featured-image-621

İslam qadına elə bir hüquq və üstünlüklər vermişdir ki, bunları ona heç vaxt heç bir ictimai və konstitusyon quruluş verməmişdir. Bu məsələ ayrı-ayrı deyil, bütöv bir şəkildə müqayisə yolu ilə öyrənildikdə aydın olur. Qadının hüquq və məsuliyyəti kişinin qanunlarına bərabər, ancaq bunlar mütləq eyni deyil. Bu fərq aydındır, çünki kişi və qadın eyni deyil, ancaq bərabər yaranıblar.

Bərabərlik və oxşarlıq arasındakı bu fərq birinci dərəcəli əhəmiyyətə malikdir. Bərabərlik arzu olunandır, ədalətlidir, oxşarlıq isə yox. İnsanlar eyni yaranmayıblar, ancaq onlar bərabər yaranıblar. Bu fərqi başa düşərək, qadının kişidən alçaqda durmasını təsəvvür etmək olmaz. Qadının hüquqları, kişinin hüququqlarına bənzəmədiyindən onun kişidən az əhəmiyyət kəsb etməsini təsdiqləməyə əsas yoxdur.
İslamın qadına eyni yox, ancaq bərabər hüquq verməsi faktı göstərir ki, İslam ona lazımi diqqət yetirir, onu tanıyır və həmçinin onun şəxsiyyətinin müstəqilliyini təsdiqləyir. İslamın qadının mövqeyinə olan münasibətində aşağıdakıları göstərmək olar.
1. İslam qəbul edir ki, insan nəslinin ardıcıllığının təmin edilməsi prosesində qadın və kişinin hüquqları bərabərdir.
2. Şəxsi və ictimai məsuliyyət daşımaqda və öz əməllərinə görə mükafatlandırılmaqda qadın kişiyə bərabərdir.
3. Qadın təhsil və bilik almaqda kişiyə bərabərdir. İslam müsəlmanlara bilik almağı məsləhət görəndə kişi və qadına fərq qoymur.
4. Qadın kişi kimi öz fikrini azad ifadə etmək hüququna malikdir. Onun fikir ifadə etməsi nəzərə alınır və ancaq qadın cinsinə məxsusu olduğu üçün bu fikrə etinasızlıq göstərilmir. Bundan əlavə elə hallar olurdu ki, müsəlman qadınları dövlət əhəmiyyətli qanunvericilik məsələlərində də öz fikirlərini bildirirdilər. Xəlifələr qadınların sağlam məsləhətlərini qəbul edirdilər. Belə hallar Ömər İbn Xəttabın xəlifəliyi dövründə olmuşdur.
5. İslamda qadının həyatı, onun mülkiyyəti, onun namusu kişinin namusu kimi müqəddəsdir. Əgər o, hansı bir cinayət edərsə, onun cəzası kişinin cəzasından nə azdır, nə də çoxdur. Əgər ona bir ziyan vurularsa o kişinin belə vəziyyətə düşdükdə aldığı qədər müvafiq ödəniş alır.
6. Qadını müstəqil insan, insanın varlığı üçün vacib qəbul etməkdən əlavə, İslam əmlakın bir hissəsinə varislik hüququ vermişdir. İslama qədər bu varislikdən məhrum olaraq qadın kişinin əmlakı sayılırdı. Əsas etibarilə, həm kişi və həm də qadın öz ölmüş qohumlarının əmlakına bərabər hüquqlu varisdirlər. Ancaq onların alacağı payın miqdarı müxtəlifdir. Bəzi hallarda kişi əmlakın iki hissəsini, qadın isə ancaq bir hissəsini alır. Bu o demək deyil ki, kişiyə, qadına nisbətən üstünlük verilir. Kişinin bu halda çox alması səbəbləri aşağıdakı kimi təsnif edilə bilər!
Birincisi, kişi öz arvadı, ailəsi və hər bir ehtiyacı olan qohumları qarşısında tam kömək göstərməkdə məsuliyyət daşıyan bir şəxsdir. Bütün maliyyə xərcləri onun üzərinə düşür.
