featured-image-3702

İbn Abbas (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Mirası, ona haqqı çatanlara verin. Nə qalarsa, onu yaxın qohum olan kişiyə verin.” Buxari və Müslim rəvayət etmişlər.
(Buxari: Faraid ? 6351. Müslim: Faraid ? 1615. Tirmizi: Faraid ? 2098. Əbu Davud: Faraid ? 2898. İbn Macə: Faraid ? 2740. Əhməd: 1/292.)

Əbu Umamə əl-Bəhili (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Həqiqətən Allah, hər bir haqq sahibinə haqqını vermişdir. Buna görə varis üçün vəsiyyət yoxdur.” Əbu Davud, Tirmizi və İbn Macə rəvayət etmişlər.
(Tirmizi: Vəsiyyətlər ? 2120. Əbu Davud: Alış-veriş ? 3565. İbn Macə: Vəsiyyətlər ? 2713. Əlbani bu hədisin səhih sənədli olduğunu söyləmişdir.)

Bu iki hədis özündə miras və vəsiyyətlə bağlı bir çox hökmləri əhatə etmişdir. Uca Allah mirasın hökmlərini tam və aydın bir şəkildə açıqlamışdır. O, hər bir haqq sahibinə haqqını vermişdir. Həmçinin Peyğəmbər (s.a.v) mirası haqqı çatanlara verilməsini əmr etmişdir. Miras sahiblərini digər qohumlardan önə çəkmiş, artıq qalmış hissəsini ən yaxın kişi qohuma verməyi tapşırmışdır. Yaxın kişi qohumlar dedikdə nəsil şəcərəsinin əsasında və qollarında olan kişilər, eləcə də əsas qolun törəmələri və himayədə olanlar daxildirlər.
Ata tərəfdən iki və daha çox qohum arasında seçim olarsa, ən yaxını irəli çəkilər. Onlar yaxınlıqda eyni olduqda, daha yüksək mərtəbəyə sahib olanı önə çəkmək lazımdır. Belə ki, oğul, nəvədən, əmi, əmi oğlundan irəlidədir. Əgər ikisi də eyni mərtəbədə olarlarsa, daha yaxın qohumluq əlaqəsi olan önə çəkilir. Bunu yalnız nəsil şəcərəsinin əsas qolunun törəmələrində təsəvvür etmək olar. Məsələn, qardaşlar, əmilər və onların oğullarından ataya güclü bağlılığı olan, yəni doğma olanı seçilir.

Peyğəmbərin (s.a.v) : “yaxın qohum olan kişiyə” sözlərinin məğzi də elə budur. Yəni, yaxın tərəf, mərtəbə və ya güclü bağlılıq əsas götürülür və bu tərtibə riayət edilir.
Buradan aydın olur ki, Quranda qeyd olunan varislərin hər biri, ata tərəfdən qohumluğu çatan şəxslərdən önə çəkilməlidirlər və onlara düşən mirası ilk olaraq almalıdırlar. Əgər Quranda zikr edilən varislərə miras paylandıqdan sonra ondan heç nə qalmazsa, ata tərəfdən qohumluğu çatan şəxslərin nəyisə iddia etməsi mümkün deyildir. Vəfat etmiş qadına gəlincə, onun ölümündən sonra əri, anası, anabir və doğma qardaşları qalıbsa, əri mirasın yarısını, anası altıda birini, ana bir qardaşlar isə üçdə birini alırlar.

Bunlar miras çatacaq adamlardır və onların payları verilməlidir. Doğma qardaşlar haqqında isə, heç nə buyurulmayıbdır. Belə ki, onlar ata tərəfdən qohumdurlar. Çoxsaylı dəlillərə əsasən bu, doğru qərardır. Məsələnin ən aydın dəlilləri bunlardır:
Peyğəmbərin (s.a.v) : “Mirası, ona haqqı çatanlara verin.” kəlamı əsas götürülərək söylənilmişdir ki, əgər miras sahibləri çox olsalar və bölgüdə sıxlıq yaransa, biri-digərini payından azad edə bilməsə, o zaman miras sahiblərinin payından kəsilib kəsirlər tamamlanmalıdır. Hər miras sahibinin payı nisbətində kəsir olur. Borc məsələsində də belədir. Əgər borclunun mövcud mal-mülkü borcu ödəməyə kifayət etmirsə, onlara borc miqdarında miras payı verilir. Bu, ədalətə uyğundur.
Əgər hər hansı bir məsələdə eyni hüquqa malik olan və biri-digərindən üstün olmayan tərəfləri tam şəkildə razı salmaq mümkün deyilsə, hərəsinin miras haqqı qədər payı azalır. Bu, hədiyyələr, vəsiyyətlər, vəqflər və digər oxşar məsələlərdə olur. Həmçinin artıq qalan da onların mülkləri və haqları nəzərə alınaraq bölünür.
Hədisə əsasən, əgər Quranda zikr edilən varislər olmazsa, mülkiyyət yuxarıdakı tərtib üzrə ata tərəfdən olan qohumlar arasında bölünər.
Həmçinin hədis dəlildir ki, əgər varislərdən başqası, yəni, ata qohumları olmazsa, artıq qalan miras payı Quranda deyilən bölgü miqdarı ilə onlara verilir. Əgər mirası Quranda göstərildiyi dəqiqliklə bölmək mümkün deyilsə, onda hər bir varisin payı müvafiq qaydada azaldılır. Çünki mirasın vacib edilməsinin və müəyyən miqdarlara bölünməsinin hikməti, mülkiyyətdən ata tərəfin qohumları üçün də payın qalmasıdır. Əgər onlar mövcud deyillərsə, həmin qalan hissə haqqı çatanlara qaytarılar.
Hədis, varisdən qeyrisinə vəsiyyət etməyin düzgün sayıldığını bildirir. Lakin burada açıqlama verilməlidir. Əgər vəsiyyət edən şəxs varlıdırsa və o, öz varislərini yetərli imkanlarla tərk edirsə, bu əməl bəyənilən hesab edilir. Yox əgər vəsiyyət edən kasıbdırsa və onun varisləri imkansızlıqları və çoxluqları üzündən bütün mülkə ehtiyac duyurlarsa, yaxşısı budur ki, həmin şəxs (başqasına) vəsiyyət etməsin və malını varisləri üçün saxlasın.
Varis üçün edilən vəsiyyətə gəlincə, hədis bunu qadağan edir. Səbəbi Peyğəmbərin (s.a.v) bu sözləridir: “Həqiqətən Allah, hər bir haqq sahibinə haqqını vermişdir. Buna görə varis üçün vəsiyyət yoxdur.”
Kim varisə vəsiyyət edərsə, Allahın qoyduğu hədləri aşmış və miras sahibləri arasında fərq qoymuş olar. Alimlərin yekdil rəyinə əsasən, bunu nə vəsiyyət, nə hədiyyə, nə də vəqf şəklində etmək olmaz.
Bir neçə alim müxalif olaraq, buna icazə vermişlər. Onların bu qərarı hədisin sözlərinə və mənasına ziddir.
Yad adama və ya xeyriyyə məqsədi ilə mirasın üçdə birini və ya daha azını vəsiyyət etmək icazəlidir. Yuxarıda qeyd olunan işlərə üçdə birdən artıq pay ayrılması, yalnız varisin icazəsi ilə edilə bilər.

—————–
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı