Dünya, növbəti bir bəlayla qarşılaşmışdır. Koronavirus (COVİD-19) adlı bu yeni bəla – kimisinə görə bu, “bir oyundur və ciddi heç bir şey yoxdur”, kimisinə görə isə, çox qorxmaq lazımdır və “hər şey daha da acınacaqlı bir formaya bürünəcək bir hala doğru gedir”.. Doğru düşüncəli müsəlman insan belə bir halda, hansı düşüncədə olmalıdır? Gecə-gündüz qorxu içində olmalı, yoxsa “əşşi virus falan boş şeydir, hamısı siyasi oyunlardır” deyə, tamamilə rahat olmalıdır?

 

Tarix boyu elm və mədəniyyətin öndərləri olmuş müsəlman alimlərin “fitnə/şübhə doğuran şeylər gəldiyi zaman, onu ancaq alimlər/müdriklər anlayar, sovuşduğu zaman isə, artıq hər kəs (gec də olsa) hər şeyi anlamış olar” sözlərinə sığınaraq, ehtimallı fikirləri bir kənara buraxmaqda və məsələnin görünən tərəflərini təhlil etməkdə fayda vardır. Qısaca deyəcək olsaq – müsəlman, hər bir hal və vəziyyətdə ehtiyatlı davranmalıdır. Lap “siyasi oyunlar” olsun, tədbir alsan uduzmazsan, elə deyilmi? :)

 

Ehtiyatlı olmaq, qorunma səbəblərindən yapışmaq – bəşəriyyətin Öndəri olan Muhəmməd peyğəmbərin mühüm tövsiyələri arasında yer alır. Allahın elçisi   “dəvəmi bağlayaraq, yoxsa açıq buraxaraq təvəkkül (Allaha ümid) edim?” – deyə sual verən şəxsə “Dəvəni bağla, sonra Allaha təvəkkül elə!” (Tirmizi) – tövsiyəsini etmişdi. Bu da, tədbir görmədən Allaha təvəkkül etməyin doğru olmadığını açıq-aşkar ortaya qoyur. Təvəkkül, hər hansı işdə nəticə əldə etmək üçün lazımınca səy göstərdikdən sonra işin nəticəsini Allaha həvalə etmək deməkdir.

 

Bu mühüm amili qeyd etməklə bərabər, bu kimi hallarda müsəlman bir şəxs üçün önəmli olduğunu düşündüyümüz təlimatları qeyd etmək istəyirik. Bunları tərtib edərkən, maddi və mənəvi olaraq ayırım etmədik. Çünki, din – həyatın hər bir sahəsini əhatə edir və bu ayırımı etmədən uğurlu nəticəyə nail olmaq – daha realdır.

 

 

1. Dövlət qurumlarının müvafiq təlimatlarına riayət etmək. “Əşşi, mənə heç nə olan deyil, Allah bilən məsləhətdir” – sözləri, təkcə özünə qarşı deyil, ailəsi və daha yüzlərlə insan həyatına qarşı məsuliyyətsiz davranan cahil şəxsin deyəcəyi sözdür.. Sərt səslənsə də, reallıq bundan ibarətdir. Bu (təlimatlara riayət etmək), “dəvəni bağla, sonra təvəkkül et..” prinsipinin ilk icrasıdır. Biz bu yazımızda, gigiyenik və -insanların toplaşdıqları yerlərdən uzaq olmaq kimi- bir çox təlimatlar haqqında geniş danışmayaraq, bu işi öz əhlinə buraxırıq. Deyə biləcəyimiz yeganə şey – bu təlimatlara riayət etmənin, dinimizə görə də vacib olmasıdır. Çünki, insan həyatı Uca Allahın qorunmasını əmr etdiyi bir xüsusdur. Təlimatlar barədə ətraflı bir maarifləndirici video üçün, buraya tıklayaraq izləyə bilərsiniz. 

 

 

2. Ciddi yanaşmaq. Bu, eyni zamanda İslamın əmridir!

“İslamda karantin” misalının tam yeridir! Bəli, karantin anlayışı, İslamın ilk dövrlərində də var idi. Bu ehtiyat tədbirləri, insan həyatı üçün çox önəmli olduğuna görə insanların öndəri olan Muhəmməd peyğəmbər , bu mövzuya diqqət çəkmişdir. Şərid b. Suveyd deyir ki, Səqif qəbiləsindən beyət üçün Peyğəmbərin yanına gələn dəstənin içində cüzam xəstəliyinə tutulmuş bir nəfər var idi. Muhəmməd peyğəmbər  ona belə xəbər göndərdi: «Biz artıq sənin beyətini qəbul etdik, sən geri qayıt.» (Muslim)

 

İslam alimləri deyirlər ki, Peyğəmbər o səhabədən nə əl tutaraq, nə də üz-üzə beyət qəbul etmədi. Çünki, cüzam xəstəsi ilə oturub-durmaq ən böyük yoluxma səbəbidir.

 

Digər bir misal.. Hz. Ömərin xəlifəlik dövrü idi.. Rəsulullahın xəlifəsi, fəth edilən yerləri gəzir və baş verənləri yaxından izləyirdi. Amvasa da gedəcəkdi.. Ancaq orada vəba xəstəliyinin yayıldığını eşidincə geri dönmək qərarına gəldi. Əbu Ubeydə: “Ey Ömər! Allahın Qədərindənmi (yazdığı taledən) qaçırsan?” – deyib qarşısında dayandı. Ömər: “Bəli, Allahın Qədərindən, Allahın Qədərinə qaçıram” – dedi. Bu da Ömərin zəkası..

 

Görəsən, doğrumu etmişdi? Geri dönməkdə düzgün qərar vermişdimi? Ömər bundan narahat olunca, Abdurrahman b. Avf imdada yetişdi və Əziz Peyğəmbərimizin   bu hədisini nəql etdi: “Əgər bir yerdə vəba olduğunu eşitsəniz, ora əsla getməyin! Əgər olduğunuz yerdə bu xəstəlik yayılmışsa, ondan qaçmaq üçün həmin yerdən kənara çıxmayın.” (Buxari və Muslim)

 

Müasir tibdə karantin adı verilən tədbirlə, Muhəmməd peyğəmbərin  əmri eyni şey deyildirmi? 14 əsr öncə karantin bilənmi var idi? “Əşşi, boş şeydir, Mən də həyatdayam, heç kimə heç nə olmaz, hər gün əllərimi dəfələrlə yuyuram, beş dəfə də dəstəmaz alıram, Allah nə yazıbsa odur..” deyə bilməzdimi Peyğəmbər?.. Məsələlərə ciddi yanaşılması üçün digər misallara ehtiyac duymuruq.. Bu arada, dəstəmaz demişkən.. Dəstəmaz – təbii ki İslamın, heç bir ideologiya və dinin çata bilmədiyi təmizlik simvolu, təmizlik anlayışıdır. Və təbii ki, gigiyenik faydaları da vardır. Dr. Fizulinin bu haqdakı yazısnı buraya tıklayaraq bu haqda oxuya bilərsiniz.. Bu bənddə vurğulamağa çalışdığımız şey, sadəcə olaraq məsələyə bəsit yanaşmamaq haqqında idi.. Ümid edirəm ki, fikrimizi doğru şəkildə izah edə bildik.

 

 

3. Gələk, mənəvi tərəfə.. Bu hadisələr bizə nə demək istəyir? Allahdan bir mesaj ola bilərmi?.. Vardır hər şeydə bir xeyir əlbəttə.. İnsanın qorxuya düşməsinin yeganə səbəbi – təbii ki, ölüm qorxusudur. Yoxsa nə üçün bu qədər panikaya qapılsın ki? Heç kim ölmək istəmir.. Lakin, səbəblər fərqlidir. Kimisi dünya sevgisinə, kimisi heç qurtarmayan arzu və planlarına görə.. Amma, insanların çoxunun qəflətdə olduğu daha da ciddi bir şey var əslində. Əslində ölümlə heç nə qurtarmır, əksinə, əbədi həyat başlayır! Bunun xatırlatma mesajı ola bilərmi görəsən bu bəlalar?!..  Düşünmənin vaxtıdır. Allaha səmimi şəkildə tövbə etmək, günahlardan dönmək və Allahdan çoxlu bağışlanma diləmək lazımdır. Belə bir fürsət hər kəsə nəsib olmaz, əziz oxucu!

