featured-image-3550

Ummul Əla (r.anha) deyir ki, mən xəstələnərkən Peyğəmbər (s.a.v) yanıma gəldi və dedi:
“Ey Ummul Əla sənə müjdə olsun! Qızıl və gümüş od ilə təmizləndiyi kimi, Allah da müsəlmanın günahlarını xəstəliklə elə təmizləyir.”
(Əbu Davud: ? 3092. Səhihdir. )

Müsəlman bacım!
Bu dünyada hər kəs, ola bilər insan özü və ya həyat yoldaşı, yaxud övladı və ya yaxın qohumları müsibətlə qarşılaşırlar. Belə məqamda insanın imanının dərəcəsi aşkar olur. Uca Allah imanını sınağa çəkmək üçün səni imtahana çəkə bilər. Görək sən səbir edəcəksən, yoxsa Allahın qəza-qədərinə narazılıq bildirəcəksən?
Sənə təqdim olunan bu tövsiyədə Peyğəmbər (s.a.v) Ummul Əlaya لtövsiyə edir və bildirir k, Rəbbi möminin başına gətirdiyi müsibətlərlə onun günahlarını təmizləyir.

Sən Allahın kitabına nəzər salsan görərsən ki, ayələrdən, müraciətlərdən və ibrətamiz səhnələrdən faydalananlar səbir
edənlərdir. Bu mənada uca Allah buyurur:

Dənizdə (uca) dağlar kimi üzən (gəmilər) də Onun (qüdrət) əlamətlərindəndir.
Əgər (Allah) istəsə, küləyi saxlayar, onlar da (suyun) üzündə durub qalarlar (nə irəli, nə də geri gedə bilərlər). Həqiqətən, bunda (əziyyətlərə) çox səbr edən, (nemətlərə) çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!(əş-Şura).

Başqa ayəyə baxsan görərsən ki, uca Allah səbirliləri səbir etdiklərinə görə tərifləyib demişdir:
Yaxşı əməl sahibi əslində … dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbir edənlərdir. (İmanlarında, səzlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!(əl-Bəqərə: 177).
Bilmək lazımdır ki, səbirlilər Allahın sevdiyi kimsələrdir.
Uca Allah buyurur:
Allah səbir edənləri sevər! (Ali-İmran: 146).
Bunu da bilməlisən ki, uca Allah səbir əhlini ən gözəl əməllərinə görə mükafatlandırır və hətta onların savabını hədsiz edir. Uca Allah buyurur:
Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.(ən-Nəhl: 96).
Başqa ayədə isə belə buyurur: Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbir edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir! (əz-Zumər: 10).
Qiyamət günü cəhənnəmdən qurtuluşa nail olanlar səbirlilər olacaqlar.
Şəni uca Allah buyurur:
Mələklər də hər bir qapıdan (cənnət qapılarından) daxil olub (onlara):
“(Dünyada Allah yolunda bütün çətinliklərə) səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdu (Cənnət) nə gözəldir!” — deyəcəklər. (ər-Rəd: 23-24).

Bəli, müsəlman bacım bütün bu mükafat və savab müsibətlərə səbir edənlər üçün vəd olunmuşdur. Niyə görə də olmasın?! Möminin hər bir vəziyyəti xeyirdir.

Suheyb (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Möminin işi çox gözəldir. Onun hər işi xeyirlidir. Başına yaxşı iş gəlsə şükür edər və bu onun üçün xeyirli olar. Pis işlə qarşılaşdıqda isə səbirli olar və bu da onun üçün xeyirdir.”(Muslim: ? 2999.)

Ey mömin bacım, bilməlisən ki, uca Allah səni imanının dərəcəsinə görə imtahan edir. Əgər imanın güclüdürsə, imtahanın da şiddətli olacaqdır. Əgər dinində zəiflik varsa, imtahanın da yüngül olacaqdır. Səd ibn Əbu Vaqqas (r.a) deyir ki, mən Peyğəmbərə dedim: “Ey Allahın rəsulu, hansı qisim insanlar daha şiddətli imtahan olunurlar?”
O dedi: “Peyğəmbərlər, sonra dərəcəsi onlara daha yaxın olanlar. İnsan dini qədərində imtahan olunur. Əgər dinində möhkəmdirsə imtahanı da çətinləşər. Əgər dinində zəifdirsə, o qədər də imtahan olunur. İnsan imtahana çəkilə-çəkilə günahlardan təmizlənər.”
(Tirmizi: ?2509. İbn Macə: ?4023. Səhihdir. )

Əbu Səid əl-Xudri (r.a) deyir: “Mən Peyğəmbərin yanına daxil oldum. Onun qızdırması var idi. Əlimi ona toxundurdum və ədyalının üzərindən bədəninin hərarətini hiss etdim və dedi: Ey Allahın rəsulu! Nə çətin imtahan olunursan!”
Peyğəmbər (s.a.v) dedi: “Bizim imtahanımız qat-qat çətin olur, savabımız da o qədər çox olur.”
Mən dedim: “Ey Allahın rəsulu! Hansı qisim insanlar daha şiddətli imtahan olunurlar?”
O: “Peyğəmbərlər.”
Mən: “Ey Allahın rəsulu! Sonra kimlər?”
O: “Sonra əməlisalehlər. Onlardan kimsə yoxsulluqla imtahan olunur. Geyinməyə bir əbadan başqa paltarı olmur. Bir adam bolluq içində olanda sevindiyi kimi, onlar da imtahan anında elə sevinirlər.”
(İbn Macə: ? 4024. )
Əbu Hureyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Mömin kişi və qadın nəfsi, övladı və mal-dövləti ilə o qədər imtahan olunar ki, Allahın hüzuruna gələndə artıq heç bir günahı qalmaz.” (Tirmizi ? 2510. Albani “Səhih əl-Cami” əsərində (? 5691) hədisin səhih olduğunu demişdir. )

Soruşa bilərsiniz ki, mömin Allahın sevimli bəndəsi ola-ola nə üçün imtahandan azad olmur?
Cavab belədir: Uca Rəbbimiz mömini günahlardan təmizləmək istəyir deyə onu imtahan edir. Etdiyi günahları ilə əldə etdiyi savablarını azaltmasın deyə imtahan olunur ki, bu yolla günahları bağışlansın. Peyğəmbərin (s.a.v) Ummul Əlaya لvə Abdullah ibn Məsuda anlatdığı bu mənadadır. Abdullah ibn Məsud deyir ki, mən Peyğəmbərin )s.a.v) yanına daxil oldum. Onun qızdırması var idi. Mən dedim: “Ey Allahın elçisi, Sən çox şiddətli qızdırma keçirirsən.”
Peyğəmbər (s.a.v) dedi: “Doğrudur mən iki nəfərin qızdırmasını keçirirəm.”
Mən dedim: “Bununla sənin iki savabın olur?”
Peyğəmbər (s.a.v) dedi: “Elədir.” Daha sonra dedi: “Hər hansı müsəlman xəstələnər və ya başqa imtahana çəkilərsə, ağac yarpağını necə tökürsə Allah da onun günahlarını elə bağışlayar.” (Buxari: ?5324. Muslim: ?2571.)

Əbu Səid əl-Xudri (r.a) və Əbu Hureyrə Peyğəmbərdən (s.a.v) belə eşitdiklərini deyirlər:
“Möminin yorğunluğu, xəstəliyi, dərdi, kədəri, hətta qəm çəkməsi ilə Allah onun günahlarını bağışlayar.”
(Buxari: ?5318. Muslim: ?2573.)

Xəstəliyə qarşı səbirli olmaq, nəfsi narazılıq və gileydən qorumaq, dili şikayətdən saxlamaq mömin üçün dünya yolçuluğunun azuqəsidir.
Baş bədən üçün nə qədər önəmlidirsə, səbir də iman üçün bir o qədər əhəmiyyətlidir. Başsız bədən olmadığı kimi, səbirsiz də iman olmaz.
Ona görə Ömər ibn əl-Xəttab (r.a) deyirdi: “Biz gözəl günümüzü səbir ilə əldə etmişik.” Xəstəliyin və ya imtahanın müqabilində Allahın sənin üçün nə mükafat hazırladığını bilsən səbir edərsən.
Əta ibn Əbu Rəbah (r.a) deyir ki, İbn Abbas (r.a) mənə dedi: “Sənə cənnət əhlindən olan bir qadın göstərimmi?”
Mən: Bəli göstər.
O: “Bax bu qara dərili qadın Peyğəmbərin (s.a.v) yanına gəlib dedi: “Mənim ürəyim gedir və əyin-başım açılır. Mənim üçün Allaha dua et.”
Peyğəmbər (s.a.v) dedi: “İstəyirsən səbir et və əvəzində cənnəti qazan. Yox əgər səbir etmək istəmirsənsə Allaha dua edim sənə şəfa versin.
Qadın: “Elə isə səbir edərəm. Amma ürəyim gedəndə əyin-başım açılır, Allaha dua et ki, açılmasın.” Peyğəmbər (s.a.v) də onun üçün dua etdi.”Bax gör həmin qadın xəstəliyə qarşı səbirli olub cənnətə daxil olmağı necə üstün tutdu. Sən də ey müsəlman bacım, bilməlisən ki, dünya imtahanlarına səbir etməyin bəhrəsi cənnətdir.
Gözlərinin kor olmasına səbir etmək də böyük savab vəd olunan imtahanlardandır.

Ənəs ibn Malik (r.a) Peyğəmbərdən (s.a.v) belə eşitdiyini deyir: “Allah demişdir: Bəndəmi iki sevimli gözü ilə imtahana çəksəm və o da səbirli olsa, əvəzində ona cənnəti bəxş edərəm.” (Buxari: ? 5329.)
Ey müsəlman bacım, ona görə başına gələn müsibətlərə səbirli olmalı, xəstəliyinlə car çəkməməli, savabını Allahdan ummalısan.
Fudeyl ibn İyad bir nəfərin başına gələn müsibətdən şikayətləndiyini eşidir və deyir: “Ey filankəs, sənə rəhm edəndən rəhm edə bilməyənə şikayətmi edirsən?!”
Bəzi salehlər belə deyərdilər: “Başına gələn müsibətdən gileylənən insan, sanki rəbbindən şikayət edir.” Xəstəliyə görə həkimə müraciət etmək gileylənmək deyil. Gileylənmək xəstəliyinə əlac edə bilməyən adama, məsələn, qonşuya, dosta və başqalarına ünvanlanır, eyni zamanda Allahın imtahanına qarşı narazılıqla ifadə olunur.
Saleh salehlər belə deyərdilər: “Dörd şey cənnət xəzinəsindəndir: Müsibəti, sədəqəni, aclığı və ağrını gizli saxlamaq.”

Əndəluslu İbn Əbdu Rabbihi adlı alim deyir: Şeybani bir nəfər dostunun belə dediyini deyir: “Mən başıma gələn bəzi kədərli işlərdən dostuma gileylənərkən Şureyh səsimi eşitdi və əlimdən tutub dedi: Ey qardaşım oğlu, Allahdan başqa heç kəsə şikayət etmə. Sənin şikayət etdiyin adam ya dostun, ya da düşmənin ola bilər. Dostundursa onu da kədərləndirəcəksən, heç bir fayda verməyəcəksən. Düşməndirsə bu fürsətdən yararlanacaq. Sonra barmağı ilə bir gözünü göstərib: mənim bu gözümə bax! — dedi. Allaha and olsun on beş ildir ki, bu gözlə nə bir dost, nə də bir adam görmürəm. Amma bu ana qədər heç kəsə bu haqda bildirməmişdim. Məgər əməlisaleh bəndənin bu sözünü eşitməmisən: Mən dərd-sərimi yalnız Allaha ərz edirəm.( Yusuf: 86.) “Sən də hər şikayətini və qəm-kədərini Allaha ərz et…” (əl-Aqd əl-Fərid: 2/ 282.)

Əbu Dərda (r.a) deyir: “Allah bir şeyə qərar veribsə, qərarı ilə razılaşmağı da sevir.”
(İbn əl-Mubarəkin “əz-Zuhd” kitabı səh. 125.)
İndi “Lə iləhə illəllah” kəlməsini deməklə, imanını yenilə və qarşına çıxan imtahanlara səbir et. Nə badə Allahın qərar verdiyi bir işə “kaş olmayaydı!” — deyəsən.
Bizə müvəffəqiyyət verən yalnız Allahdır.

——————-
Qadınlara Tövsiyə kitabından
Abdurrəhim Muradlı

Bənzər Məqalələr