featured-image-3575

Biz Ona həmd edir, Ondan yardım və günahlarımızın bağışlamasını diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq.
Allahın doğru yola yönəltdiyi kimsəni azdıran, azdırdığı kimsəni isə doğru yola yönəldən tapılmaz.
Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur. Mən şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir

Həqiqətən ən doğru kəlam Allahın kitabı, ən doğru yol isə Məhəmmədin (s.a.v) yoludur. Ən şər işlər dinə əlavə olunan yeniliklərdir. Dinə əlavə olunan hər bir yenilik isə bidət, hər bidət də zəlalətdir. Zəlalətin sonu isə oddur.(Bu, Peyğəmbərin (s.a.v) “Xütbətül hacə” (ehtiyac xütbəsi) adlı xütbəsidir. O, xütbələrini, dərslərini və moizələrini bu sözlərlə başlayardı. Bu xütbə haqda böyük alim şeyx Albanin çox faydalı bir araşdırması var, oxumaq faydalı olardı. (Xütbənin “xütbətul hacə” yəni/ ehtiyac xütbəsi adı ilə adlandırılması/ hər danışıqdan öncə bu sözlərə ehtiyac duyulmasına görədir. tərc.)
Mən bu mövzuda yazmaq fikrinə düşdükdə çox tərəddüd edirdim. Səbəb isə bu haqda öz yazılarına bəzən həqiqəti, əksər hallarda isə batil fikirləri qarışdıran yazarların sayının çoxalmasıdır. Heç şübhəsiz, üzərindən çox vaxt keçməsinə baxmayaraq bu mövzu çox aktual mövzulardandır. Biz o zamanlar yaşayan, səmadakı əzəmətli ulduzlara bənzəyən səhabələrə olan sevgimizə görə bu mövzunu qəlbimizdə yaşadırıq.
Haqq söz hər zaman örnək olduğu üçün və bizim boynumuzda həmin insanların haqqı olduğundan onların bəzi haqlarını ödəmək lazımdır. Onlara olan münasibət adi insanlara olan münasibətdən fərqlidir. Onları elm və əməl yarışlarında ötən olmamış və heç onlara çatan da olmayacaqdır. Bu insanlarla Allah Öz dinini ucaltmış və yaymışdır. Biz Məhəmməd Peyğəmbərin (s.a.v) səhabələrini belə tərifləsək də onların günahsız (məsum) olduqlarını etiqad etmirik. Günahsız (məsum) yalnız Allahın elçiləri və mələkləridir.

Bəzi səhabələr Peyğəmbərin (s.a.v) həm sağlığında, həm də ölümündən sonra bəzi xətalar etmişdir. Lakin bu xətalar etdikləri savab işlər qarşısında, dağlarda qum dənəsinə, dəniz sularında bir damlaya bənzəyir.

Heç şübhəsiz tarix olduqca mühüm məsələdir. Belə ki, tarix millətlərin təməl prinsipini təşkil edir, onlarin yaşam tərzini, o cümlədən bu gününü və sabahını formalaşdırır. Öz keçmişinə bağlanan və ondan bu günü üçün ibrət dərsi alıb özünə layiqli gələcək təmin edən hər bir dövlət qüvvətli olar. Ona görə də İslam ümməti başqalarından qat-qat əvvəl öz tarixindən ibrət almalı və onunla qürur hissi duymalıdır. Çünki İslam tarixində əldə edilən qələbələr, şanlı zəfərlər və nümayiş etdirilən qəhramanlıq salnamələri digər xalqların tarixində o qədər də müşahidə olunmur. Lakin biz dinimizdə zəif olduqda Allah da bizim üzərimizdə donuz və meymunların vərəsələrini hakim edər. Güc və qüvvət yalnız Uca və Əzəmətli Allaha məxsusdur.

Alçaltmaq xoş olar alçaq adama,
Zərbə heç olar cansız cəsədə

(əl-Mutənəbbinin divanından. Səh 164.)

Ona görə də belə zəiflik anında ümmətimizin nurlu və izzətli keçmişinə nəzər salmalıyıq. Bu, özümüzə qiymət vermək və vəziyyətimizi dərindən anlamaq, o cümlədən gələcək addımlarımızda ehtiyatlı olmaq üçün zəruridir. Buna isə təhrif olunmuş tarixə deyil, səhih (düzgün) tariximizə müraciət etməklə nail ola bilərik.
Əgər biz öz tariximizə diqqətlə nəzər salsaq ən parlaq vaxtlarının Muhəmməd peyğəmbərin (s.a.v) və səhabələrinin (Allah onlardan razı olsun,Səhabə, yaxud əshabə Peyğəmbərin (s.a.v) sağlığında ona iman gətirib imanı ilə dünyasını dəyişən kimsədir. ) yaşadıqları vaxtlar olduğunu görərik. Boynunda nurlu İslam dininin təbliğini daşıyan bu zümrə, peyğəmbərlərdən (Onlara Allahın salamı olsun!) sonra ən şərəfli insanlardır. İslam ümmətinin tarixində bir çox təfriqələr səbəbi ilə xoşagəlməz mənzərələr yaranmışdır. Yetişən hər bir firqə özünü göstərmək, digər firqələri isə alçaltmaq məqsədi ilə bir-birilərinə qarşı çox mənfi davranmışlar. Bunun nəticəsində görkəmli şəxsiyyətlərin tarixində boşluqlar yaranmışdır.

İslam ümmətindən bəziləri Həzrət Əlini (Allah ondan razi olsun) elə dərəcədə sevmişlər ki, bu sevgi onların bütün işlərini korlamışdır. Hətta Əlinin adından doğru olmayan yalnış məlumatlar da yaymışlar. Məqsədləri, Əlinin ( Allah ondan razi olsun) adından istifadə etməklə digər tayfaları alçaltmaq, onların Əliyə t və onun tərəfdarlarına düşmən olduqlarını qələmə vermək və onları zalım kimi təqdim etmək olmuşdur. Bu azmış kimi həmin sevgi onları Həzrət Əlinin (Allah ondan razi olsun) övladlarının vəhylə xəbər verilmiş imamlar (İmam lüğəti mənada rəhbər, başçı deməkdir. Bəzi təriqətlərə görə Peyğəmbərin (s.a.v) nəslindən olan seçilmiş müəyyən insanlardır. Onlara görə bu imamlar məsumdurlar və onların təyinatı ilahi vəhylə həyata keçmişdir.) olduqlarını iddia etməyə sürükləmiş, imamların peyğəmbərlər kimi məsum (gunahsız) olduqlarını və daha dəhşətli xüsüsiyyətləri söyləməyə sövq etmişdir(Biharul Ənvar (23,27 — ci cild) və digər kitablarda bu kimi ifrat fikirlərə rast gəlmək olar.)

Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: “Bir qrup məni sevib cəhənnəmə daxil olar, digəri isə mənə nifrət edib cəhənnəmə daxil ola bilər.”
( İbn Əbu Asim “əs-Sunnə” kitabı ?983. Şeyx Albani demişdir: “Rəvayətin sənədi Buxari və Muslimin şərtinə uyğun olaraq səhihdir.”; Nəhcul Bəlağə: 4/108/?469; Muhəmməd ibn Süleyman əl-Kufinin “Mənaqib əl-İmam Əmirəl Muminin” kitabı: 2/283; ət-Tusinin “əl-Əmali” kitabı, səh.256.)

Başqa rəvayətdə isə onun belə dediyi nəql olunur: “İki qism insan mənə görə həlak ola bilər: Mənə olan sevgisində və nifrətində ifrata varan.”
(İbn Əbu Asim “əs-Sunnə” kitabı ?984. Şeyx Albani sənədinin həsən olduğunu demişdir.)

Doğru rəyə görə, bu ifrat düşüncələr və iddialar hicrətin üçüncü əsrinin ortalarından sonra irəli sürülmüşür.

Bu həqiqəti isbat edən bir çox sübutlar vardır:

Tarix və səhabələr haqqında nəql olunan doğru məlumatlara baxdıqda, Həzərti Əli ilə böyük səhabələr arasında iddia olunan nifrətin əsla baş vermədiyini görürük. Əksinə rəvayətlərdə onların bir-birinə dərin hörməti və sevgisi görünür. Bu həqiqətləri görən hər bir insaf sahibi, iddia olunan nifrət və düşmənçilik xəbərlərinin yalan olduğunu tam yəqinliklə söyləyə bilər.

Həmin parlaq nümunələrdən aşağıdakıları qeyd etmək olar:

Üç raşidi xəlifə: Əbu Bəkr, Ömər və Osman, Əlinin Fatimə (Allah onlardan razi olsun ) ilə ailə qurması üçün çalışırdılar.
Əli (Allah ondan razi olsun ) deyir: “Əbu Bəkr və Ömər yanıma gəlib dedilər: “Peyğəmbərin (s.a.v) yanına gedib Fatiməni ondan istəsəydin yaxşı olardı.”
(ət-Tusi “əl-Əmali” səh.39; Bihərul Ənvar: 43/93.)

Digər rəvayətdə Əli (Allah ondan razi olsun ) deyir: “Peyğəmbər (s.a.v) mənə dedi: “İndi isə ged zirehini sat və əldə etdiyin məbləği gətir ki, həm sənin, həm də Fatimənin gərəkli (toy) işlərini yoluna qoyum.”
Əli deyir: “Mən zirehimi dörd yüz dirhəmə Osmana satdım. Mən dirhəmləri ondan götürdüm. O isə zirehi məndən götürəndə, dedi: ”Mən bu zirehi, sən isə bu dirhəmləri götürməyə daha haqlı deyilsənmi?”
Mən dedim: “Bəli.”
Osman (Allah ondan raz; olsun) dedi: “Zireh, məndən sənə hədiyyədi.”
Həzrəti Əli deyir: “Mən zirehi və dirhəmləri götürüb Peyğəmbərin (s.a.v) yanına gəldim və ona təqdim etdim. Osmanın etdiyi barədə də ona məlumat verdim. O, onun üçün xeyirlə dua etdi. Peyğəmbər (s.a.v) dirhəmlərdən bir ovuc götürüb Əbu Bəkri (Allah ondan razi olsun ) çağırdı və dedi: “Ey Əbu Bəkr, bu dirhəmlərlə qızım üçün evində lazım olacaq əşyaları al.”
(Kəşful Ğummə: 1/369; Biharul Ənvar: 43/130.)
Ənəs (r.a) deyir ki, Peyğəmbər (s.a.v) mənə dedi: “Get mənim üçün Əbu Bəkri, Öməri, Osmanı, Əlini, Talhanı, Zubeyri və bu sayda ənsardan bir neçə nəfəri çağır.” Mən gedib onları çağırdım. Hamı məclisə toplaşanda, o, dedi: “Mən sizi şahid tuturam ki, Fatiməni dörd yüz misqal gümüşlə Əli ilə evləndirirəm( Kəşful Ğummə: 1/358; Biharul Ənvar: 43/119).”
Əli (Allah ondan razı olsun) Fatimədən )Allah ondan razı olsun) dünyaya gəlmiş qızı Ummu Gülsümü Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) ilə evləndirir.
( Furu əl-Kafi, Nikah kitabı, Ummu Gulsumun evlənməsi: 5/346; Furu əl-Kafi, Talaq kitabı, əri ölmüş qadın haqqında fəsil: 6/121; Beyhəqi “əs-Sünən əl-Kubra” 7/63; Əbdürrəzzaq “əl-Musənnəf” 6/163.)

Əli (Allah ondan razı olsun ) övladlarına Allah üçün sevdiyi qardaşlarının: Əbu Bəkrin, Ömərin və Osmanın — adlarını verirdi. (İbn Ənbənin “Umdətu-t-Talib”, Səm`aninin “əl-Ənsab” kitabına baxa bilərsiniz.)

Əli (Allah ondan razı olsun) həmçinin onları tərifləyər və deyərdi: “Mən Peyğəmbərin (s.a.v) əshabələrini görmüşəm. Amma sizin aranızda heç kəsin onlara bənzədiyini görmürəm. Onlar gecələrini səcdədə və qiyamda keçirdikləri üçün səhər oyananda saçları pirtlaşıq, üst-başları toz-torpaq olardı. Axirət haqqında eşidəndə, sanki közün üstündə dayanırdılar. Allahı onlara xatırlatdıqda gözləri axar, şiddətli küləyin təsirindən əsən ağac kimi əsərdilər.”
( Nəhcul Bəlağə, xütbə ?97. Biz “Nəhcul Bəlağə” adlı kitabın Həzəti Əliyə aid olmasını olmasını doğru hesab etmirik. Oradan gətirdiyimiz sitatlar sadəcə olaraq qarşı tərəfin iddialarına öz kitablarından cavab vermək üçündür. Həzrəti Əhli Sünnə kitablarında Əlinin səhabələr haqqında tərifləri, xoş sözləri olduqca çoxdur.)

Həzrəti Əlinin Əbu Bəkr, Ömər və Osman (Allah onların hamısından razı olsun ) adlı övladları var idi. Onlar, “Taff” döyüşündə Hüseyn (Allah ondan razı olsun ) ilə birlikdə qətlə yetirilmişdilər
Biharul Ənvar: 42/74; Əş-Şəcərətu-z-Zəkiyyə fil Ənsab: səh. 413.)

Mən əvvəldə qeyd etdiyim kimi bu mövzuda yazmağa tərəddüd edirdim. Sonra isə bunun məqsədəuyğun olduğuna qərar verib Allahın köməkliyi ilə bacardığım məlumatları elm adamları ilə məsləhətləşdikdən sonra bu kitabda topladım. Haqq olanlar Allahdan, yanlışlıqlar isə nəfsimdən və şeytandandır. Bu kitabda uzun tariximizin ən əhəmiyyətli saydığım bir zaman kəsiyindən söhbət açacağam. Haqqında danışdığımız zaman kəsiyi, Peyğəmbərin (s.a.v) vəfatından hicrətin 61-ci ilinə qədər olan dövrü əhatə edir

————-
Tarixi Hadisələrin Təhlili Kitabı
Şəriət Elmləri Doktoru
Osman Xəmis
Tərcümə etdi
Abdurrəhim Muradlı

Tarixi Hadisələrin Təhlili Kitabı, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin DK235B saylı məktubu əsasında nəşr edilmişdir.

Bənzər Məqalələr

featured-image-2880

Xutbətul-Hacə
Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
(daha&helliip;)

Bənzər Məqalələr