İkincisi, kişidən fərqli olaraq qadın xırda xərclərdən başqa heç bir şeyə maliyyə məsuliyyəti daşımır. O, maliyyə cəhətdən qorunur və təmin olunur.
Üçüncüsü, əgər qadın kişidən az qazanırsa, o əldə etməyə can atdığı çalışdığı şeylərdən həqiqətdə məhrum edilmir. Varisilikdə əldə edilmiş əmlak onun qazancı və istəyinin nəticəsi deyil. Bu əlavə üstəlik gəlirdir.
Beləliklə, maliyyə məsuliyyəti daşıyan varis (kişi) İslama görə ədalətli olaraq heç bir maliyyə məsuliyyəti olmayan varisdən (qadın) çox pay alır.
7. Qadın kişiyə məxsusu olmayan müəyyən üstünlüklərə malikdir. O, bəzi dini xidmətlərdən azaddır (məsələn, aybaşı və doğuş zamanı namaz və orucdan).
O, cümə günləri mütləq məscidə getməkdən azaddır. O, bütün maliyyə vəzifələrindən azaddır. Ana kimi, Allah qarşısında o, daha çox tanınır və yüksək tutulur. «Biz insanı ata-anasına yaxşılıq etməyə (valideynə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. Uşağın süddən kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq:) «Mənə və ata-anaya şükr et! Axır dönüş Mənədir!». Əgər ata-anan bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. Dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (Dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəm!» (Loğman, 14-15).
«Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Çünki, anası onu (9 ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınma və süddən kəsilmə müddəti 30 aydır. Nəhayət (insan) kamillik həddinə yetişib 40 yaşa çatdıqda belə deyər: «Pərvərdigara! Mənə və ata-anama əta etdiyin nemətə şükr etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməli saleh et. Mən sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam!». (əl-Əhqaf, 15).
8. Qadının namaz zamanı kişidən arxada dayanması heç zaman onun kişidən alçaqda dayanmasına ifadə etmir. Bu namazın qaydasıdır. Əhəmiyyətliliyi xarakterizə etmir. Kişi sıralarında hökümət başçısı kasıbla çiyin-çiyinə dayanır. Cəmiyyətdə yüksək vəzifə tutan kişilər, məsciddə aşağı təbəqədən olan başqa kişilərlə yan-yana dayanır. Namaz zamanı sıraların yerləşməsi elə təyin edilir ki, bütün ibadət edənlərə öz fikirlərini cəmləşdirməyə imkan yaransın. Namaza müxtəlif hərəkətlər, ayaq üstə dayanmaq, əyilmək, üzü üstə düşmək və s. daxildir. Odur ki, əgər kişilər qadınlarla bir sırada ibadət edirlərsə, bu ibadətə mane olar və diqqəti yayındırar.
Müsəlman ibadətlərinin təbiəti və təyinatı ilə azacıq anlayışı olan hər bir kəs mömin sıralarının belə təşkilində asanlıqla müdrikliyi anlaya bilər.
Anaların gələcək nəsillərin tərbiyə edilməsində rolu əvəzedilməzdir. Analar Allah və cəmiyyət qarşısında uşaqların tərbiyəsi sahəsində böyük məsuliyyət daşıyırlar. Allah-Təala Qurani-Kərimdə buyurmuşdur: «Ey iman gətirənlən! Özünüzü və ailənizi oddan qoruyun….» (Təhrim, 6).
uşaqların islami qayda-qanunlarına uyğun tərbiyəsini lazımi səviyyədə yerinə yetirmək üçün analar özlərini bütün ibadətlərdə və həyat tərzində şəriəti əsas götürməlidirlər. uşaqların tərbiyəsində aşağıdakılara xüsusi diqqət yetirilməlidir:
1) Uşaqlara «Lə iləhə illəllah və Muhəmmədən Rəsulullah» şəhadət kəlməsini öyrətmək və uşaq böyüdükcə bu şəhadətin mənasını ona izah etmək.
2) Uşağa Allahın yeganə Xaliq – Yaradan olmasını, ibadətlərin yalnız vahid Allaha aid olmasını öyrətmək.
3) Uşaqlara yeddi yaşa çatdıqda namaza biganə münasibət bəslədikdə hətta onları cəzalandırmaq və yataqlarını ayırmaq lazımdır.
4) Allaha çoxlu dua etməyi, cənnət arzulamağı, yalan danışmamağı, ata-anaya hörməti öyrətmək lazımdır.
5) Qız uşaqlarını kiçik yaşlardan hicaba və İslami libasa vərdiş etdirməli, qısa paltara icazə verilməməlidir.
6) Uşaqlara bir iş gördükdə məsələn, bir əşyanı bir nəfərə verdikdə və ya ondan aldıqda, yemək yedikdə və içdikdə sağ əldən istifadə etməyi öyrətmək lazımdır.
7) Hər hansı bir işə başladıqda uşağı, məsələn, yemək yedikdə «Bismilləh» kəliməsini deməyi öyrədin.

HİCAB VƏ LİBASIN ŞƏRTLƏRİ

Müsəlman qadını həmişə «çadra» kimi məlum olan köhnə ənənələr çərçivəsində təsəvvür edilir. Bu təmiz İslam ənənəsidir. Həmin ənənəyə əsasən qadın özünü namus, ləyaqət, ismət, təmizlik və toxunmazlıq çadrası ilə, örtüyü ilə bəzəməlidir.
O, öz ərindən qeyri başqa kişilərdə ehtiras doğuran əməl və hərəkətlərindən çəkinməli, onun mənəvi təmizliyinə şübhə yaranmasına yol verməməlidir. Qadına xəbərdarlıq edilib ki, o cəlb edici baxışla baxmamalı və ya özgə qarşısında özünün fiziki cazibədarlığını göstərməməlidir. Onun örtüyü nəfsinə əsir olmaqdan, ağlını öz istəklərinə yol verməkdən, gözlərini ehtiraslı baxışlardan və şəxsiyyətini düşkünlükdən xilas edə bilər.
Allah Sübhənəhu və Təala bu barədə Qurani Kərimdə belə əmr edir: «Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar, öz özlüyündə görünən (əl və üz) istisna olmaqla, zinətlərini (zinət yerləri boyun, boğaz, qol, ayaq, və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin). Zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qardaşlarından, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların mərhəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və bir-birinə) vurmasınlar. Ey möminlər! Yalnız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız» (Nur, 31).

«Ya peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan ayağa gizlədən) çarşablarını örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan rəhm edəndir» (Əzhab, 59).
a) Örtünmənin bütün qadınlara fərz (vacib) olması haqqında.
Artıq bu ayələr sübut edir ki, islamda olan hər bir müsəlman qadın bu ayələrə tabe olub, öz üst geyimindən əlavə başına hicab örtməlidir. (Hicab örtünmək deməkdir). Çünki, Allah təala Peyğəmbərin zövcələrinə, qızlarına və möminlərin qadınlarına özlərini yad nəzər və naməhrəmdən qorumaq üçün hicab örtmələrini əmr edir. Bu əmr kafir qadınlara aid deyil. Bizim onların işlərinə qarışmağa haqqımız yoxdur. Hicab (örtünmə) bir ibadətdir. Çünki, bunda Allah təalanın əmrini yerinə yetirmək var. Deməli, örtünmə müsəlman bir qadına namaz, oruc kimi vacib əməldir.
Demək, hər hansı bir müsəlman qadın Allah təalanın əmrini yerinə yetirmirsə, artıq o qadın mürtəd olur, yəni dindən çıxmış sayılır. Lakin bir müsəlman qadın bunları inkar etmir, lakin pozğun cəmiyyətlərə qoşulub onların yolu ilə gedirsə bu qadın mürtəd deyil; Allaha qarşı asilik etmiş olur ki, bu hərəkəti ilə də Qurani Kərimin ayələrinə qarşı müxalifət etmiş olur. Bu cür qadınlar üçün Allah təala Əzhab surəsinin 33-cü ayəsində belə deyir: «Evlərinizdə qərar tutun. İlkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi, yad kişilərə göstərməyin). Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin».
Bir iş də var ki, müsəlman olmayan qadının cəmiyyəti pozacaq şəkildə ortalıqda gəzməsi də düzgün deyil. Çünki, elə ictimai ədəblər var ki, bunlara müvafiq əməl etmək hər bir insan üçün vacibdir. Cəmiyyəti bu cür ədəbsizliklərdən qorumaq baxımından həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar eyni dərəcədədirlər.
Bu cür ictimai ədəblər İslamın şəriət siyasətidir ki, bunları hər bir müsəlman ölkəsində tətbiq etmək o ölkənin hakiminin borcudur. Müsəlmanların daha başqa bir borcu da 10 yaşına girən qız uşaqlarının başlarını örtməyə alışdırmaqdır. Bu da tərbiyə baxımından gərəklidir. Çünki, namazda da belədir. Məsələn: Rəsulullah (s.a.v.) «Uşaqlarınız 7 yaşına girdikdə onlara namaza əmr edin. 10 yaşına girdikdə namaz qılmazlarsa onları cəzalandırın» (Səhih).

b) Örtünmənin şəkli:
Allah təala mömin qadınlara izzət və şərəflərini qorumaq üçün yad kişilərin qarşısına çıxdıqda uzun bir örtük ilə paltarlarının üstündən örtünmələrini əmr etmişdir. Bu örtünmə barədə alimlər bir neçə fikir söyləmişlər.
1. Təbəri ibn Sirindən belə rəvayət edir. Abidə əs-Səlmaniyədən (Allah ondan razı olsun) bu ayə barəsində soruşanda, o, böyük bir çadra götürərək onunla bütün vücudunu örtdü. Başını da qaşlarına qədər örtdü. Üzünü də örtdü, yalnız sol gözünü açıq qoydu. Beləcə ayəni təfsir etdi. (Təbəri).
2. Təbəri və Əbu Həyyam ibn Abbasdan (Allah ondan razı olsun) belə rəvayət edirlər: «Qadın çadrasını alnının üzərinə endirər və oradan sıxar, altdan da burnunun üzərinə qədər örtər. Yalnız gözləri çöldə qalar. Üzünün qalan hissəsi ilə sinəsini tamamən örtməlidir». (Əbu Həyyam 7-ci cild, səh. 250).
3. Üzünü örtmək barədə Suyutidən belə rəvayət edilir: «Sol gözdən başqa bütün üz örtülməlidir». Əbu Həyyan belə deyir: «İspaniyada da adət Suyutinin rəvayət etdiyi kimi idi. Qadın bütün üzünü örtür, yalnız tək gözü bayırda qalırdı. (Əbu Həyyan, 3-cü cild, səh 372).
4. Abdurrəzzaq və bir camaatın rəvayətinə görə Peyğəmbərimizin (s.a.v.) zövcəsi və möminlərin anası Ümmu Sələmə (Allah ondan razı olsun) belə demişdir: «Bu ayənin enişindən sonra Mədinə qadınları qara çadralara büründülər, sanki hamının başına qarğa qonmuşdur» (Cəssas, 3-cü cild, səh. 372).
[pagebreak]
v) Şəri örtünmənin şərtləri:
Şəri örtünmənin zəruri şərtləri vardır ki, bunları belə sıralamaq olar:
1. Örtük bütün vücudu örtməlidir. Çünki, Allah təala ayədə qadınlara: «Cilbablarını geyinsinlər» buyurmuşdur. Cilbab bütün bədəni örtən geyim deməkdir. Ayədəki “yudnina” kəlməsi “idna” kökündən gələn bir feldir. “İdna” örtüyü aşağıya buraxmağı, yəni bütün bədəni örtməyi göstərir. Cələbib deyəndə bunun tək çadra yox, yəni baş, üz lazımi qaydada bağlanandan sonra, bədənin cizgilərini bəlli etdirməyən palto, manto, plaş və s. bu kimi geyimlər nəzərdə tutulur.
2. Örtük altdakı geyimi göstərəcək qədər nazik, şəffaf olmamalıdır. Çünki, hicab örtməkdə məqsəd bədəni gizlətməkdir. Nazik örtük isə altdakı paltar və bədən cizgilərini gizlədə bilməz. Baxışlara da mane ola bilməz. Bir dəfə: «Əbu Bəkrin (Allah ondan razı olsun) qızı Əsma (Allah ondan razı olsun) incə bir paltarda Rəsulullahın (s.a.v.) qarşısından keçdikdə Rəsulullah (s.a.v.) ondan üzünü çevirmişdir». (Bu hədisi Əbu Davud «Libas», Tirmizi «Fitən» səh. 24 kitablarında qeyd ediblər).
3. Örtüyün özü bir zinət əşyası və rəngli qumaşlardan olmamalıdır. Çünki, Allah təala deyir: «Zinət yerlərini göstərməsinlər». Deməli, əgər qadın bər-bəzəkli və rəngli örtük örtürsə ki, bu da yadların nəzərini cəlb edirsə, buna hicab demək olmaz və bu örtük ilə örtülməyə icazə verilmir. Çünki, örtülməkdə məqsəd zinət yerlərinin başqaları tərəfindən görünmənin qarşısını almaqdır. Rəsulullah (s.a.v.) demişdir: «Hər kim cəlbedici, bəlli edici paltar geyərsə Allah da ona Qiyamət günündə zillə paltarı geyindirər. Bu da atəşdir» (Səhihdir, Abu Daud).
4. Örtük vücud xətlərini bəlli edəcək və fitnəyə səbəb olacaq qədər dar olmamalıdır.
Çünki, Rəsulullah (s.a.v.) «Görmədiyim iki sinif insan vardır ki, onlar cəhənnəmin əhlidirlər. İnəklərin quyruğuna oxşayan dəyənəkl insanları döyənlər və geyinmiş lakin çılpaq görünən, pisliyə meyl edən və meyl etdirən, başları xorasan dəvəsinin əyri güvəclərinə bənzəyən qadınlardır. Bu sinif insanlar cənnətə girməyəcək, heç qoxusunu da duymayacaqlar».
Başqa bir hədisdə rəvayət olunur ki, «Cənnətin iyi beş yüz illik məsafədən gəldiyinə baxmayaraq, bu insanlar onu duymaz». (Müslim, «Cənnət van-Nər» 2-ci cild, səh. 128).
Bu hədisi-şərif Rəsulullaha (s.a.v.) Allah taala tərəfindən göstərdiyi bir möcüzədir. Çünki, özündən 1400 il sonra gələn bir şeyi açıqlayıb başa salmışdır.
5. Örtükdən gözəl qoxu gəlməməlidir. Çünki, gözəl qoxu kişiləri cəlb edir və şəhvət hissi oyadır.
Rəsulullah (s.a.v.) «Harama baxan göz və gözəl ətir vurub kişilərin arasına çıxan qadın zina etmişdir» demişdir.
Digər bir rəvayətdə: «Bir qadın gözəl qoxu sürtüb kişilərin arasından keçər və kişilər bu qoxunu duyarlarsa, o qadın zina etmiş sayılır» (Əbu Davud, Tirmizi-ədəb. Əhməd ibn Hənbəl, Müsnəd 400-4).
Musa bin Yəsardan belə rəvayət edilmişdir: «Gözəl ətir sürtmüş bir qadın keçirdi. Əbu Hureyrə (r.a) ona: «Ey Cabbarın anası hara gedirsən?» – deyə soruşdu. Qadın: «Məscidə» cavabını verdi. O zaman Əbu hureyrə (r.a): «Evinə dön. Qoxu gedənə qədər yuyun». Çünki, mən Rəsulullahdan (s.a.v.): «Allah taala sürtdüyü qoxunu ətrafa yayaraq, məscidə gedən bir qadının namazını, evə dönüb yumayana qədər qəbul etməz» dediyini eşitdim. (Tərğib və Tərhib, 3-cü cild, səh. 85).
6. Qadın nə kişi paltarı geyməməlidir, nə də geydiyi paltar kişi paltarına bənzəməlidir.
Çünki Əbu Hureyrə (r.a) «Rəsulullah (s.a.v.) kişi paltarı geyən qadını lənətləmişdir» – buyurmuşdur. (Əbu Davud, Libas 4098).
Digər bir hədisdə isə Rəsulullah (s.a.v.) «Allah özlərini qadınlara bənzədən kişilər və özlərini kişilərə bənzədən qadınlara lənət etmişdir» deyə buyurmuşdur.
7. Kafir qadınların paltarlarına bənzəyən paltarlardan istifadə etmək haramdır. Rəsulullah (s.a.v.) demişdir: «Bir qövmə bənzəyən onlardandır» (Səhih Əbu Davud).
8. İslami qanunlara uyğun olaraq paltarda hər hansı bir bütpərəstlik simvolu və ya çoxallahlıq ənənələrinə müvafiq cizgilər olmamalıdır. Belə simvollardan xaç, hindilərin müxtəlif şəkilləri, insan və heyvan surətlərini göstərmək olar.
Bütün göstərdiyimiz ayə və hədislər göstərir ki, qadının örtünməsi vacibdir. Bu örtünmə bütün şübhəli yolları kəsir. Qadın və kişilərin qəlbinə şeytanın vəsvəsə verməsi üçün şərait yaratmağa imkan verir. Qadınların namus və izzətlərinin qorunması, onlara əziyyət edilməsinə səbəb olur.
Həqiqətən də hal-hazırda qadın və kişilər Allah təalanın dilindən, Rəsulullahın (s.a.v.) yolundan uzaqlaşdıqca, insanlara bəlalar gəlir. Cəmiyyətdə pozğunluq yaranır. Kişilər evlənmir, qadınlar ərə getmir. Evlənənlər də, az müddət yaşayıb ayrılırlar. Çünki, onların dünyaya məhəbbətləri, axirət-cənnət məhəbbətindən daha güclüdür. Bu cür qadınlar dünyanın keçici bər-bəzəyini, naz-nemətini, axirətin əbədi həyatına satırlar. Həqiqətən də, əgər qadın əri üçün yox, yadlar üçün bəzənib-düzənirsə, o qadın kimə lazımdır. Mömin qadın isə ancaq əri üçün bəzənər. Bu barədə gözəl hədis var: «Dünya keçici nemətlərlə doludur. Ən gözəl neməti saleh qadındır. Ona baxanda səni fərəhləndirir. Əmr edəndə yerinə yetirir. Evdə olmayanda namus, izzət və malını qoruyur» (Səhih).
Bir ət parçası asıb, onu örtməyəndə ona çoxlu milçək qonub, onu bulaşdırıb murdar edir. Qadın da açıq gəzib bədənini yadlara göstərəndə, yad nəzərlər o qadına şəhvət hissi ilə baxıb, ondan həzz alanda, bu baxışlar da o qadını həmən ət parçası kimi çirkləndirib murdarlayır. O ət parçasını heç kəs almadığı kimi bu cür qadınlara da heç kəs evlənməz. Bu cür qadınlar cəmiyyət üçün də qorxuludur. Çünki, bu qadınların beynində ancaq, bəzənib-düzənmək, özünü kiməsə göstərmək fikri olduğu üçün, onlar nə ərlərini, nə də övladlarını fikirləşir. Ondan törənən uşaq da nəzarətsiz qalıb, avara adamlara qoşulub, içki içib, narkomanlıq edirlər. Cəmiyyət də belə pozulur. Amma bir alim deyir: «Qadın incidir, inci isə sədəf içində olar. Qadının sədəfi isə onun örtüyüdür».

MƏSULİYYƏT TƏLƏB EDƏN XÜSUSLAR

Hər bir müsəlman qadın Allahın verdiyi fitrətə (yəni Allahın yaratdığı kimi) tabe olmalıdr.
1) Onlar kəsilmiş və təmiz olmalıdır. Çünki, onlar uzun olanda insan vəhşi heyvana bənzəyir, onların arasına çirk yığılır, onları yumaq olmur. Bəzi müsəlman qadınlar indi kafirləri təqlid edib onlar kimi uzun dırnaq buraxırlar.
2) Qadın fitrətdən olan qoltuq altındakı və övrət yerlərinin tüklərini təmizləməlidir. İmkan daxilində bu həftədə bir dəfə, ən geci qırx gündə bir dəfə olmalıdır.
3) Üçüncü qadınların saçlarının tam qırxılması haramdır və yaxud kişi kimi qısaldılması da haramdır. Lakin yumağa çətinlik törədirsə bu vaxt və ya başqa bir səbəbdən bir az qısaltmaq olar. Qadınların saçı, kişinin saqqalı kimi, onun xarici görünüş və gözəlliyini tamamlayır. Saçı bu cür kəsmək ona görə haramdır ki, qadın nə kafirə, nə də kişiyə bənzəməsin. Qadın öz saçlarının qeydinə qalıb, onlara qulluq etməlidir. O, onları hörməlidir, lakin, onları başı üzərində və boyun ardında toplamamalıdır. Böyük İslam alimi Şeyx İbn Teymiyyə deyir ki, «özünüzü pis yola gedən qadınlara bənzətməyin, onlar kimi tək hörük hörüb ortadan sallatmayın». Qadınlar saçlarına əlavə edə bilməzlər, çünki, Peyğəmbərimiz (s.a.v.) başına saç qoyanı və qoyduranı lənətləyib.
4) Qadınların qaşlarının alınması haramdır. Peyğəmbərimiz (s.a.v.) bunu edən və etdirənləri də lənətləyib. Çünki, bununla qadın Allahın yaratdığını dəyişmiş olur. Allah Sübhənəhu və Təala Nisa surəsinin 119-cu ayəsində deyir: «Şeytan deyir:…«Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm». Əgər kim bunları edirsə şeytana qulluq etmiş olur.
5) Musiqiyə qulaq asmaq da şeytanın hiylələrindən biridir və haramdır. Çünki insanın imanını aşağı salır, ağlını sərxoş edib, qəlbini Qurandan uzaqlaşdırır, günahlara və üsyana qaldırır. Musiqi şeytanın Quranıdır və insan ilə Allah arasında qalın pərdədir. Musiqi həm də iki tərəfdən fitnə oyadır. Qadının səsi və cəlbedici sözlər.
6) Qadının yad kişilərlə səfərə çıxması barədə Peyğəmbər (s.a.v.) demişdir: «Qadına məhrəmi yanında olmadan bir gün bir gecəlik yola səfərə çıxmaq haramdır».
7) Ümumiyyətlə şəriət kişi və qadının bir yerdə olmasına icazə vermir. Bir hədisdə deyilir: «Bir kişi, bir qadınla tək qalsa, üçüncüsü şeytan olur»
8) Peyğəmər (s.a.v.) demişdir: «Mən qadınlarla əllə salam vermirəm».
9) Bədənə şəkil çəkdirmək və ya yazı yazdırmaq da haramdır. Bu da Peyğəmbər (s.a.v.) tərəfindən lənətlənib. Biz də bilirik ki, o şeyə ki, Peyğəmbər (s.a.v.) lənət edir, demək bu böyük günahlara daxildir. Böyük günahlar isə mütləq cəhənnəm odu ilə cəzalandırılır.
10) Ərli qadınların əllərini və ayaqlarını xına ilə boyanmasına icazə verilir. Əgər saçları ağarıbsa onları boyamağa icazə verilir, amma qara rəngdən çəkinmək lazımdır. Bu rəng həm kişi, həm də qadınlar üçün bəyənilmir. Əgər saç qaradırsa bunu boyamaq olmaz, çünki qara saç gözəllik deməkdir.
11) Qadınlara qızıl və gümüş əşyalardan bəzək üçün istifadə etmək olar. Lakin naməhrəm kişi onları görməməlidir, çünki, Nur surəsinin 31-ci ayəsində belə deyilir: «Gizlətdikləri bəzək şeylərini göstərmək üçün ayaqlarını (yerə və bir-birinə) vurmasınlar».

SAVAB ƏMƏLLƏR XƏZİNƏSİNƏ

• İslami qanunlara məsuliyyətsiz yanaşma! Dində olmayan hər cür bidətlərdən uzaqlaş!
• Namazı tərk etmə! Yuxuya qalıb namazı buraxma (belə olduqda isə yuxudan duran kimi dərhal namazı yerinə yetir ki, buna kəffarət olsun)! Namazı vaxtlı-vaxtında qıl, buna xüsusi fikir ver!