 

Uca Allah belə buyurur: “…(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağışlayandır! O sizə göydən bol yağış göndərər; var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar.”  (Quran, Nuh surəsi, 10-12)

 

Peyğəmbərimiz buyurmuşdur: “Kim istiğfar etməyi (Allahdan bağışlanma diləməyi) çoxaldarsa, Allah ona bütün sıxıntılardan qurtuluş verər, onu darlıqlardan qurtarar və gözləmədiyi yerdən ruziləndirər.”  (İbn Macə)

 

 

4. Artıq, qorunma səbəblərindən yapışma (təlimatlara riayət emə) işi tam yerinə yetmiş və təvəkkülün əsl vaxtı gəlib çatmışdır. Bəli, bu bənd – Təvəkkül haqqındadır. Bu anda, “Allah bilən məsləhətdir, mənə heç nə olan deyil” deyərək, -tamam, o adamın özünü boş verdik- yüzlərlə insanın həyatını riskə atan şəxslərin “təvəkkül” donu geyindirdikləri boş sözlər, təəssüf ki, yenə də yadımıza düşür.. Nədir təvəkkül? Allaha imanın/inamın əməli göstəricisidir. Başqa sözlə, Allaha iman, Ona olan güvən və etimadla düz mütənasibdir. Allaha olan təvəkkülümüz, həyatda qarşılaşdığımız çətinlik və sıxıntılar əsnasında özünü daha çox göstərir. Xəstəlik və ya digər həyati bir təhlükə ilə qarşılaşanda, imtahandan üzüağ çıxa bilməmək və daha çox ruzi qazanmaq narahatlığı qəlbimizi bürüyəndə təvəkkül hissi dadımıza çatır, ümidsizliyə sipər olur. Təvəkkül, Uca Yaradana təslim olmaq, Ondan mədət ummaqdır. Amma səbəblərə riayət etmədən, kor-koranə, zəhmət çəkmədən, fədakarlıq eləmədən nəticəni Allaha həvalə etmək, Ondan yardım diləmək – tənbəllikdən başqa bir şey deyil. Rəsulullah bizlərə səhərdən axşama kimi balalarına yem axtaran quşları misal verərək buyurmuşdur:

“Əgər siz Allaha layiqincə güvənib təvəkkül etsəydiniz, Rəbbiniz səhər yuvalarından ac çıxan, axşam tox qayıdan quşları ruziylə təmin etdiyi kimi sizi də ruzisiz qoymazdı.” (Tirmizi, Zühd, 33)

 

Bu kimi hadisələri “dünyada baş verən bir oyun” kimi qəbul edənlər də, ən azından Allaha təvəkkül mövzusunda daha həssas olmaqla heç nə itirmiş olmazlar. Bəlkə də bir oyun vardır, bunu da zaman göstərəcək (ki, biz burada bunu müzakirə etmirik), lakin tədbirli olmaqla Allaha təvəkkül edən – şübhəsiz ki heç vaxt uduzmayacaq. Peyğəmbərlərimizin həyatı da, məhz tədbir və Allaha təvəkkül nümunələri ilə doludur. Atəşə atılanda, həyatının ən çətin anında Allaha olan təvəkkülünü itirməyən Hz. İbrahim “Həsbunallah va ni’məl vakil” (Allah bizə bəs edər. O nə gözəl vəkildir!) (Quran, Ali-İmran, 3/173) – demişdi.

 

Eyni duanı Uhuddan sonra Muhəmməd peyğəmbər   və səhabələrinin də etdiyini görürük. Xalq onlara: “Düşmən sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” – dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Hasbunallahi va niməl-vakil” (“Allah bizə bəs edər. O, nə gözəl vəkildir!)” – deyə cavab verdilər. (Buxari, Təfsir, 3; Ali-İmran, 3/173)

 

 

5. Təvəkkül statuslu mənəvi tədbirlərin davamı olaraq, dua və zikrlər – ən önəmli faktorlardır. “Ruhun əsl qidası – Dua və Zikr” (link üçün bura tıkla) adlı kitabımızı vərəqləmənin əsl vaxtıdır.. Yazımızı maksimum dərəcədə qısa tutmağa çalışdığımıza görə, Peyğəmbərimizin  bu cür hallarda tövsiyə etmiş olduğu bəzi faydalı zikr və duaları qeyd edirik:

 

  • Müsəlmanın qoruyucu qalası olan zikrlər arasında səhər və axşam zikrlərinin yeri – xüsusidir.

Səhər və axşamlar “İxlas”, “Fələq” və “Nas” surələrini üç dəfə oxumaq da, bu qəbildəndir.

Abdullah b. Hubeybdən (Allah ondan razı olsun) rəvayət olunur ki, bir dəfə Peyğəmbərimiz ona dedi: “Qul huvallahu əhəd” (“De: “O, Allah — Təkdir…” – yəni, İxlas surəsi) və (insanı hər cür təhlükə və şərdən) muhafizə edən iki surəni (Fələq və Nas) üç dəfə səhərlər və axşamlar oxu, hər bir şərdən qorunmuş olarsan.” (Tirmizi, 3575)

Ayətul-Kursi də, eyni zamanda dua və zikrlərin ən üstünlərindəndir və daima xatırlamaqda fayda vardır.

 

  • Osman b. Affandan (Allah ondan razı olsun) rəvayət olunur ki, Allahın elçisi demişdir:

“Hər səhər və axşam:

بِسْمِ اللَّهِ الَّذِي لاَ يَضُرُّمَعَ اسْمِهِ شَيْءٌ فِي الأَرْضِ وَلاَ فِي السَّمَاءِ وَهُوَالسَّمِيعُ الْعَلِيمُ

Transk: “Bismi-Lləhi lləzi lə yədurru mə‘asmihi şey un fil-ardı va lə fi-ssməa‘i va huva-Səmi‘ul-‘Alim”

“Göylərdə və yerlərdə heç bir şeyin zərər gətirə bilməyəcəyi Allahın adı ilə, O eşidən (əs-Səmi) və biləndir (əl-‘Alim)” – kəlmələrini üç dəfə təkrar edən Allah quluna heç bir şey zərər gətirməz.” (Tirmizi, 3388)

 

  • Havlə bint Hakim (Allah ondan razı olsun) belə rəvəyət edir:

“Mən peyğəmbərin belə dediyini eşitdim: “Hər hansı bir məkanda dayanıb və:

اَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ

Transk: “Ə‘uzu bikəliməti-Lləhi təəmməti min şərri mə xaləq”

“Allahın yaratdıqlarının şərindən, Onun mükəmməl kəlmələrinə sığınıram” — deyən kimsəyə, həmin məkanı tərk edənə qədər, zərər toxunmaz.” (Muslim, 2708)

 

  • Məşhur səhabə Ənəs  rəvayət edir ki, Muhəmməd peyğəmbər Allaha dua edərək

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْعَجْزِ، وَالْكَسَلِ، وَالْجُبْنِ وَالْبُخْلِ، وَ الْهَرَمِ، وَالْقَسْوَةِ، وَ الْغَفْلَةِ، وَالْعَيْلَةِ، وَ الذِّ لَّةِ، وَالْمَسْكَنَةِ، وَأَعُوذُ بِكَ مِنَ الْفَقْرِ، وَالْكُفْرِ، وَالْفُسُوقِ، وَالشِّقَاقِ، وَالنِّفَاقِ، وَالسُّمْعَةِ، وَالرِّيَاءِ، وَأَعُوذُ بِكَ مِنَ الصَّمَمِ، وَالْبَكَمِ، وَالْجُنُونِ، وَالْجُذَامِ، وَالْبَرَصِ، وَسَيِّىءِ الأَسْقَامِ

Transk: “Allahummə inni ə‘uzubikə minəl-‘aczi, val kəsəli, vəl-cubni, vəl-buxli, vəl-qasva, vəl-ğaflə, vəl-‘aylə, vaz-zillə, val-məskənə. Va ə‘uzu bikə minəl-fəqri, val-kufri, val-fusuqi, vaş-şiqaqi, van-nifəqi, vas-sum‘a, var-riya‘. Va ə‘uzu bikə minəs-saməm, val-bəkəm, val-cunun, val-cuzəm, val-baras, va səyyi-il-əsqam“

“Allahım, zəiflikdən, tənbəllikdən, qorxaxlıqdan, xəsislikdən, taqətsizlikdən, zalımlıqdan, huşsuzluqdan, kimdənsə asılı olmaqdan, azmaqdan və ehtiyaclı olmaqdan Sənə sığınıram. (Həmçinin) yoxsulluqdan, küfrdən, fasiqlikdən (günahkarlıqdan), bədbəxtçilikdən, nifaqdan (iki üzlülükdə) və riyadan Sənə sığınıram. (Həmçinin) karlıqdan, lallıqdan, dəlilikdən, cüzamdan, çürümədən və ən pis olan xəstəliklərdən Sənə sığınıram.” (Hakim)

 

 

6. Yaddan çıxmamış.. Dua və zikrlərlə yanaşı, Tibbun-Nəbəvidən (Peyğəmbərin tibbindən) də tövsiyələri xatırlatmaqda faydalar vardır. Misal üçün: Qara zirə toxumundan və Ud-Hindidən istifadə etmək.

 

Peyğəmbərimiz  belə buyurmuşdur: “Qara zirəni daima qəbul edin, çünki onda, ölümdən başqa, bütün xəstəliklərin müalicəsi vardır.” (Buxari)

Digər hədisdə buyurulur: “Ən yaxşı müalicə yolu qan aldırmaqla (hicamə etməklə) və ud-hindidən istifadə etməklə olur.” (Buxari «Tibb kitabı»)

Başqa bir hədisdə isə, belə buyurulmuşdur: “Çənə altı vəzilərdən (qlandalar) xilas olmaq üçün basaraq uşaqlarınıza əziyyət verməyin. Ud-hindidən istifadə edin.” (Buxari «Tibb kitabı»)

 

Bunlara əlavə olaraq, baldan istifadə etməyi də qeyd etməliyik. Bal və onun inanılmaz faydaları haqqında uzun-uzadı danışmağa ehtiyacın olmadığını düşünürük. Peyğəmbərimizin tibbi tövsiyələri siyahısında olması da, əbəs yerə deyildir. Uca Allahın, bala – şəfa deməsi isə, sitata nöqtəni qoymuşdur – deyə düşünürük. Rəbbimiz belə buyurur: “..(O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır..” (Quran, Nəhl surəsi, 69)

Peyğəmbərimizin tibbinə dair, bu sahənin peşəkarlarının faydalı tövsiyyələri haqda daha ətraflı məlumat üçün buraya tıkla.

 


7. Çətinlik günlərində yardımlaşmaq, sədəqə vermək.

Dinimiz, hər zaman yardımlaşma və sədəqəyə təşviq etmiş, bu əməl sahiblərinin Uca Allahın himayəsi altında olacağını müjdələmişdir. İnsanların psixoloji olaraq gərgin və panika halında olduğu dövrlərdə edilən xeyirxahlıq isə, daha da böyük mükafat/savab qazandırır. Bu cür çətin dövrlərdə daha imkanlı şəxslər, ehtiyaclı insanlara yardım əlini uzatmaqdan əsla geri durmamalıdırlar. Bununla həm böyük savab qazanmış, həm də bəlalardan qorunaraq Uca Allahın himayəsi altında olmuş – olacaqlar..

Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Yaxşılıq etmək, (yaxşılıq edən) həmin kəsi – baş verəcək pisliklərdən, bəlalardan və fəlakətlərdən qoruyur. Həqiqətən, dünyada yaxşılıq edənlər, Axirətdə də yaxşılıqla qarşılaşacaqlar.” (Hakim, 429)

 

Dahi alim İbn Qayyim (Allah rəhmət etsin) demişdir: “Yaxşılıq etmək, Allahı zikr etmək, dua etmək, Allahın yoluna dönmək və tövbə etmək – xəstəliyi müalicə edən ən böyük səbəblərdən hesab olunurlar. Həqiqətən də bu əməllərin, xəstəliyin müalicəsində və şəfa tapmaqda – dərmanlardan daha çox təsirləri vardır.” (Zədul-Məad)

 

“EVDƏ QAL, BİGANƏ QALMA” şüarı ilə başlatdığımız yardım aksiyasına qoşularaq, karantin günlərində yüzlərlə ailəyə dəstək ola bilərsiniz (ətraflı məlumat üçün bura tıkla)

 

Allahın izni və yardımı ilə, birlikdə məsuliyyətli davranmaqla, bu xəstəliyin də öhdəsindən gələcəyik inşallah!

“Məni yedirdən də, içirdən də Odur!

Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir.” (Quran, Şuəra surəsi, 79-80)

 

 

Məqaləni PDF formatında: YÜKLƏ

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Mətn yardımçısı: Azad Ağaxanov

Materiallardan istifadə edərkən istinad zəruridir!

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı