlər ümidi ilə mən əzbər bildiyim ayələri bir kimsəyə-o məni evinə aparsın, məni doyursun məqsədi ilə oxumaq istəyirdim. Fağırlar, miskinlər, kasıblar üçün insanların ən xeyirlisi Cəfər bin Əbu Talib idi. O bizi evinə aparar, evində olanlardan bizi yedirərdi. Hətta bəzən içi boşalmış yağ qabını verirdi, biz də onu kəsər və içində qalan yağ qırıntılarını yalayardıq” (Buxari, “Kitabul-fadail əshab”, 10/56; Tirmizi, “Mənaqib”, 3770).
4. Əl-Bəra (r) Rəsulullahın (s) Cəfərə (r) belə dediyini rəvayət edir: “Əxlaq və yaradılış baxımından sən mənə oxşayırsan” (Buxari, “Kitabus- sülh”, 6/9, “Kitabul-məğazi”, 45/263; Müslim, “Cihad”, 90 (178); ət-Tirmizi, “Mənaqib”, 3769).
Bu hədislər Cəfər bin Əbu Talibin (r) fəzilətinə dəlalət edir.
İlk müsəlmanlardan sayılan Cəfər bin Əbu Talib (r) Əlidən (r) 10 yaş böyük və onun doğma qardaşıdır. Həbəşistana hicrət etmiş, peyğəmbər (s) onunla kral Nəcaşiyə məktub göndərmiş, onu mühacirlərə başçı və krala elçi təyin etmişdi. İki dəfə hicrət etmişdir. Xeybərin fəthi günü həbəşistandan Mədinəyə gəlmişdir. Peyğəmbər (s) onu qucaqlayıb , alnından öpüb və: “Bilmirəm, Cəfərin gəlişi, yoxsa Xeybərin fəthi səbəbi ilə daha çox sevinməliyəm” — demişdir.
Ləqəbi Əbu Abdullah ət-Təyyardır (Qanadlı Cəfər). Bu ləqəbi hicrətin 8-ci ilində 41 yaşında ikən şəhid olduğu Muta döyüşündə almışdır. Bu döyüş zamanı Zeyd bin Haris öldürüldükdən sonra Peyğəmbərin (s) dediyi kimi, sərkərdə oldu və bayrağı götürdü. Döyüş zamanı əllərini itirmiş və şəhid olmuş Cəfər (r) haqqında Rəsulullah (s): “Qolları kəsildi, ancaq Allah onların əvəzinə iki qanad verdi, Cənnətdə uçur” — müjdəsini verdi. Bədəninin 10 hissəsində 70-dən artıq yara aldığı qeyd olunur .
Əbu Hureyrə (r) Cəfərin (r) kasıblara qarşı münasibətinə, əliaçıqlığına görə ona Əbu Məsakin (kasıbların atası) ləqəbini vermişdir.
Rəsulullah (s) demişdir: “Məndən əvvəl hər peyğəmbərə yeddi seçilmiş vəzir verilmişdir. Mənə on dörd vəzir verildi: Həmzə, Cəfər, Əli, Həsən, Hüseyn, Əbu Bəkr, Ömər, Miqdad, Huzeyfə, Səlman, Ammar və Bilal”. Rəsulullah (s) Cəfərin ölümünə üzülmüş, gözlərinin yaşını axıtmışdır. Aişə (r) deyir ki, “Cəfərin ölüm xəbəri gəldikdə Rəsulullahın kədərləndiyini gördük”.

———-
Yaşar Qurbanov
“İslam Nuru” kitabı

Bənzər Məqalələr