• Bədənin paltarla örtülməsində diqqətli ol.
• Mültəzim müsəlman qızlarla dostluq et!
• Qeybət və boş sözlərdən əl çək!
• Heç bir kafirə təqlid etmə, onlara sevgi və heyranlıq göstərmə.
• Fitnə fəsadı gözünün qabağına gətirərək, lazımi hallar istina olaraq, evdən bayıra, küçəyə çıxma. Rəbbindən səbr və qətiyyət niyaz et!
• Axirət həyatını heç vax unutma!
• Allaha və Rəsuluna (s.a.v.) qarşı çıxmadıqları zaman həyat yoldaşına, ana və ataya qarşı çıxma!
• Dəbdəbəli jurnallardan, əyləncəli müsiqidən uzaq dur! Quran oxumağa, öyrənməyə və bildiyin təqdirdə öyrətməyə çalış.
• İstər telefonla, istər başqa bir yolla pərəstişkar kişilərdən son dərəcədə uzaq dur.
• Allaha ixlasla iman et və imanın əsasalarına, şərtlərinə bağlı qal. Rəsulullahın (s.a.v.) həyat tərzinə diqqət et.
• Namazda, zəkatda, oruc və həcdə səhlənkər olma.
• İslam dininə bağlı xanımlara yaxınlıq etməyə ciddi fikir ver.
• Allaha hər zaman dua edib Ondan bağışlanmağını diləməkdə və axirət üçün hazırlıqda məsuliyyətli ol. Şübhəsiz sən öz həyat yoldaşın üçün dünyada ən xeyirli bir nemətsən. Ona görə də buna layiq olmaq üçün çalışmalısan. Rəsulullah (s.a.v.) demişdir: «Dünya bir faydalanmadan ibarətdir. Bunun ən xeyirlisi də saleh əməlli bir həyat yoldaşıdır» (Müslim).

EY ALLAHIN ZƏRİF QULU!

O gün sən artıq həyat yoldaşından, ailəndən, övladlarından və dostlarından ayrılmış olacaqsan. Tabutla aparılıb torpağa, o qaranlıq yerə qoyulacağın günü bir düşün. Əgər xeyirli əməllər aparmırsansa (Allah bizləri qorusun) qəbrin dəhşəti ilə rastlaşacaqsan. Hesab mələkləri gəlib səndən suallara cavab verməyini istədikləri zaman sənin halın necə olacaq?
Qəbirlərdən çıxıb məhşərə çəkildiyin zaman, hesab dəftərin açıldığı zaman, sırat körpüsü və mizanın qurulduğu zaman onda həmin gün, ey Allahın qulu, sənin yerin hara olacaq?
Səni nələr gözləyir, bir ömürdən sonra nələr qazandın?
Allah Qurani-Kərimdə buyurur: «Nəhayət onlardan birinə ölüm gəlib çatdığı zaman belə deyər: «Rəbbim, yalvarıram, məni geri (dünyaya) qaytar! Bəlkə zay etdiyim ömrün müqabilində yaxşı iş görüm» Xeyir! Onun söylədiyi boş, faydasız bir sözdür. Onların önündə yenidən diriləcək günə qədər bir bərzaq aləmi var» (Muminun, 99, 100).

Allah səndən və bütün müsəlman xanımlarından razı olsun!
Bil ki, hicab sənin həyandır, ismətindir. Sən isə atanın, qardaşının, ərinin, oğlunun ismətisən, namususan! Geyindiyin hicab analarımızın, nənələrimizin əsrlər boyu qoruduğu həya və iffət rəmzidir, milli adətimizdir və ən başlıcası isə Uca Allahın əmridir, dinidir!
Allahın adını, dinini uca tut, az da olsa hələ qalmaqda olan, yaşayan əmrini yerinə yetir, qoru, gələcək nəslə ötür ki, Allahın razılığını qazana biləsən, Məryəm, Asiya, Xədicə, Aişə, Fatimə ilə görüşəsən!

Bənzər Məqalələr