featured-image-3613

Əbu Zər əl-Ğiffəri (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu söyləmişdir: “Harada olursan ol, Allahdan qorx. Pis işin ardınca onu silən yaxşı əməl et və insanlarla gözəl əxlaqla davran.” İmam Əhməd və Tirmizi rəvayət etmişlər. ( Tirmizi: Xeyirxahlıq və qohumluq əlaqələri ? 1987. Əhməd: 5/153. Darimi: Raqaiq ? 2791.)
ŞƏRH
Bu əzəmətli hədisdir. Peyğəmbər (s.a.v) burada Allahın haqqı ilə bəndələrin haqlarını bir yerə cəm etmişdir. Allahın qulları üzərindəki haqqı, Ondan lazımınca qorxmalarıdır. Qadağalardan çəkinmək və vacibləri yerinə yetirməklə Allahın qəzəbindən və əzabından qorunmalıdırlar.
Bu, Allahın birincilərə və sonunculara verdiyi tövsiyədir. Hər bir peyğəmbər öz ümmətinə belə nəsihət etmişdir: “Allaha ibadət edin və Ondan qorxun.”
Uca Allah təqvanın (yəni, Allah qorxusunun) xüsusiyyətlərini Öz kəlamında belə zikr etmişdir: “Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbir edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!” (Bəqərə, 177). Başqa ayədə uca Allah belə buyurur: “Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin.” (Ali İmran, 133). Sonra təqvanın xüsusiyyətlərini qeyd edərək buyurur: “O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.” (Ali İmran, 134).
Allah müttəqiləri dinin əsaslarına, etiqadlarına, zahiri və batini əməllərinə iman gətirən, bədən və mal cəhətdən ibadətləri yerinə yetirən, rahat və çətin anlarda səbir edən, insanları bağışlayan, onlara əziyyət verməyən, yaxşılıqlar edən, pis iş gördükdə və ya nəfslərinə zülm etdikdə dərhal bağışlanma diləyən, tövbə edən kimi vəsf etmişdir. Peyğəmbər (s.a.v) bəndəyə harada olmasından asılı olmayaraq bütün vaxtlarda, məkanlarda və hallarda təqvalı işləri əmr və tövsiyə etmişdir. Çünki o hər bir halında təqvaya çox böyük ehtiyac duyur.
Peyğəmbər (s.a.v) qulun təqva və onun vacib məsələləri ilə bağlı müəyyən qüsurlara yol verə biləcəyini nəzərə alaraq, bu nöqsanları dəf edib siləcək işi əmr etmişdir. Bu, pis əməlin ardınca yaxşı əməl edilməsidir. Yaxşı əməl, insanı Allaha yaxınlaşdıracaq hər bir işə verilmiş ümumi addır. Pis əməli dəf edəcək ən əzəmətli yaxşı iş, səmimi şəkildə edilən tövbə, bağışlanma diləmə, Allahı zikr etmək, Onu sevmək, Ondan qorxmaq, Ona ümid bəsləmək və bunları çox böyük bir istəklə hər zaman yerinə yetirməkdir. Həmçinin şəriətin təyin etdiyi mal və bədən vasitəsilə icra edilən kəffarələr (bağışlanmalar) bu növ işlərdən sayılır.
İnsanları bağışlamaq, yaradılanlara yaxşılıq etmək, sıxıntını götürmək, çətinliyə düşənlərin işlərini asanlaşdırmaq, hər kəsdən zərəri və məşəqqəti uzaqlaşdırmaq kimi yaxşı əməllər, pis əməlləri silən işlərdəndir. Uca Allah buyurur: “…Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar.” (Hud, 114).
Peyğəmbər (s.a.v) buyurur: “Beş namaz, cümə digər cüməyə və Ramazan ayı (növbəti) Ramazan ayına qədər baş verəcək böyük deyil, kiçik günahları bağışladır.”
(Müslim: Təharət ? 233. Tirmizi: Namaz ? 214. İbn Macə: Namaz qılmaq ? 1086. Əhməd: 2/400. )
Bir çox itaətlərlə bağışlanma qazanmaq haqqında kifayət qədər Quran ayələri və hədislər vardır.
Günahlara kəffarə olan səbəblərdən biri də müsibətlərdir. Allah, möminə üz verən hər bir qəm-qüssəni, kədəri, əziyyəti və hətta batan tikanı belə onun günahları üçün kəffarə etmişdir. Bu, ya sevilən bir şeyin itirilməsi, ya da bədəndə, qəlbdə, mal-dövlətdə, daxildə və ya xaricdə xoşagəlməz işin baş verməsi ola bilər. Müsibətlər qulun ixtiyarı olmadan baş verir. Buna görə də Peyğəmbər (s.a.v) hədisdə insana öz ixtiyarında olan işi görməyi əmr edir. Bu, pis işin ardınca yaxşı əməlin görülməsidir.
Peyğəmbər (s.a.v) dinin bütün etiqad məsələlərində, batini və zahiri əməllərində təqvalı olmaq barədə tövsiyə edərək Allahın haqlarını xatırlatdı və sonra buyurdu: “İnsanlarla gözəl əxlaqla davran.”
Gözəl əxlaq ilk növbədə hər bir sahədə insanlara əziyyət verməmək, onların pisliklərini və törətdikləri narahatçılıqları bağışlamaq, onlarla xoş söz və gözəl əməl vasitəsi ilə yaxşı davranmaqdır. Xüsusi gözəl əxlaq normaları: insanlarla mehriban davranmaq, onlara qarşı səbirli olmaq, əsəbiləşməmək, gülərüzlü olmaq, xoş sözlər söyləmək, ətrafındakıları sevindirmək, tənhalıqlarına və çətinliklərinə son qoymaqdır. Bəzən zarafat etmək daha yaxşı olar. Lakin çox zarafat etmək olmaz. Sözün zarafatı, yeməyin duzu qədər olmalıdır. Onun heç olmamağı, yaxud çox olmağı məzəmmət edilir.
Hər kəslə ona yaraşan tərzdə ünsiyyətdə olmaq gözəl əxlaqdan sayılır. Böyük, kiçik, ağıllı, axmaq, alim və cahil ilə onlara uyğun şəkildə rəftar etmək lazımdır.
Kim Allahdan qorxar və təqvasını gerçəkləşdirər, həmçinin hansı təbəqədən olmasına baxmadan insanlarla gözəl əxlaqla davranarsa, bütün xeyri əldə etmiş sayılar. Çünki o, Allahın və insanların haqlarını yerinə yetirmişdir. Bu cür şəxs, Allaha ibadətlərində və Allahın qulları ilə davranışında muhsinlərdən olmuşdur.

—————
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı