featured-image-3611

Əbu Musa (r.a) rəvayət etmişdir ki, Peyğəmbərin (s.a.v) yanına maddi yardım istəyən və ya hər hansı ehtiyacı olan biri gəldikdə buyurardı: “Vasitəçilik (şəfaət) edib savab qazanın və Allah da Peyğəmbərinin dili ilə istədiyini əmr etsin.” Buxari və Müslim.
( Buxari: “Zəkat” ? 1365; Müslim: “Xeyirxahlıq, qohumluq əlaqələri və ədəb” ? 2627; Əbu Davud: “Ədəb” ? 5131; Əhməd: 4/400.)
ŞƏRH
Bu hədis böyük bir əsası və əzəmətli faydanı özündə ehtiva etmişdir. Bu da insanın xeyir işlərdə çalışmasından ibarətdir. İstər bu işlərdən güdülən hədəflər və nəticələr bar versin və ya onların bir hissəsi həyata keçsin, istərsə də onlardan heç nə tamamlanmasın. Misal olaraq hökmdarların və başçıların yanında ehtiyac sahibləri üçün vasitəçilik etməyi demək olar. Əksər insanlar vasitəçiliyin qəbul ediləcəyini dəqiq bilmədikdə vasitəçilikdən imtina edirlər. Bu halda o, Allahdan ona gələn xeyiri və müsəlman qardaşına yaxşılıq etməyi itirir. Buna görə də Peyğəmbər  əshabələrinə ehtiyaclı insanlara vasitəçilik etməklə onlara köməklik göstərməyi əmr etmişdir. Bununla Allah qatındakı mükafatlarını tezləşdirmiş olarlar. Peyğəmbər (s.a.v) buyurur: “Vasitəçilik (şəfaət) edib savab qazanın…” Yaxşı vasitəçilik Allaha sevimli və əzizdir. Uca Allah buyurur: “Yaxşı işə vasitəçi olana (onun savabından), pis işə vasitəçi olana (onun günahından) bir pay düşür. Əlbəttə, Allah hər şeyə qadirdir. (Hər şeyin əvəzini verəndir).” (Nisə, 85). Hal-hazırkı savabını almağa tələsməyi ilə yanaşı o, qardaşına yaxşılıq etməyin və onunla xoş davranmağın da intizarındadır. Bununla da onun işinə qatılmış olur.
Həmçinin ola bilər ki, onun vasitəçiliyi muradına tam və ya müəyyən qədər yetişməyə səbəb olsun. Adətən belə də olur. Xeyirxah və yaxşı işlərin baş verib-verməyəcəyindən asılı olmayaraq onların icrasına səy göstərmək tezləşdirilən xeyir, nəfsin xeyir işlərə öyrəşdirilməsi, gerçəkləşən və ya qəbul olunması zənn edilən vasitəçiliyin icrasının başlanğıcdır.
Hədisin daşıdığı faydalar aşağıdakılardır:
• Ümidsizliyi yox edən hər bir işə səy göstərmək lazımdır. Həqiqətən istəmək və səy göstərmək, məqsədə çatmaq üçün lazım olan ümid və arzunun başlanğıcıdır. Onların əksi də əks nəticə verir.
• Hədisdə insanları xeyirli işlər görməyə rəğbətlən¬dir-mək vurğulanır.
• Əmr sahibinin hər vasitəçiliyi qəbul etməsi vacib deyil. Yalnız vacib hüququn öz sahibinə çatdırılması müstəsnadır. Çünki vacib hüququn vasitəçilik olmadan öz sahibinə çatdırılması zəruridir. Belə hüquq vasitəçiliklə birgə tələb olunduqda daha zəruri olur.
• Hədisdə həmçinin Peyğəmbərin (s.a.v) mərhəmətinə işarə edilir. Çünki o (s.a.v), hər bir yolla ümmətinin xeyrə yetişməsinə çalışmışdır. Bu, qəlbləri birləşdirmək istiqamətində atılan minlərlə addımdan biridir. O, Peyğəmbərin (s.a.v) kamil mərhəmətinə və yaradılanların hallarına acımasına dəlalət edir. Çünki həqiqətən də ümmət bütün xeyirləri, ümumi və xüsusi mənafeləri yalnız onun vasitəsilə əldə etmişdir. Peyğəmbər (s.a.v) onlara şər işləri dəf etməyin, ümumi və xüsusi zərərlərdən qorunmağın bütün yollarını bildirmişdir. O, təbliğ etmiş, əmanəti çatdırmış, ümmətə nəsihət vermişdir. Allahın salavatı, salamı və bərəkəti onun, ailəsinin və əshabələrinin üzərinə olsun.
Peyğəmbərin (s.a.v) “Allah da Peyğəmbərinin dili ilə istədiyini əmr etsin” sözlərinə gəlincə, Allahın əmri iki növ olur: Qədər əmri. Bura xeyir, şər, itaətlər, asiliklər və bütün baş vermiş və hələ baş verəcək hadisələr daxildir. İkinci növ dini əmrlərdir və bu növ, qədər əmrinin daha məxsusi növü sayılır. Buraya Allahın sevdikləri və razı qaldıqları daxildir. Peyğəmbərin  dili ilə verilən əmrlər ikinci qisimdən sayılır. Çünki Peyğəmbər (s.a.v) həm qul, həm də elçi idi. O (s.a.v), übudiyyət məqamına yüksəlmiş və risalət mərtəbələrini kamilləşdirmişdir. Onun sözləri, hərəkətləri, qoyduğu yolu və əxlaqı Allahın sevdiyi işlərə bağlılığı olan übudiyyətdir. Peyğəmbərin (s.a.v) mübah işlərində savabı olmayan əməl yoxdur. O ki, qaldı əmr edilənlərdə olmasın?! Hökmdar elçi və ya qul elçi olmaq seçimi qarşısında qul elçi olmağı ixtiyar edən Peyğəmbərin (s.a.v) seçdiyi mərtəbə ən yüksək mərtəbədir.

————–
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı