Səhih Müslim (İman kitabı ) Peyğəmbərin (s.a.v) Cənnətin qapısının açılmasını istəməsi və digər məsələlər
Altmış birinci fəsil: Peyğəmbərin (s.a.v) : “Cənnət üçün ən birinci şəfaətçilik edən mənəm və Peyğəmbərlərin ən çox tabe olunanı da mənəm” deməsi.
Ənəs ibn Malik (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Cənnət üçün ən birinci şəfaətçilik edən mənəm, Peyğəmbərlərin içində mənim təsdiqlədiyim qədər təsdiqlənəni yoxdur. Həqiqətən Peyğəmbərlərdən eləsi vardır
ki, onu ümmətindən yalnız bir kişi təsdiqləyib.”
Altmış ikinci fəsil: Peyğəmbərin (s.a.v) Cənnətin qapısının açılmasını istəməsi.
Ənəs ibn Malik (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Qiyamət günü Cənnətin qapısına gəlib açılmasını istəyəcəyəm. Cənnətin qapısını qoruyan: “Sən kimsən” deyə soruşduqda, ona: “Muhəmməd” deyə cavab verəcəyəm. Onda belə deyəcək: “Yalnız sənin üçün açmağı əmr olundum, səndən qabaq heç kəs üçün açmayacaqdım.”
Altmış üçüncü fəsil: “Peyğəmbərin (s.a.v) “Hər bir Peyğəmbərin müstəcəb (qəbul olan) duası var” deməsi.
Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Hər bir Peyğəmbərin müstəcəb (qəbul olan) duası var və hər biri öz duasını əvvəlcədən edib, mən öz duamı qiyamət günü ümmətimə şəfaət üçün saxlamışam. Və o, Allahın izniylə, ümmətimdən Allaha heç bir şeyi şərik qoşmadan ölən hər bir kəsə çatacaq.”
Altmış dördüncü fəsil: Peyğəmbərin (s.a.v) ümməti üçün dua etməsi.
Abdullah ibn Amr ibn əl-As (r.a) belə rəvayət edir: “Peyğəmbər (s.a.v) Allah-Təalanın İbrahim(aleyhissələm) haqda buyurduğu ayəni oxudu: “Ey Rəbbim! Onlar, həqiqətən, çox insanı azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, Sən bağışlayansan, rəhm edənsən!” (“İbrahim” /36). Sonra İsa haqda belə buyurdu: “Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən.” (“əl-Məidə” /118). Sonra Peyğəmbər əllərini qaldıraraq: “Allahım, Ümmətim! Ümmətim!” dedi və ağladı. Allah-Təala Cəbrailə belə buyurdu: “Ey Cəbrail, Muhəmmədin yanına get. Halbuki, Rəbbin onu daha yaxşı bilir, ondan nə üçün ağladığını soruş.” Cəbrail gəlib soruşduqda, Peyğəmbərin nə dediyini Allaha xəbər verdi. Halbuki, Allah-Təala onud dediyinidaha yaxşı bilir və Allah-Təala belə buyurur: “Ey Cəbrail, Muhəmmədin yanına get və ona belə de: “Biz səni ümmətin barəsində razı edəcək və səni üzməyəcəyik.”
Cabir ibn Abdullah (r.a) belə rəvayət edir: “Tufeyl ibn Amr əd-Dövsi Peyğəmbərin (s.a.v) yanına gəlib belə dedi: “Ey Allahın Elçisi, möhkəm bir qalaya və mühafizlərin yanına getmək istəyirsənmi?” Bu qala cahillikdə Dövs qəbiləsinin idi. Peyğəmbər (s.a.v) buna razı olmamışdı, çünki Allah-Təala onun mühafizəsini Ənsarlara həvalə etmişdi. Peyğəmbər (s.a.v) Mədinəyə hicrət etdiyi vaxt, Tufeyl ibn Amr da ora hicrət etdi. Onunla birlikdə tayfasından bir kişi də hicrət etmişdi. Mədinədə sıxıntıdan xəstələnmişdi. Səbirsizlik edib öz oxu ilə barmaq oynaqlarının üst dərisini kəsir. Əlindən qanın fışqıraraq axdığından öldür. Tufeyl ibn Amr onu yuxuda gözəl bir qiyafətdə görür. Yalnız onun əllərini örtdüyünü görüb ondan belə soruşur: “Allah-Təala sənə nə edib”. O belə cavab verdi: “Peyğəmbərinin (s.a.v) yanına hicrət etdiyimə görə məni bağışladı” Mən yenə soruşdum:
“Bəs nə üçün əllərini örtürsən?” O: “Mənə belə deyildi: “Sənin korladığın bədən üzvünü biz düzəltməyəcəyik” deyə cavab verdi. Tufeyl bunu Peyğəmbərə (s.a.v) danışdıqda, o belə dedi: “Allahım, onun əllərini də bağışla.”
Altmış beşinci fəsil: Allah-Təala buyurur: “Və ən yaxın qohumlarını qorxut!”
Əbu Hüreyrə (r.a) belə rəvayət edir: “Bu ayə nazil olanda: “Və ən yaxın qohumlarını qorxut” (“əş-Şuara” /214). Peyğəmbər (s.a.v) Qureyşi çağırdı. Onlar yığışdıqda, onlara ümumən və xüsüsən xitab edərək belə dedi: “Ey Bəni Kəab ibn Luey, nəfsinizi oddan xilas edin! Ey Bəni Murra ibn Kəab, nəfsinizi oddan xilas edin! Ey Bəni Əbd əş-Şəms, nəfsinizi oddan xilas edin! Ey Bəni Əbd əl-Manaf, nəfsinizi oddan xilas edin! Ey Bəni Həşim, nəfsinizi oddan xilas edin! Ey Fatimə, nəfsini oddan xilas et! Çünki mən sizin üçün Allahın yanında heç bir şeyə malik deyiləm. Yalnız sizinlə qohumluq əlaqəsi var ki, mən onu saxlayacağam”.
Altmış altıncı fəsil: Peyğəmbərin (s.a.v) Əbu Talibə heç bir fayda verməməsi.
Abbas ibn Əbd əl-Muttalibin (r.a) Peyğəmbərdən (s.a.v) belə soruşduğu rəvayət olunur: “Ey Allahın Elçisi, Əbu Talib səni qoruyardı, sənə görə qəzəblənərdi, ona nəsə bir fayda verə bildinmi?” O belə cavab verdi: “Bəli, o cəhhənəmin ən yuxarı yerindədir, əgər mən olmasaydım, onda Cəhənnəmin ən dibində olardı.”
Abdullah ibn Abbas (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Cəhənnəm əhlindən ən yüngül əzab verilən Əbu Talibdir. Ona oddan çarığlar geydiriləcək ki, onun istisindən beyni qaynayacaq.”
—————-
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə
nəşrə razılıq verilmişdir