Peyğəmbər (s.a.v) xırda daşlarla və riskli yolla alış-veriş etməyi qadağan etdi
Əbu Hureyrə (r.a) demişdir: “Peyğəmbər (s.a.v) xırda daşlarla və riskli yolla alış-veriş etməyi qadağan etmişdir. Müslim rəvayət etmişdir.
( Müslim: Alış-veriş ? 1513. Tirmizi: Alış-veriş ? 1230. Nəsai: Alış-veriş ? 4518. Əbu Davud: Alış-veriş ? 3376. İbn Macə: Ticarət ? 2194. Əhməd: 2/439. Darimi: Alış-veriş ? 2563.)
ŞƏRH
Bu, bütün növ riskləri şamil edən hədisdir. Risk, mövcud olmayan və ya naməlum malın alış-verişidir ki, bu da alıcı üçün təhlükəlidir. Ona görə qumar hökmünə daxildir. Mərc və pul qoyuluşlarında qumar olduğu kimi, alış-verişdə də qumar ola bilər. At, dəvə və oxatma yarışlarında mərc etmək isə icazəlidir.( Burada müəllif bir cümlə ilə bunun icazəli olduğunu qeyd edir. Fiqh kitablarına nəzər saldıqda görürük ki, məsələnin açıqlaması çox önəmlidir. Demək bu növ mərcin icazəli olması üçün üç şərt olmalıdır:
1. Mərc üçün qoyulan məbləğ, müsabiqə iştirakçıları tərəfindən qoyulmalı deyil. Bu, kənar təşkilat, qurum və ya şəxs tərəfindən mükafat olaraq verilməlidir.
2. Mərc üçün qoyulan məbləğ iştirakçılardan biri tərəfindən qoyulmalıdır. Yəni, pul qoyan tərəf qarşı tərəfə deyir ki, əgər sənin atın mənim atımı ötsə, sənə bu məbləğdə mükafat verəcəyəm. Yox əgər mənim atım sənin atını ötsə, səndən heç nə istəyən deyiləm.
3. Yarış iştirakçılarının hamısı müəyyən məbləğ pul qoyur və iştirakçılardan birinə deyirlər ki, əgər sən bizi ötsən, pul sənindir. Ötə bilməsən, biz səndən heç nə tələb edən deyilik. (i.r.)
Riskli (ərəb. ğarar) alış-veriş ilə alınan mal keçərli sayılırmı? Məsələn, sahibindən qaçan və ya oğurlanmış qulu, yaxud zorla ələ keçirilmiş malı və ya çətinliyə düşmüş insanın əlindən alınmış malların satılması müəmmalı (ərəb. ğarar) alış-veriş növünə daxildir.
Həmçinin qeyri-müəyyən əşyaların alış-verişi də risk sayılır. Məsələn, evinin, dükanının və ya müəyyən bir ərazinin içərisində olan əşyaları, görmədən, bilmədən alıb-satmaq. Müəmmalı alış-verişə daha bir misal, xırda daşları atıb alğı-satqı etməkdir. Məsələn, satıcı alıcıya deyir: “Bu daşı at. Hansı malın üstünə düşsə, onu sənə bu qiymətə verəcəyəm.” Yaxud belə deyir: “Daşı yerə at. Bu qədər uzağa düşsə, malı sənə filan qiymətə sataram.” Bura nəyisə atmaq, əl vurmaq və ya heyvanın qarnında olanı satmaq və buna oxşar müəmmalı alış-veriş növləri daxildir. Bütün bunlar şəriətin qadağan etdiyi açıq-aşkar riskli (ərəb. ğarar) alış-veriş sayılır.
Şəriətin hikməti ilə onların hamısı haram buyurulmuşdur. Çünki bu həm riskli, həm də düşmənçiliyə səbəb olan alış-verişdir. Bu cür alğı-satqıda biri digərini aldadır, ona ziyan vurur.
Buna görə də alimlər alış-verişdə satılan mal və onun qiyməti barədə məlumatın olmasını şərt qoymuşlar.
Onlar həmçinin alğı-satqı müqaviləsi bağlayanın yetkin olmasını şərt qoyublar. O, həddi-buluğa çatmış, əqli cəhətdən normal və düzgün biri olmalıdır. Çünki azyaşlı və ya əqli nöqsanlı adamla edilən alış-veriş zamanı mütləq zərər dəyməlidir. Bu da risk (ərəb. ğarar) sayılır.
Əgər mal nisyə satılarsa, o zaman müddət müəyyənləşdirilməlidir. Çünki müddətin naməlum qalması razılaşmanı riskli edir.
Hər iki tərəfin razılıqla qəbul etdiyi müəmmalı alış-veriş qadağan edilirsə, demək iki tərəfdən hər hansının müəmmalı davranışı, yaxud alış-verişdə nəyisə gizli saxlayıb aldatmaq daha qəbahətlidir.
Fırıldaqçılığın bütün formaları müəmmalı (ərəb. ğarar) alğı-satqıya aiddir. Bu növləri bir cümlə ilə ifadə etmək və ya təfsilat vermək mümkün deyildir. İnsanlar onun necə olduğunu yaxşı bilirlər.
Riskli və ya müəmmalı (ərəb. ğarar) alış-veriş etmək, olmayan bir şeyi satmaq kimidir. Bala heyvanın balasının, qaçan qulun, əldə olmayan və ya naməlum qalan bir şeyin və digər bu kimilərin satışını misal çəkmək olar.
——————–
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı